Berlin əyalət hökuməti şantaj proqramı qrupunun yaydığı oğurlanmış məlumatların miqyasını və təsirini araşdırır. Kibertəhlükəsizlik hücumu şəhərin iki dövlət qurumunu hədəfə alıb və məlumatların yayılması şəhər əyalətində seçkilərə iki həftə qalmış baş verib.
ArabAZ xəbər verir ki, Berlin əyalət hökuməti şənbə günü bildirib ki, şantaj proqramı qrupu tərəfindən yayılan böyük həcmli oğurlanmış məlumatlar ən yüksək səviyyədə araşdırılır.
Məlumatların yayılması cümə günü baş verib. Bu addımdan əvvəl “Rhisida” qrupu 5,79 terabayt həcmində məlumatı 30 bitkoin başlanğıc qiyməti ilə hərraca çıxarmışdı.
Berlin hökuməti daha əvvəl şantaj tələblərinə tabe olmayacağını açıqlamışdı.
Yayılan məlumatların araşdırılması, yoxlanılması və təsirinin qiymətləndirilməsi üçün xüsusi böhran qrupu yaradılıb. Qrup həmçinin məlumat sızmasından zərər çəkə biləcək vətəndaşların və şirkətlərin məlumatlandırılmasına dəstək verəcək.
Berlin hakimiyyəti haker hücumunu “son dərəcə ciddi cinayət” və əyalətin özünə qarşı hücum kimi qiymətləndirib.
Hakimiyyət orqanları ictimaiyyəti sosial şəbəkələrdə təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.
Məlumat sızmasından zərər çəkən şəxslərin Almaniya və Avropanın məlumatların qorunması qaydalarına uyğun olaraq aidiyyəti qurumlar tərəfindən məlumatlandırılacağı bildirilib.