Suriya Prezidenti Əhməd əş-Şaraa Almaniya şirkətlərinin nümayəndə heyəti ilə görüşdə ölkənin investisiya və yenidənqurma layihələrinə hazır olduğunu bildirib.
Bu barədə ArabAZ məlumat verir.
Dəməşqdə keçirilən görüşdə əş-Şaraa bildirib ki, Suriya qarşılıqlı etimadın formalaşdırılması mərhələsini geridə qoyub və iqtisadi əlaqələri konkret investisiya layihələrinə çevirməyin vaxtı çatıb.
Prezident qeyd edib ki, son iki il ərzində ölkənin yenidən qurulmasına mane olan problemlərin aradan qaldırılması istiqamətində iş aparılıb. O, Almaniya şirkətlərini Suriyanın müxtəlif sektorlarında mövcud investisiya imkanlarından yararlanmağa çağırıb.
Görüşdə Almaniya şirkətlərinin rəhbərləri, Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dövlət katibi Nils Annen və Suriya-Almaniya Biznes Şurasının üzvləri iştirak ediblər.
Suriya xarici işlər naziri Əsəd Həsən əş-Şeybani isə ölkələr arasında münasibətlərin siyasi və təhlükəsizlik əməkdaşlığından daha geniş iqtisadi tərəfdaşlığa keçməsinin vacibliyini vurğulayıb.
Almaniya nümayəndə heyəti ölkədə Almaniyanın inkişaf qurumlarının fəaliyyətini bərpa etməsini ikitərəfli əlaqələrin yenidən qurulması istiqamətində mühüm addım kimi qiymətləndirib.