Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sıfır və ya aşağı faizli gəlir vergisi, qlobal ticarət qovşağı statusu və investorlar üçün təqdim etdiyi hüquqi stabillik sayəsində beynəlxalq sahibkarların əsas hədəflərindən biridir. Lakin bir çox xarici iş adamı prosesin ən kritik mərhələsini - bank sektorunun sərt tənzimləmə mexanizmlərini nəzərə almadan addım atır.
"Biznesetup Marketing Management L.L.C" şirkətinin təsisçisi Şahmar Kərimov "ArabAZ"a müsahibəsində bildirib ki, dövlət reyestrindən kommersiya lisenziyasının (Trade License) əldə olunması biznesin işə düşməsi anlamına gəlmir. Sahibkarlar arasında geniş yayılan "əvvəlcə hüquqi ünvanı və şirkəti qeydiyyata alaq, bank hesabı necəsə açılar" yanaşması layihənin daha başlanğıcda dalana dirənməsinə gətirib çıxarır.
Mütəxəssisin sözlərinə görə, BƏƏ qanunvericiliyi və maliyyə arxitekturası vahid zəncir üzərində qurulub: korporativ bank hesabı, rezident vizası və Emirates ID (vahid şəxsiyyət vəsiqəsi) olmadan şirkət hüquqi baxımdan mövcud görünsə də, kommersiya baxımından tam fəaliyyətsiz vəziyyətə düşür.
Uyğunluq (compliance) yoxlamaları və FATF tələbləri
BƏƏ-nin beynəlxalq maliyyə şəffaflığı standartlarına və Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə (AML/CFT) tələblərinə tam uyğunlaşması yerli bankların korporativ müştərilərə yanaşmasını kökündən dəyişib.
Şahmar Kərimov vurğulayır ki, təsisçilərin rezidentlik statusu olmadığı təqdirdə banklar müraciətlərə yüksək risk qrupu kimi yanaşır:
Şirkətin son benefisiar sahibinin (UBO) fəaliyyəti, vəsaitlərin mənşəyi və biznes planı daha dərin audit olunur;
Şirkətin fiziki ofisinin (və ya real fəaliyyət məkanının) mövcudluğu tələb olunur, sadəcə hüquqi ünvan kifayət etmir;
Hesabın açılması aylarla ləngiyir, bu müddətdə isə tərəfdaşlarla müqavilələr təxirə düşür, logistika zənciri qırılır və ilkin kapital tələf olur.
Sonradan şirkət strukturunu bankın tələblərinə uyğunlaşdırmaq - nizamnaməni dəyişmək, yerli qeydiyyatları yeniləmək və ya hüquqi formanı tənzimləmək - sahibkara ilk gündən düzgün addım atmaqdan qat-qat baha başa gəlir.
Əsas prioritetlər: Nağd pul axını kağız üzərindəki qeydiyyatdan üstündür
BƏƏ bazarına daxil olmağı planlaşdıran investorlar üçün əsas fəaliyyət ardıcıllığı belə formalaşmalıdır:
Şirkətin fəaliyyət növünə (Mainland, Free Zone və ya Offshore) uyğun dəqiq hüquqi modelin seçilməsi;
İdarəedici heyət və əsas təsisçilər üçün sürətli rezident vizalarının və "Emirates ID" kartlarının rəsmiləşdirilməsi;
Şəffaf vergi sənədləşməsi və real kommersiya planı ilə tam funksional korporativ bank hesabının açılması.
"Biznesi ayaqda saxlayan çərçivəyə salınmış lisenziya kağızı deyil, tənzimlənən və maneəsiz hərəkət edən nağd pul axınıdır. Pul qəbul edə və ya təchizatçıya ödəniş göndərə bilmirsinizsə, bazarda mövcud deyilsiniz", – deyən Ş.Kərimov Dubayda dayanıqlı və qanuni biznes formalaşdırmaq istəyən investorlara bu yolu peşəkar konsultasiya ilə getməyi tövsiyə edir.