Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda beynəlxalq dəniz yollarında sabitliyin və sərbəst gəmiçiliyin qorunmasına çağırıb. O, regional böhranların dünya iqtisadiyyatına, ticarətə, enerji axınlarına və təchizat zəncirlərinə mənfi təsir göstərdiyini bildirib.
ArabAZ xəbər verir ki, Əbdülfəttah əs-Sisi Yeni Dehlidə keçirilən BRICS Sammitində çıxışı zamanı regiondakı proseslərin təhlükəsizlik və inkişaf arasında sıx əlaqənin olduğunu bir daha göstərdiyini vurğulayıb.
“Yaxın Şərqdəki hazırkı hadisələr və onların dünya iqtisadiyyatına, ticarət və enerji axınlarına, eləcə də təchizat zəncirlərinə mənfi təsirləri təhlükəsizliklə inkişaf arasındakı sıx əlaqəni təsdiqləyir”, – Misir Prezidenti bildirib.
Əs-Sisinin sözlərinə görə, Misir strateji coğrafi mövqeyini və dünya ticarətində oynadığı mühüm rolu nəzərə alaraq beynəlxalq gəmiçiliyin sabitliyinin və azadlığının qorunmasına xüsusi əhəmiyyət verir.
Bu, Misir Prezidentinin son 24 saat ərzində beynəlxalq dəniz yollarının təhlükəsizliyi ilə bağlı ikinci açıq çağırışıdır. Əs-Sisi cümə günü BRICS Sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də regionun üzləşdiyi böhranlar fonunda sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.
ABŞ-İran müharibəsinin nəticələri fonunda Hörmüz boğazında gəmiçilikdə ciddi problemlər davam edir. Eyni zamanda İranın dəstəklədiyi husilərin Bab əl-Məndəb boğazı istiqamətində irəliləməsi Qırmızı dənizdə gəmiçilik və Misirin Süveyş kanalının fəaliyyəti ilə bağlı narahatlıqları artırıb.
Hörmüz və Bab əl-Məndəb kimi strateji dəniz keçidlərində yaranan gərginlik Misir üçün xüsusi əhəmiyyət daşıyır. Qırmızı dənizdə gəmi axınının azalması Süveyş kanalından keçən beynəlxalq ticarətə və bununla bağlı Misirin gəlirlərinə birbaşa təsir göstərə bilər.