Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna davam edən hücumlarının ABŞ-nin himayəsi ilə əldə olunmuş çərçivə razılaşmasının icrasına mane olduğunu bildirib. O, hücumlar nəticəsində dinc sakinlərin öldürülməsini və yaşayış məntəqələrinin dağıdılmasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
ArabAZ xəbər verir ki, Aun bu fikirləri Fransanın ədliyyə naziri Jerald Darmanen ilə Beyrutdakı Bəabda sarayında görüşü zamanı səsləndirib.
Livan prezidenti bildirib ki, ölkəsi İsraillə birbaşa danışıqlara başlayıb və ABŞ-nin himayəsi ilə çərçivə razılaşması imzalayıb, lakin İsrailin davamlı hücumları razılaşmanın icrasına mane olur.
Aun İsrailin dinc sakinləri, qadın və uşaqları hədəfə almasını, kənd və şəhərləri dağıtmasını, evləri yandırmasını və əmlakı məhv etməsini qəbuledilməz adlandırıb.
Onun sözlərinə görə, mart ayında gərginliyin yenidən artmasından bəri 253 uşaq öldürülüb. Aun bu vəziyyət fonunda İsrailin sülh, yoxsa müharibə istədiyini soruşub.
Livan prezidenti ölkəsinin cənubda fəaliyyət göstərən Birləşmiş Millətlər Təşkilatının müvəqqəti qüvvələrinin mandatının yenilənməsini dəstəklədiyini bildirib.
Aun Fransa və İtaliyanın həmin qüvvələrin mümkün çıxışından sonra bölgədə yaranacaq boşluğu doldurmaq üçün Avropa qüvvələrinin yaradılması təşəbbüsünü də alqışlayıb.
O, gələn həftə Parisə səfər edərək Fransa Prezidenti Emmanuel Makronla Livan ordusu və daxili təhlükəsizlik qüvvələrinə dəstək məqsədilə keçiriləcək beynəlxalq konfransın hazırlıq toplantısında iştirak edəcəyini açıqlayıb.