BAKI,VOA Orxan Qədirzadə
Hindistanın Qərbi Benqal ştatında keçirilən seçkilərin nəticələrindən sonra baş verən siyasi toqquşmalarda 4 nəfər həyatını itirib.
VOA xəbər verir ki, Hindistan polisi və partiya rəsmilərinin məlumatına görə, qarşıdurmalar ölkənin şərqində yerləşən və 100 milyondan çox əhalisi olan Qərbi Benqal ştatında qeydə alınıb.
Rəsmi nəticələrə əsasən, Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyası (BJP) ştat seçkilərində 294 mandatdan 206-nı qazanaraq ilk dəfə Qərbi Benqalda qalib gəlib.
Uzun illərdir ştatı idarə edən və Modi hökumətinin əsas siyasi rəqibi hesab edilən Mamata Banerjee və onun rəhbərlik etdiyi Trinamool Konqresi (TMC) seçkilərdə məğlub olub.
Seçki nəticələrinin elanından sonra paytaxt Kolkata da daxil olmaqla bir sıra bölgələrdə BJP və TMC tərəfdarları arasında toqquşmalar baş verib.
Partiya rəsmiləri qarşılıqlı ittihamlar səsləndiriblər:
BJP iki tərəfdarının öldürüldüyünü bildirib
TMC isə öz tərəfdarlarından ikisinin “vəhşicəsinə qətlə yetirildiyini” açıqlayıb
Polis yüksək vəzifəli bir məmurunun açıqlamasına istinadən 4 ölüm faktını təsdiqləyib, həmçinin bir polis əməkdaşının ayağından güllə yarası aldığını bildirib.
Hadisələrdən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırma aparılır.