İtaliyanın Baş naziri Corcia Meloni sağçı hökumətinin İkinci Dünya müharibəsindən sonra ölkə tarixində ən uzun müddət hakimiyyətdə qalan kabinet olması münasibətilə Bari şəhərində minlərlə tərəfdarının qatıldığı izdihamlı mitinqlə bayram tədbiri təşkil edir. "Frans Press" (AFP) agentliyinin məlumatına görə, tədbirin keçirildiyi ərazinin yaxınlığında etiraz aksiyaları da planlaşdırılıb.
ArabAZ xəbər verir ki, Meloni 1 413 gün hakimiyyətdə qalmaqla media maqnatı Silvio Berluskoninin rekordunu bir gün qabaqlayaraq bu pilləyə çatan ilk İtaliya Baş naziri olub. Son 80 ildə 68 hökumətin dəyişdiyi və kabinetlərin daxili böhranlar səbəbindən tez-tez süquta uğradığı İtaliyada Meloni hakim koalisiyadakı tərəfdaşlarının üzləşdiyi problemlərə rəğmən sabitliyi qorumağı bacarıb. Təşkilatçıların bildirdiyinə görə, təxminən 80 avtobus melonipərəst fəalları cənubdakı Pulya bölgəsinin mərkəzinə daşıyıb; liman zonasında təşkil olunan 10 min nəfərlik festivala Meloninin ifrat sağçı "İtaliya Qardaşları" partiyası ev sahibliyi edir. Baş nazirin axşam çıxış edəcəyi mitinqə müavinləri Matteo Salvini və Antonio Tayani videoəlaqə vasitəsilə qatılacaq ki, bu da 2027-ci il seçkiləri öncəsi mühüm nümayiş sayılır.
"Ən sabit hökumət, ən güclü İtaliya" şüarı altında keçirilən mərasimdə dörd ilə yaxın müddətdə əldə edilən nəticələr vurğulanacaq: 1 milyondan çox yeni iş yerinin yaradılması və fiziki şəxslərin gəlir vergisinin 21 milyard avro (24 milyard dollar) həcmində azaldılması. Ağır borc yükü altında olan İtaliyada maliyyə sabitliyi nəzərəçarpacaq dərəcədə yaxşılaşsa da, tənqidçilər bunun real iqtisadi artıma çevrilmədiyini iddia edirlər. Beynəlxalq aləmdə Romanın nüfuzunun artdığını bildirən Meloni, ABŞ Prezidenti Donald Trampı Roma Papasına hücumlarına görə tənqid etməsindən sonra onunla dostluğunun pozulduğunu da gizlətmir.
"Liqa" və "İrəli İtaliya" partiyaları ilə qurulan koalisiya dövründə xırda xuliqanlıqdan tutmuş səs-küylü əyləncə məclislərinə və iqlim fəallarına qədər yönəlmiş 300-ə yaxın qanun və fərman qəbul edilib. Qeyri-qanuni miqrasiya ilə mübarizə vədi ilə 2022-ci ildə hakimiyyətə gələn partiya ölkəyə gələn mühacirlərin sayını 80 faiz azaltdığını bəyan edir. Paralel olaraq şəhərin tarixi mərkəzinə toplaşan müxalif qüvvələr hökuməti "polis dövləti" və "müharibə-silah iqtisadiyyatı" qurmaqda, miqrantlara qarşı nifrət yaymaqda günahlandırırlar. Yaranmış gərgin siyasi mühit isə bayrama dəvət edilməyən, Melonidən daha radikal sağçı mövqedə dayanan və reytinqlərdə həm "Liqa"nı, həm də "İrəli İtaliya"nı qabaqlayan sabiq generalın nüfuzunun artmasına səbəb olub.