6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

Müəllif yaradılan saxta gündəmin əslində kimlərin maraqlarına xidmət etdiyini sual altına alır.

11 May 2026 16:52
Avropada Azərbaycana münasibətdə formalaşan iki yanaşma ilə bağlı təhlil dərc edilib

BAKI,VOA

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Avropa Azərbaycana münasibətdə fərqli yanaşmalar sərgiləyir” sərlövhəli məqaləsi “Commonspace” nəşri tərəfindən dərc edilib. (https://www.commonspace.eu/index.php/node/13899 )

Məqalədə Avropa İttifaqının qanunverici və icraedici qurumları tərəfindən Azərbaycana münasibətdə köklü şəkildə fərqlənən yanaşma və siyasətlərə diqqət yetirilir. Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətinin artdığı bir dövrdə qurumun qanunverici qolu tərəfindən həm Cənubi Qafqazdakı sülh prosesinə, həm də ümumilikdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı müsbət gündəliyə mənfi təsir göstərə biləcək məqamlar təhlil edilir.

Müəllif yaradılan saxta gündəmin əslində kimlərin maraqlarına xidmət etdiyini sual altına alır.

Məqalənin Azərbaycan dilindəki mətnini diqqətinizə çatdırırıq:

“2026-cı ilin yazı Avropa İttifaqının xarici siyasətində ən qəribə paralel mənzərələrdən birini ortaya çıxardı. Aprelin 30-da Avropa Parlamenti “Ermənistanda demokratik dayanıqlılığın dəstəklənməsi” adlı sənəd çərçivəsində Azərbaycana qarşı növbəti sərt tənqidi qətnaməni qəbul etdi. Bundan cəmi 48 saat sonra isə Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlığın dayandırıldığını elan edib, Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsindən geri çəkilib və Avronest Parlament Assambleyasını tərk etmək üçün prosedurlara başlayıb. Prezident İlham Əliyevin bildirdiyinə görə, 2021-ci ilin may ayından etibarən, Azərbaycana qarşı artıq 14-cü belə qətnamə qəbul edilib və dövlət başçısı bunu “bir növ obsessiya” kimi xarakterizə edib.

Bununla belə, həmin həftələrdə Bakıda Avropanın tamamilə fərqli siyasət xətti də müşahidə olunurdu. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycana səfər edərək ölkəni “Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaş” adlandırıb və enerji sahəsindən kənara çıxaraq təhlükəsizlik, müdafiə, rəqəmsal inkişaf və nəqliyyat istiqamətlərini də əhatə edəcək yeni çərçivə sazişi üzərində iş aparıldığını bildirib.

Aprelin 21-23-də Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfər etmiş, yeni əməkdaşlıq sənədləri imzalanıb və Latviya-Azərbaycan strateji tərəfdaşlığını bir daha təsdiqləyib.

Aprelin 26-28-də Çexiyanın Baş naziri Andrey Babiş hazırkı səlahiyyət müddəti ərzində Avropa İttifaqından kənara ilk xarici səfərini Azərbaycana edib və səfər zamanı tərəflər Çexiyanın hər il təxminən 2 milyard kubmetr Azərbaycan qazı almasını nəzərdə tutan razılaşma üzərində ilkin anlaşma əldə ediblər.

Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə Cənubi Qafqaza ilk səfəri çərçivəsində Qəbələyə gəlib, altı ikitərəfli saziş imzalayıb. Daha sonra isə Rusiya və ABŞ ilə üçtərəfli danışıqlar üçün Azərbaycanı məkan kimi təklif etdi.

Mayın 4-də İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycan qazı və neftinin İtaliyanın enerji təhlükəsizliyi üçün “həlledici əhəmiyyət” daşıdığını bəyan edib və iki ölkə hökumətləri arasında “daimi siyasi koordinasiya”nın qurulduğunu elan edib.

Növbəti gün Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Bakıya səfər edərək özünün “daha strukturlaşdırılmış tərəfdaşlıq” kimi xarakterizə etdiyi əməkdaşlığın inkişaf etdirilməsinə dair danışıqlar aparıb. Kallas Azərbaycanı “dəyərli və etibarlı enerji tərəfdaşı” kimi qiymətləndirib, həmçinin Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinin “ortaq strateji maraq” daşıdığını bildirib.

Bu kontekstdə sual yaranır: Bəs Avropa Parlamenti nə edir?

30 aprel tarixli qətnamədə “Qarabağ ermənilərinin geri qayıtmaq hüququ” tələb olunur, “məhkum olunmuş hərbi cinayətkarların dərhal və qeyd-şərtsiz azad edilməsi” çağırışı edilir və Sovet dövründən qalmış “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunur. Halbuki bu inzibati qurum 1991-ci ilin noyabrında Azərbaycan qanunvericiliyi ilə rəsmi olaraq ləğv edilib.

Bu ifadələrin hər biri birbaşa Azərbaycanın suveren yurisdiksiyasına aid məsələlərə toxunur və hər biri rəsmi Bakı tərəfindən onun daxili işlərinə müdaxilə kimi rədd edilib. Həmin yanaşmalar 2025-ci ilin avqustunda Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən Vaşinqtonda paraflanmış sülh sazişinin mətni ilə də uzlaşmır.

Əksinə, Cənubi Qafqaz, nəhayət, bu mərhələni geridə qoymağa başladığı bir vaxtda sözügedən qətnamə münaqişə dövrü leksikologiyasını yenidən gündəmə gətirməklə, İrəvanda və digər yerlərdə sülh prosesini pozmağa çalışan qüvvələrin mövqelərini gücləndirmək üçün əlavə arqumentlər yarada bilər.

Bu tendensiyanın belə diqqətçəkən olmasının səbəbi onun bütövlükdə Avropa İttifaqının siyasəti olmamasıdır. Bu, Aİ-nin təsisatlarından birinin, mübahisəsiz olaraq, ən az etibarlı olanının mövqeyidir. Qətər qalmaqalından (Qatargate) üç il sonra, Transparency International 2025-ci ilin dekabrında belə nəticəyə gəlib ki, Avropa Parlamenti daxilində “çox az dəyişiklik baş verib” və Avropa Parlamentinin üzvləri (MEPs) etik qaydalar, nəzarət mexanizmləri və xarici təsirlərlə bağlı islahatların həyata keçirilməsinə hələ də “ciddi şəkildə mane olurlar”.

Huawei ilə əlaqəli lobbiçilərin 15-ə qədər hazırkı və sabiq Avropa Parlamenti üzvünə siyasi mövqe qarşılığında pul, smartfon və futbol biletləri paylaması barədə məlumatlar, eləcə də bəzi qrupların Avropa İttifaqı vəsaitlərini sistemli şəkildə mənimsəməsi ilə bağlı hesabatlar isə etimad böhranını daha da dərinləşdirib.

Məhz buna görə də institusional islahatlara dair çağırışlar daha da güclənib, çünki Parlamentin fəaliyyəti çox zaman vətəndaşların prioritetləri ilə və İttifaqın strateji maraqları ilə uzlaşmayan təsir bağışlayır. Öz daxilində etik qaydalara əməl olunmasına etibarlı şəkildə nəzarət edə bilməyən bir institutun Avropanın enerji təminatında mühüm rol oynayan üçüncü bir ölkə haqqında mənəvi qiymətləndirmələr verməsi, əslində, həmin qiymətləndirmələri hazırlayanların istədiyinin əksinə olaraq, onun öz nüfuzuna daha çox zərər vurur.

Bu, Roberta Metsolanın İrəvanda keçirilən sammitdə səsləndirdiyi “biz işləmə tərzimizi heç vaxt dəyişməyəcəyik, hətta bu narahatlıq yaratsa belə” fikrinin toxunmadığı narahat reallıqdır.

Əslində, bu narahatlıq Azərbaycana aid deyil. Avropa Komissiyası, Avropa İttifaqı Şurası və getdikcə artan sayda üzv dövlətlər artıq Bakı ilə əməkdaşlığın strateji zərurət olduğunu qəbul ediblər. Onlar çərçivə sazişləri imzalayır, enerji boru xətlərini genişləndirir və Prezident İlham Əliyevdən Ukrayna ilə bağlı üçtərəfli diplomatik danışıqlara ev sahibliyi etməsini xahiş edirlər.

Bununla paralel olaraq, Avropa Parlamenti isə sanki bütün bu proseslər baş vermirmiş kimi mətnlər hazırlamaqda davam edir.

Cari vəziyyətdə 1992-ci il tarixli ABŞ-nin “Azadlığı müdafiə aktı”na 907-ci düzəlişlə paralellik ibrətamizdir.

Parlamentin bu cür qərarlar qəbul etməsinin legitimliyi müzakirələri ilə üz-üzrə qaldıqda Prezident Metsola qurumun demokratik mandatına istinad edir:Avropa Parlamenti demokratik yolla seçilmiş bir orqandır və onun qətnamələri üzvlərinin iradəsini əks etdirir.

Bu, formal olaraq doğrudur. Lakin demokratik seçki xarici siyasətdə həmişə düzgün və ədalətli qərarların qəbuluna zəmanət vermir.

Eyni qaydada, ABŞ Konqresi də demokratik orqandır. Amma 1992-ci ildə “Azadlığı müdafiə aktı”na 907-ci düzəliş qəbul edilərək Azərbaycan o dövrdə münaqişənin qurbanı olduğu halda ona qarşı sanksiyalar tətbiq olunub. Həmin vaxt Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında idi, insanlar öz yurdlarından məcburi köçkün düşürdü və mülki əhali ağır zorakılıqlara məruz qalırdı. Xüsusilə 1992-ci ilin fevralında baş vermiş Xocalı soyqırımı bu dövrün ən faciəli hadisələrindən biri idi.

Başqa sözlə desək, demokratik seçki Birləşmiş Ştatlar Konqresinin təcavüzü mükafatlandıran və onun qurbanını cəzalandıran bir siyasət qəbul etməsinin qarşısını almadı. Eyni şəkildə, Avropa Parlamentinin demokratik mandatı da onun hər zaman ardıcıl və obyektiv mövqe tutduğunu sübut etmir.

Azərbaycan öz seçimini açıq şəkildə ortaya qoyub: o, Avropa İttifaqı ilə tərəfdaşlığını dərinləşdirəcək və Avropanın enerji təhlükəsizliyinə töhfəsini artıracaq, lakin Avropa Parlamenti selektivliklə prinsipiallığı səhv salmağa davam etdiyi müddətdə bu təsisatla qanuni dialoq tərəfdaşı kimi davranmaqdan imtina edəcək. Bu, Avropa ilə münasibətlərin pozulması deyil. Bu, Cənubi Qafqazda iki Avropanın fəaliyyət göstərdiyinin etirafıdır - birinə Kosta, fon der Lyayen, Kallas, Meloni, Babiş və Rinkeviçs, digərinə isə Strasburq palatası rəhbərlik edir.

Avropa Parlamenti öz qətnamələrini özünün yaratdığı problemlər kimi yox, “narahat həqiqətlər” kimi təqdim etməkdə israr etdikcə, daha aktual bir məsələ ortaya çıxır ki, bu sual artıq daha çox avropalıların özünə aiddir: onun Cənubi Qafqaz siyasəti, dəqiq desək, əslində kimlərin maraqlarına xidmət edir?”

Məqalədə: #Avropa Parlamenti #Kaya Kallas #Ciorcia Meloni #Andrey Babiş #Azərbaycan Avropa münasibətləri #Vasif Hüseynov #Avropa İttifaqı siyasəti #Azərbaycan enerji təhlükəsizliyi #Avropa Parlamenti qətnaməsi

Mövzu üzrə digər xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu
Digər Xəbərlər

Meloni hökuməti İtaliyanın İkinci Dünya müharibəsindən sonrakı ən uzunömürlü kabineti oldu

4 Sentyabr 13:26
Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır
Livan

Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

1 Sentyabr 21:24
Avropa İttifaqı Qəzza ilə bağlı sülh sazişi layihəsini alqışlayıb
Digər Xəbərlər

Avropa İttifaqı Qəzza ilə bağlı sülh sazişi layihəsini alqışlayıb

31 İyul 18:50
Avropa İttifaqı beş iranlı hakimə sanksiya tətbiq edib
Digər Xəbərlər

Avropa İttifaqı beş iranlı hakimə sanksiya tətbiq edib

24 İyul 18:46

Son Xəbərlər

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.