Pakistan Hərbi Hava Qüvvələri (PAF) özünün müasir hərbi texnika və döyüş imkanlarını əks etdirən rəsmi tanıtım videoçarxını yayımlayıb. Təqdim olunan kadrlarda Türkiyənin "ASELSAN" şirkəti tərəfindən istehsal edilən "KORKUT 150/35" özüyeriyən zenit-artilleriya kompleksi (SPAAG) və "ŞAHİN 130/40GL" pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemi (C-UAS) nümayiş olunub.
Pakistan Hərbi Hava Qüvvələrinin rəsmi "YouTube" kanalında paylaşılan bu görüntülər İslamabadın Türkiyədən "KORKUT 150/35" və "ŞAHİN 130/40GL" hava hücumundan müdafiə sistemlərini tədarük etdiyinə dair ən güclü rəsmi işarə hesab olunur. Videoçarxda sözügedən komplekslərin artıq ordu sıralarında rəsmən xidmətə qəbul edilib-edilmədiyi birbaşa bildirilməsə də, təqdimatın konteksti və rəsmi xarakteri tədarük prosesinin artıq yekunlaşmaqda və ya tamamlanmış olduğunu göstərir.
"KORKUT 150/35" kompleksi "KORKUT" ailəsinin baza versiyası olub, Türkiyənin "FNSS" şirkətinin istehsalı olan "ACV AD" tırtıllı zirehli şassisi üzərində qurulub. Dəqiqədə ümumilikdə 1100 atəş tezliyinə malik qoşalaşdırılmış 35 mm-lik avtomatik toplarla təchiz edilmiş bu özüyeriyən zenit kompleksi qanadlı raketləri və pilotsuz uçuş aparatlarını (PUA) effektiv şəkildə məhv etmək üçün "ATOM 35 ABM" hissəciklə parçalanan (hava partlayışlı) ağıllı sursatlardan istifadə edir. Qeyd edək ki, "KORKUT" kompleksi həmçinin 8x8 təkərli zirehli döyüş maşınlarına inteqrasiya olunan "KORKUT 140/35" konfiqurasiyasında da mövcuddur. Eyni zamanda, "ASELSAN" şirkəti hazırda "IDEF2025" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən konfiqurasiyaya bənzər, təkmilləşdirilmiş sensor dəsti ilə təchiz olunacaq "KORKUT 240/250" seriyalı yeni variant üzərində işləyir.
"ŞAHİN 130/40GL" sistemi isə "KORKUT" kimi parçalanan hava partlayışlı ağıllı sursat texnologiyasından faydalanır. Fərq ondadır ki, bu kompleks avtomatik qumbaraatanlar üçün nəzərdə tutulmuş "ATOM 40 ABM" tipli qəlpəli hava partlayışlı sursatlardan istifadə edir. Yedəyə alınan (daşına bilən) platforma kimi qurulan və 40 mm-lik hava partlayışlı qranat atan "ŞAHİN 130/40GL" kritik bazaların və obyektlərin çox yaxın məsafədən (nöqtəvi) qorunması üçün ideal seçim sayılır. Son dövrlərdə "ASELSAN" bu sistemin alternativ variantları kimi qırmasaçan sursatlarla atəş açan 12,7 mm-lik pulemyotla təchiz edilmiş "ŞAHİN DUAL" modelini və "SARP-L" məsafədən idarə olunan silah sistemi bazasında hazırlanmış yüksək yığcam "ŞAHİN LITE" modifikasiyasını da ictimaiyyətə təqdim edib.