Səudiyyə Ərəbistanı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət edərək, terrorçu husi qruplaşmasının Əbha, Xamis-Müşeyt, Cazan və Nəcrandakı mülki və iqtisadi obyektlərə yönəlmiş, qadın və uşaqlar da daxil olmaqla 73 mülki şəxsin yaralanması ilə nəticələnən terrorçu və cinayətkar hücumlarına qarşı aydın və qətiyyətli mövqe tutmağa çağırıb. Krallıq Şuranın beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə öz məsuliyyətini tam şəkildə üzərinə götürməsini tələb edib.
ArabAZ xəbər verir ki, Təhlükəsizlik Şurasının husi yaraqlılarının Səudiyyə Ərəbistanına qarşı hücumlarını müzakirə etmək üçün çağırdığı fövqəladə iclasda çıxış edən Krallığın BMT-dəki daimi nümayəndəsi, səfir Əbdüləziz əl-Vasil TŞ-nin müvafiq qətnamələrinin tam icrasının təmin edilməsinin vacibliyini vurğulayıb. O, terrorçu husi qruplaşmasının bölgənin təhlükəsizliyini və beynəlxalq dəniz marşrutlarını təhdid edən təcavüzkar davranışlarını və hücumlarını davam etdirməsinə şərait yaradan bütün növ dəstəklərin dərhal dayandırılmasını tələb edib.
Doktor Əl-Vasil husilərin gərginliyi artırmasının təhlükələri və bunun regional təhlükəsizlik üçün fəsadları barədə xəbərdarlıq edib. O vurğulayıb ki, bu zərbələr təkcə Krallığın təhlükəsizliyini, vətəndaşlarını və milli sərvətlərini hədəf almır, eyni zamanda Qırmızı dənizdə və Babül-Məndəb boğazında beynəlxalq gəmiçilik və ticarət üçün birbaşa təhdid yaradır.
Səfir BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Krallığın özünü müdafiə etmək, təhlükəsizliyini, suverenliyini, vətəndaşlarını, ölkə ərazisində yaşayan əcnəbiləri və milli sərvətlərini qorumaq üzrə qanuni hüququnu qətiyyətlə bir daha təsdiqləyib.
Əl-Vasil Səudiyyə Ərəbistanının Yəmən Respublikasının birliyini, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa yönəlmiş dəyişməz mövqeyini yeniləyib. O, təhlükəsizliyi və sabitliyi təmin edən, Yəmən xalqının arzularını gerçəkləşdirən və yəmənlilərin öz rəhbərliyi altında aparılan hərtərəfli və davamlı siyasi nizamlanmaya nail olmaq üçün Krallığın dəstəyini davam etdirəcəyini bəyan edib.