Türkiyə Mahmud Abbasa viza verilməməsi ilə bağlı məsləhətləşmələr aparır – Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ-ın Fələstin prezidenti Mahmud Abbasa viza verməməsi ilə bağlı Ankaranın mövqeyini açıqlayıb. Fidan dövlət olaraq alternativ variantlar üzərində işlədiklərini, bu çərçivədə Fələstin rəsmiləri və ərəb ölkələri ilə geniş məsləhətləşmələrin aparıldığını bildirib. Nazir vurğulayıb ki, Türkiyənin Fələstin məsələsindəki mövqeyi dəyişməz olaraq qalır. O, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının bu il xüsusi əhəmiyyət daşıdığını qeyd edib və izlas çərçivəsində Fələstin mövzusunda konfrans təşkil ediləcəyini xatırladaraq, bu tədbirin vacibliyinə diqqət çəkib.
Aİ ABŞ tərəfindən fələstinli rəsmilərə viza qadağasının tətbiq edilməsini qınayıb
Avropa İttifaqı (Aİ) ABŞ-ı fələstinli rəsmilərə tətbiq edilən viza qadağasını ləğv etməyə çağırıb. Bu barədə Avropa Komissiyasının sədr müavini Kaya Kallas Kopenhagendə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından sonra açıqlama verib. “Biz ABŞ-ı BMT və ev sahibi ölkə arasında mövcud razılaşmalar çərçivəsində qərarı yenidən nəzərdən keçirməyə çağırırıq” – deyə Kallas vurğulayıb.
ABŞ Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək
ABŞ, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmaq istəyən Fələstin rəhbərliyi üzvlərinə viza verməyəcək. Məsələ ilə bağlı ABŞ Dövlət Departamenti açıqlama yayıb. “Dövlət katibi Marko Rubionun qərarına əsasən, BMT Baş Assambleyası öncəsi Fələstin Azadlıq Təşkilatı və Fələstin Administrasiyası üzvlərinə viza verilməyəcək, artıq verilmiş vizalar isə ləğv olunacaq” - deyə, açıqlamada vurğulanıb.