İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirilib - Husilər
Yəməndəki "Ənsar Allah" hərəkatı (husilər) son iki həftə ərzində İsrailə qarşı 38 hərbi əməliyyat həyata keçirib. Bu barədə husilərin lideri Əbdül Malik əl-Husi məlumat verib. Onun sözlərinə görə, əməliyyatlar raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə icra olunub. Husi lideri bildirib ki, PUA-lar “Hadera, Yaffa, Aşdod, Aşkelon, Negev və Umm ər-Rəşraşda (Eylat nəzərdə tutulur – red.) bir neçə hədəfi vurub”. O əlavə edib ki, uğurlu əməliyyatlardan biri İsrailin Ramon adlandırdığı hava limanına, digəri isə Lod hava limanına (Ben Qurion – red.) qarşı yönəldilib. Xatırladaq ki, 2023-cü ildə Qəzza zolağında münaqişə kəskinləşdikdən sonra husilər İsrail ərazilərinə raket zərbələri endirəcəklərini və İsrail ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bəb əl-Məndəb boğazından keçməsinə imkan verməyəcəklərini bəyan etmişdilər. Bu hücumlar bu ilin yanvar ayında Qəzzada atəşkəs elan olunandan sonra dayandırılmışdı.
Husilər İsrail ərazisindəki hava limanlarını və hərbi obyektləri hədəf alıblar
Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) silahlı qüvvələri İsrailin hədəflərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Hücumlar Təl-Əvivdəki Ben-Qurion hava limanı, Eylat bölgəsinin yaxınlığındakı Ramon hava limanı və həmçinin Dimona şəhərində yerləşən mühüm obyekti də hədəf alıb.