İsrail Qəzzada sülh prosesinə mane olur və işğal etdiyi ərazilərdən çıxmalıdır - Qətər
Qətər İsraili Qəzzada sülh prosesini pozmağa cəhd göstərməkdə ittiham edib. Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, son hücumlar sülh planının icrasına mane olmaq məqsədi daşıyır və bu prosesə görə məsuliyyət İsrailin üzərinə düşür. O, İsrailin beynəlxalq hüquqa uyğun şəkildə işğal etdiyi bütün ərazilərdən çıxmalı olduğunu vurğulayıb. Qətər hesab edir ki, təhlükəsizlik arqumentləri işğalın davam etdirilməsinə əsas vermir.
Dohada ərəb və islam ölkələrinin birgə iclası keçirilir
Dohada Ərəb Dövlətləri Liqasına (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin fövqəladə qapalı iclası keçirilir. İclas İsrailin HƏMAS-ın Dohadakı iqamətgahına endirdiyi hava zərbəsinə həsr olunub. İclasın əsas məqsədi İsrailin HƏMAS siyasi bürosunun üzvlərinə qarşı hücumu ilə bağlı vahid mövqenin formalaşdırılmasıdır.
Quterreş İsrailin Dohaya hücumunu pisləyib
BMT-nin baş katibi Antonio Quterreş İsrailin Dohada HƏMAS rəhbərlərini hədəfə alan hücumunu pisləyərək, bunu Qətərin suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirib. Quterreş əlavə edib ki, “Qətər Qəzzada atəşkəsin əldə olunması və bütün əsirlərin azad edilməsi prosesində son dərəcə müsbət rol oynayıb”. O həmçinin bütün tərəfləri Qəzza zolağında münaqişəyə yox, daimi atəşkəsə nail olmaq üçün işləməyə çağırıb. Eyni kontekstdə, Türkiyə də İsrailin Qətərdə HƏMAS-a hücumunu pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hücum İsrailin ekspansiya və terroru dövlət siyasəti kimi qəbul etdiyini göstərir.
Qətər XİN İsrailin Dohaya hücumunu pisləyib
Qətər rəhbərliyi İsrail Hərbi Hava Qüvvələrinin HƏMAS liderlərinə qarşı Dohada həyata keçirdiyi hücumları qətiyyətlə pisləyib. Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari açıqlama verib. “Qətər Dövləti bu hücumu qətiyyətlə pisləyərək bildirir ki, İsrailin bu məsuliyyətsiz davranışına və regional təhlükəsizliyə davamlı müdaxilə cəhdlərinə dözməyəcək" - deyə, o bildirib.