Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Yəməndə döyüşlərin şiddətlənməsi fonunda məcburi köçkünlük böhranının sürətlə ağırlaşdığı barədə xəbərdarlıq edib. İyul ayından bəri azı 76 min insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb.
ArabAZ xəbər verir ki, BMqT-nin məlumatına görə, məcburi köçkünlərin sayı çox qısa müddətdə kəskin artıb. Bir neçə gün əvvəl 46 min olan bu göstəricinin hazırda 76 mini keçdiyi bildirilib.
“Təhlükəsiz yer tapa bilməyən bütöv ailələr, çox vaxt gecə saatlarında yola çıxmaq məcburiyyətində qalırlar”, – təşkilatın açıqlamasında qeyd olunub.
Yəmənin cənub-qərbində yerləşən Təiz bölgəsi məcburi köçkünlükdən ən çox zərər çəkən ərazi olub. Burada təxminən 50 min insan evini tərk edib. Ölkənin cənubundakı Ləhc bölgəsində isə 17 minə yaxın insan didərgin düşüb.
Davam edən döyüşlər rabitə imkanlarına ciddi təsir göstərir, bir sıra yollar isə getdikcə keçilməz hala gəlir. Bu vəziyyət insanların təhlükəsiz ərazilərə çatmasını və humanitar yardımın çatdırılmasını daha da çətinləşdirir.
BMqT bildirib ki, hazırda evlərini tərk edən ailələrin çoxu Yəməndə 12 ildir davam edən münaqişə ərzində daha əvvəl də bir və ya bir neçə dəfə didərgin düşüb. Təşkilat ölkədəki vəziyyəti “gündən-günə pisləşən”, qeyri-sabit və gözlənilməz kimi qiymətləndirib.
BMqT-nin baş direktoru Emi Poup münaqişə tərəflərini mülki əhalinin və humanitar yardım əməkdaşlarının təhlükəsizliyini qorumağa, həmçinin zəruri təcili yardımların maneəsiz çatdırılmasını təmin etməyə çağırıb.