Qətər ABŞ səfirliyi ətrafında yaşayanların təxliyəsinə başlayıb
Qətər hakimiyyəti təhlükəsizlik səbəbilə paytaxt Dohada ABŞ səfirliyi ətrafında yaşayan şəxslərin təxliyəsinə başlayıb. Qətər Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ictimai təhlükəsizlik məqsədilə müvəqqəti tədbir kimi ABŞ səfirliyinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərin təxliyəsi həyata keçirilir.
Qətərdə İsrailin hücumu nəticəsində təhlükəsizlik əməkdaşı həlak olub
İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.
Qətər DİN İsrailin Dohaya hücumundan sonra hadisələrin gedişatını diqqətlə izləyir
Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.