11 Sentyabr hücumlarından 25 il keçdikdən sonra məsələ sadəcə məğlub edilmiş, yaxud hələ də mövcud olan bir təşkilatdan danışmaqdan daha mürəkkəb görünür. Bu, mahiyyət etibarilə bir sualın cavabıdır: təşkilat mərkəziyyətçilikdən daha müstəqil qollara, birbaşa hücumdan sağ qalma strategiyalarına, tək zərbə planlarından böhranlardan bəslənən şəbəkəyə, möhkəmlənmə siyasətindən yayılmaya və qloballaşmış terrordan yerli terrora necə çevrildi?
"Əl-Qaidə" bu gün diqqətçəkən bir təzad qarşısında görünür. Belə ki, onun mərkəzi çökmədən geriləyir, ucqarları isə ilkin istinadgahdan qopmadan genişlənir. Mərkəzin zəifləməsi ilə regional genişlənmə arasında təşkilatın yeni xəritəsi formalaşır; bu xəritə mütləq mənada mərkəzi rəhbərliyin gücünə deyil, daha çox regional qolların yerli mühitləri istismar etmək və onların daxilində öz nüfuzunu qurmaq qabiliyyətinə əsaslanır.
Milli Kəşfiyyat Direktoru Aparatının (DNI), "Vest-Poynt" Akademiyasının "CTC Sentinel" jurnalının, eləcə də "CSIS"in qlobal terrorizmə dair hesabatının qiymətləndirmələrinə görə, mərkəzi "əl-Qaidə" təşkilatı məruz qaldığı zərbələrə baxmayaraq hələ də davam edən strukturunu qoruyub saxlayır, lakin regional qolların, xüsusilə Afrikadakı qolların böyüməsi fonunda mərkəz zəifləyib. Yeni cəlb olunanların sayının azlığı və davamlı hərbi təzyiq səbəbindən mərkəzi imkanlar məhdudlaşıb. Bununla belə, təşkilat qlobal səviyyədə vəsait toplama, media istehsalı və hücumlara təşviq etmə şəbəkələrini qoruyur.
Qlobal Terrorizm İndeksi və Qərb analitik mərkəzləri mərkəzi "əl-Qaidə"nin cəmi 150–200 nəfərə qədər kiçildiyini təxmin edirlər; təşkilata ABŞ-nin qiymətləndirməsinə görə İrandan Seyf əl-Ədl (Məhəmməd Səlahəddin Zeydan) və onun müavini Əbdürrəhman əl-Məğribi tərəfindən zəif bir rəhbərlik edilir. Bu məsələ ətrafında bir neçə məqamda şərhlər mövcuddur: ("Əl-Qaidə"yə həqiqətənmi Seyf əl-Ədl rəhbərlik edir? Çünki Qərbin müxtəlif hesabatlarında təşkilata faktiki olaraq başqa bir liderin rəhbərlik etdiyi, onun Əbu Əbdülkərim əl-Məsri və ya Əbu Möhsün əl-Məsri ola biləcəyi irəli sürülür. Belə ki, təşkilatın qolları şiə Tehranında ev dustaqlığında olan bir şəxsin onlara rəhbərlik etməsini qəbul etmirlər; həmçinin Seyf əl-Ədlin şəxsiyyəti və onun qlobal liderliyə yararsızlığı ilə bağlı köhnə mübahisələr mövcuddur).
Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq əməkdaşı və antiterror məsələləri üzrə ekspert Sara Adamsın "əl-Məcəllə" jurnalına bildirdiyinə görə, "əl-Qaidə"nin qollarla əlaqələri qorumaqla yanaşı, nisbətən müstəqil qollar şəbəkəsinə çevrildiyi, "Taliban"ın himayəsi altında Əfqanıstandakı infrastrukturunu yenidən qurmağa fokuslandığı, lakin Əymən əz-Zəvahirinin 2022-ci ildə öldürülməsindən sonra rəsmi lider elan etmədiyi təxmin edilir.
Demək olar ki, təşkilat 2022–2026-cı illər ərzində təhdidlərə və üzləşdiyi çoxsaylı uğursuzluqlara tab gətirə bilib; təşkilatın öz döyüş imkanlarını qurmağa, ittifaqlarını genişləndirməyə müvəffəq olduğunu düşünənlər var.
"Əl-Qaidə"nin mərkəzləşdirilmiş təşkilatdan qeyri-mərkəzləşdirilmiş şəbəkəyə keçidi, 11 Sentyabr hadisəsindən 25 il keçdikdən sonra təşkilatın regional qollar vasitəsilə icrada müəyyən qeyri-mərkəzləşdirmə dərəcəsinə malik ali mərkəzi rəhbərliyə arxalanması ilə xarakterizə olunur. Təşkilat sərt iyerarxik strukturdan nisbi müstəqilliyə malik olan, lakin qlobal cihad hədəflərinə sadiq qalan regional tərəfdaşlar şəbəkəsinə doğru inkişaf edib.
Radikal qruplaşmalar və beynəlxalq terrorizm məsələləri üzrə tədqiqatçı Münir Ədib "əl-Məcəllə"yə bildirir ki, : "Əl-Qaidə" artıq 2001-ci il 11 Sentyabr hücumları miqyasında əməliyyatlar həyata keçirməyə qadir olan mərkəzi təşkilat deyil; o, tarixi liderlərinin və imkanlarının böyük bir hissəsini itirib, onun mövcudluğu daha dinamik təşkilatların, ilk növbədə "İŞİD"in xeyrinə zəifləyib. Lakin o, ötən illər ərzində mərkəzləşdirilmiş modeldən qeyri-mərkəzləşdirilmiş şəbəkəyə keçməyə müvəffəq olub və daha çox yerli təşkilatlara arxalanıb." Ekspert qeyd edir ki, qlobal cihadın gələcəyi cihadçı təfəkkürün kövrək mühitlərdə, münaqişə və xaos zonalarında özünü yenidən hasil etmə qabiliyyəti ilə müəyyən olunur; təşkilatlar hərbi cəhətdən məğlub edilə bilər, lakin ideyalar təkcə təhlükəsizlik zərbələri ilə yox olmur, əksinə, yeni formalarda və fərqli adlar altında qayıda bilər.
"Əl-Qaidə" təşkilatının strukturu və onun regional qolları
Misir "əl-Cihad" təşkilatının qurucularından biri və Əymən əz-Zəvahirinin silahdaşı Şeyx Nəbil Nəim "əl-Məcəllə"yə verdiyi açıqlamada bildirib ki, mərkəzi rəhbərlik hələ də strateji qərarları müzakirə edən Şura Məclisinə (20–30 üzv) və ixtisaslaşmış komitələrə güvənir: hərbi təlim və əməliyyatların planlaşdırılmasına cavabdeh olan Hərbi Komitə; "havala" (pul köçürmələri) və kommersiya biznesləri kimi şəbəkələr vasitəsilə maliyyəni idarə edən Maliyyə və Biznes Komitəsi; İslam şəriətinə uyğunluğu təmin edən Şəriət Komitəsi; dini fətvalar verən Fətva Komitəsi; və "əs-Səhab" media istehsalı kimi vasitələrlə təbliğatı idarə edən Media Komitəsi.
O, böyük qolların təşkilati strukturundakı mühüm roluna diqqət çəkir: 2024-cü ildən Yəmən qoluna rəhbərlik edən Səd bin Atif əl-Övləqi və onun müavini Əbu Əymən əl-Məsri (İbrahim əl-Bənna); bu qol silah və təlim sahəsində husilərlə əməkdaşlıq edən təxminən 2,000–3,000 döyüşçüyə malikdir. Somali qoluna rəhbərlik edən Əhməd Diri; təxminən 10,000–18,000 nəfəri birləşdirən bu struktur ən güclü qoldur və qlobal cihada köklənib. Afrika Sahilinə (Mali, Niger, Çad və s.) rəhbərlik edən İyad Ağ Qali və Amadu Kufa; onların nəzarətində etnik və iqtisadi münaqişələri istismar edərək geniş əraziləri əlində saxlayan təxminən 9,000 döyüşçü var. Nəhayət, mərkəzi təşkilatın Şura Məclisinin üzvü və Şimali Afrika (Əlcəzair, Mali, Mavritaniya, Niger) qolunun rəhbəri Əbu Übeydə Yusif əl-Ənnabi.
2022 və 2026-cı illər arasında "əl-Qaidə"nin dözümlülüyü və imkanlarının genişlənməsi
Demək olar ki, təşkilat 2022–2026-cı illər dövründə təhdidlər və üzləşdiyi çoxsaylı geriləmələr qarşısında salamat qalmağı bacardı.
Bəziləri hesab edir ki, təşkilat döyüş imkanlarını bərpa etməyə, ittifaqlarını genişləndirməyə, "yıpratma cihadı"ndan (cihad ən-nikayə) "ərazi nəzarəti və idarəetmə cihadı"na (cihad ət-təmkin) keçməyə müvəffəq oldu, qollarını və ona bağlı qrupları inteqrasiya edə bildi və daha çox sərtlik və ifratçılığa yuvarlanaraq ideoloji transformasiyalarını möhkəmləndirdi.
Tədqiqatçı Münir Ədib hesab edir ki, mərkəzi təşkilat çökmədən qolların xeyrinə gerilədi, çünki ötən illər ərzində mərkəzləşdirilmiş idarəetmə modelindən qeyri-mərkəzləşdirilmiş şəbəkəyə keçməyi bacardı və əsas etibarilə kövrək mühitlərdə, münaqişə və xaos bölgələrində yeni obrazlarda və fərqli adlar altında özünü yenidən hasil edən qollara və yerli təşkilatlara arxalandı.
Bu uğurların təzahürlərini "Strategics" mərkəzinin ətraflı araşdırmasında görmək mümkündür; burada döyüş potensialının qurulması, təşkilatın özünə bağlı terror qruplarını öz resurslarını və yerli döyüşçülərlə ittifaqlarını səfərbər etməyə yönəltməsi, maraqlarını Somalinin bəzi bölgələrində, Qərbi Afrikada və Yəməndə təhlükəsiz sığınacaqlarını qorumaqla təmin etməsi vurğulanır. Təşkilat tamamilə şimali Qana, Toqo, Mali, Niger və digər yerlərdəki qızıl mədənlərinə, habelə adamqaçırma əməliyyatlarına görə tələb edilən fidyələrə əsaslanan yeni maliyyələşmə yolları əldə etdi. Daha sonra, Malinin şimalından cənuba – "Nüsrət əl-İslam"la əməkdaşlıq vasitəsilə Burkina-Fasoya və orduya cəlb etmə mərkəzi kimi istifadə etdiyi Nigerə qədər irəliləyərək xəritəsini və ittifaqlarını genişləndirdi.
"Əl-Qaidə"nin Əfqanıstan və Cənubi Asiyadakı yayılması və ittifaqları
Təşkilat ötən illərdə Cənubi Asiyadakı sabiq rəhbəri Asim Ömərin (Əfqanıstanın birgə hərbi əməliyyatında öldürülüb) "Ləşkər-e-Cəngvi əl-Aləmi", "Cundullah", "Ləşkər-e-İslam", "Səd bin Əbi Vəqqas Cəbhəsi", "ət-Tövhid vəl-Cihad" və "Özbəkistan İslam Hərəkatı" kimi təşkilat və qruplarla qurduğu ittifaq vasitəsilə Əfqanıstanda "Taliban" hərəkatından müstəqil döyüş strukturunu formalaşdırmaq üçün ciddi addımlar atdı. Eyni zamanda "Həqqani şəbəkəsi" ilə sıx əlaqələrini qorudu; Pakistanda komandir Həqqaninin şəbəkəsi ilə müttəfiq olan "Gül Bahadur" qrupu və Məhsud qəbiləsinin iki qruplaşması ilə əlaqə qurdu, xüsusilə bir sıra ərəb döyüşçülərinin məskunlaşdığı Vəziristanın qəbilə bölgələrində cəlbetmə və təlim əməliyyatlarını nəzarətdə saxladı, Benin, Kot-d'İvuar və Burkina-Faso kimi yerlərdə yeni yerli terrorçu qrupların əsasını
"Əl-Qaidə" qolları yerli nəzarətə doğru çevrilir
Əl-Qaidə"nin mərkəzindəki zəifliyə baxmayaraq, o, yıpratma cihadından möhkəmlənməyə və ərazi nəzarətini ələ keçirməyə keçməyə nail oldu; bu xüsusiyyət Mali və Somalinin bəzi hissələrində özünü göstərdi, belə ki, təşkilatın oradakı qolları və qrupları fəaliyyətlərini beynəlxalq səviyyəyə çıxarmaqdan bəhs etmədən yerli fəaliyyətlə kifayətləndilər.
Təşkilatın əsas fəliyyət meydanlarını sadə şəkildə göstərmək olar; ən mühümləri bunlardır: Efiopiya, Uqanda və Keniyaya qədər genişlənən, Somalinin cənub-şərqində nəhəng coğrafi ərazini idarə edən və qaçaqmalçılıq, dəniz yolu ilə Yəməndəki husilərin yanına keçmək üçün okean sahilində böyük mövcudluğunu qoruyan Şərqi Afrika qolu ("Əş-Şəbab" hərəkatı). Ardınca Sahil və Səhra qolu ("Cəmaət Nüsrət əl-İslam vəl-Müslimin"). Əbubəkr Adəm Kəmbər və Xalid Bərnavi (ləqəbi Əbu Usamə əl-Ənsari, əsl adı Məhəmməd Əvvəl İbrahim Qumbey) kimi liderlərin idarə etdiyi "Ənsaru" qruplaşmasının rəhbərliyi altındakı Qərbi Afrika qolu. Daha sonra Əbu Übeydə əl-Ənnabinin rəhbərliyi altındakı Şimali Afrika qolu. Əbu İxlas əl-Məsri, liviyalı Əbdüləzim bin Əli və təlim düşərgələrinə cavabdeh lider Hakim əl-Məsrinin komandanlığı altındakı "Ömər əl-Faruq" taborunu birləşdirən Hindistan Yarımadası qolu. Həmçinin "Hürras əd-Din" təşkilatını ləğv edən, lakin Suriya daxilində rəmzi mövcudluğunu qoruyan "İraq və Şamda əl-Qaidə". Və nəhayət, Ərəbistan Yarımadası qolu.
Terrorçu qruplar üzrə ekspert Məhəmməd bin Feysəlin fikrincə, sonuncu ən mühüm qoldur; o, bu regionda təşkilatın keçdiyi xətti 3 bənddə ümumiləşdirib:
"Ərəbistan Yarımadasında əl-Qaidə"yə qarşı hərbi və təhlükəsizlik əməliyyatlarının olmaması onun üçün imkanlarını yenidən qurmaq, sıralarını nizamlamaq və tükənmədən uzaq şəkildə özünü inkişaf etdirmək üçün bir qazanc və fürsət oldu. İkincisi, təşkilat hazırda yerli tərəflərə qarşı hər hansı hərbi toqquşmanı dondurub, bu isə mütləq onun gücünün azalması və ya zəifləməsi demək deyil.
Üçüncüsü, Xalid Bətərfinin və Seyf əl-Ədlin oğlu Xalidin ölümündən, eləcə də Səd bin Atif əl-Övləqinin rəhbərliyə gəlməsindən bəri təşkilat Seyf əl-Ədillə əlaqəli olan baxışı aydın bir xəttə çevirməkdə uğur qazana bilməyib. Bu baxışın xülasəsi İran siyasəti ilə inteqrasiyadan ibarətdir; buna görə də onun husilərlə münasibətləri bu gün aralarındakı təmas və koordinasiya kanalları qalsa belə, daha durğun görünür.
Tədqiqatçı Əhməd Sultan sözlərinə belə davam edir: Yerli amillərlə yanaşı, "əl-Qaidə"nin Yəmən, Somali və Afrika Sahilindəki qollarının məkana nəzarət və bəzi bölgələrdə regional əmirliklər qurmaq xəttinə keçdiyini görürük; yeri gəlmişkən, bu, "əl-Qaidə"nin ümumi rəhbərliyinin təlimatlarına, Əymən əz-Zəvahirinin, ondan əvvəl Üsamə bin Ladenin, eləcə də 2020-ci ildə öldürülən "İslami Məğribdə əl-Qaidə"nin əmiri Əbu Müsəb Əbdülvədudun fikirlərinə ziddir. Çünki hazırkı reallıq göstərir ki, "əl-Qaidə" qollarının öz xüsusi baxışı və strategiyası var, onlar bu yolla gedirlər və qloballaşmış və ya transsərhəd cihad məsələsinə əhəmiyyət vermirlər, yaxud buna çox diqqət yetirmirlər. Ümumilikdə cihadçı vəziyyətdə bir transformasiya var; bu transformasiya "Heyət Təhrir əş-Şam"ın hakimiyyətə gəlməsi və əvvəllər "əl-Qaidə" ilə olan əlaqəsini kəsdikdən sonra tədricən beynəlxalq ictimaiyyətə inteqrasiya olunması kimi amillərlə şərtlənir. Bu transformasiya yerli cihadçılığa fokuslanmaqda və qlobal cihad gündəmindən imtina etməkdə təzahür edir. Xüsusilə Afrika qollarının Suriyada baş verənlərə bənzər şəkildə "əl-Qaidə"nin ümumi rəhbərliyi ilə əlaqələrini kəsməyi düşünəcəyi gözlənilir; çünki bu qollarla təşkilatın ümumi rəhbərliyi arasındakı bağ zəifdir və iki tərəf arasında əlaqəni təmin edən liderlər ya öldürülüb, ya vəfat edib, ya da ən azı yeni şəraitə uyğunlaşıb və öz ölkələrindəki, eləcə də dünyadakı reallıqlardan çıxış edərək qlobal cihadçılıq xəttindən imtina ediblər.
Xülasə, "əl-Qaidə" iki qüllənin vurulması əməliyyatından 25 il sonra qlobal cihadla, lokal cihadı birləşdirdi və son vaxtlar sağ qalma strategiyalarına uyğun olaraq özünə məxsus əmirliklər qurmağa meyil etdi.
Çünki o, heç vaxt sadəcə vahid mərkəzə və ya müəyyən bir coğrafi məkanda hərəkət edən vahid rəhbərliyə əsaslanan təşkilat olmayıb, əksinə, zərbələr gücləndikcə forması dəyişən bir şəbəkəyə bənzəyib.
Rəhbərlərini və strukturlarını hədəf alan illərlə davam etmiş təhlükəsizlik və hərbi əməliyyatlara baxmayaraq, mərkəzi təşkilat tamamilə yox olmadı, sadəcə olaraq onun mövcudluğu və təsiri tədricən zəiflədi.