İran paytaxt Tehran və Buşəhr üzərində İsrailə məxsus iki PUA-nı vurduğunu elan edib
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ötən gecədən etibarən ölkənin hava məkanında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus iki müasir pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Yarı-rəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, PUA-lardan biri paytaxt Tehran, digəri isə Buşəhr əyalətinin Cem şəhəri səmasında ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb. Vurulan aparatlardan birinin İsrail istehsalı olan "Hermes", digərinin isə "Heron" tipli olduğu bildirilir.
Körfəz ölkələri İranın raket və PUA hücumlarına qarşı müdafiəni gücləndirir
Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.
İranda 4 mindən çox mülki bina zərər görüb - Qızıl Aypara cəmiyyəti
İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölkə daxilində 4 mindən çox mülki binanın ciddi zərər gördüyünü açıqlayıb. "Mehr" xəbər agentliyinə danışan Kolivənd qeyd edib ki, indiyədək 3 min 646 yaşayış evi və mülki tikili hücumlara məruz qalıb, 528 ticarət obyekti isə tamamilə məhv edilib. Hücumların miqyası səhiyyə infrastrukturundan da yan keçməyib; İranlı rəsminin sözlərinə görə, 3 xəstəxana fəaliyyətini tamamilə dayandırmalı olub, 14 tibb mərkəzi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
İran hücumunun ilk 36 saatı: 3 mindən çox ağıllı raket və bomba istifadə olunub
ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.
İranda müvəqqəti Liderlik Şurası toplandı: Yeni rəhbər seçimi müzakirə olunur
İranda müvəqqəti Liderlik Şurası yeni ali liderin seçilməsi ilə bağlı proqramı hazırlamaq məqsədilə dördüncü dəfə bir araya gəlib. İran dövlət televiziyasının məlumatına görə, iclasda Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani də iştirak edərək son hərbi və siyasi proseslər barədə məlumat verib.
İsraildə hava məkanı açılır: Ben Qurion hava limanı fəaliyyətini bərpa edir
İsraildə hava məkanının mərhələli şəkildə yenidən açılması ilə paytaxt Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanında uçuşların bərpa olunacağı elan edilib. "Jerusalem Post" qəzetinin məlumatına görə, ölkənin iki yerli aviaşirkəti — "Israir" və "Arkia" uçuşlara başlayacaqlarını bəyan ediblər. "Israir" şirkəti cümə axşamı günü Roma, Berlin, Afina, Batumi və Rovaniemi şəhərlərindən Ben Qurion hava limanına beş reys həyata keçirməyi planlaşdırır.
İsrailin müdafiə naziri Xameneinin xələfini sui-qəsdlə hədələyib
İsrailin müdafiə naziri İsrail Katz bu gün, çərşənbə günü, Tehran mülkiyyətinə ABŞ və İsrail hücumları nəticəsində öldürülən ali rəhbər Əli Xameneinin yerinə seçiləcək hər hansı bir İran liderini sui-qəsdlə hədələyib. Katz "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İran rejimi liderlərinin hədəf alınması "Şirin nəriltisi" (Lion's Roar) əməliyyatının məqsədlərinin bir hissəsidir. O, ordunun sui-qəsd əməliyyatlarını həyata keçirmək üçün bütün vasitələrlə hazırlaşması və fəaliyyət göstərməsi barədə göstəriş verildiyini qeyd edib.
ABŞ beş ölkədəki diplomatik heyətini təxliyə edir
ABŞ Dövlət Departamenti regional gərginliyin sürətlə artması səbəbindən Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki fövqəladə hallarda çalışmayan personalına və onların ailə üzvlərinə ölkəni tərk etmək tapşırığı verib. Təhlükəsizlik vəziyyəti ilə bağlı verilən rəsmi açıqlamalarda həmin ölkələrə səyahət edilməməsi xəbərdarlığı yenilənib. Dövlət Departamenti qeyd edib ki, sözügedən ölkələrdə qalan ABŞ vətəndaşları və personalı vəziyyətin pisləşəcəyi təqdirdə alternativ planlar hazırlamalıdırlar. Eyni zamanda, ABŞ-ın Doha səfirliyinin ehtiyat tədbiri olaraq rutin konsulluq xidmətlərini müvəqqəti dayandırdığı bildirilib.
SEPAH Bəhreyndəki ABŞ aviabazasını hədəf aldığını açıqlayıb
İranın rəsmi xəbər agentliyi IRNA İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən həyata keçirilən "Sadiq vədə 4" əməliyyatının 14-cü dalğası ilə bağlı bəyanatını yayımlayıb. Bəyanatda Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ aviabazasının əsas komandanlıq və qərargah binasının 20 pilotsuz uçuş aparatı (PUA) və 3 raketlə hədəf alındığı bildirilib.Digər tərəfdən, Bəhreyndə sirenlər səslənib, hava hücumundan müdafiə sistemləri aktivləşdikdən sonra partlayış səsləri eşidilib.
Səudiyyə Ərəbistanı hava bazası yaxınlığında 5 PUA-nın məhv edildiyini açıqladı
Səudiyyə Ərəbistanı ölkədəki Prins Sultan hava bazası yaxınlığında 5 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini bildirib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü general-mayor Turki əl-Maliki verdiyi açıqlamada, Prins Sultan hava bazası yaxınlığında "5 düşmən PUA-sının" qarşısının alındığını və məhv edildiyini qeyd edib. Maliki açıqlamasında başqa təfərrüatlara yer verməyib.
ABŞ və İsrailin müdaxiləsi BMT çərçivəsində müzakirə olunmalı idi - Fransa
Fransanın xarici işlər naziri Jan-Noel Barro, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququnun qurumun fəaliyyətini məhdudlaşdırdığını etiraf etsə də, ABŞ və İsrailin İrana qarşı birtərəfli hərbi müdaxiləsini tənqid edib. Nazir Barro mətbuata açıqlamasında bildirib ki, İran rejimi onilliklərdir nüvə proqramını tənzimləyən və silahlı qruplaşmalara dəstəyi qadağan edən BMT qərarlarına məhəl qoymur. O, bölgədə qalıcı sülhün təməli sayıla biləcək beynəlxalq təsisatlar çərçivəsində bu problemin həll olunmamasını "təəssüf doğuran hal" kimi qiymətləndirib.
ABŞ və İsrailin İrana hücumları enerji bazarlarında kəskin qiymət artımına səbəb olub
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi birgə hücumlardan sonra Tehranın cavab addımları və artan geosiyasi risklər qlobal enerji bazarlarında qiymətlərin kəskin yüksəlməsini bərabərində gətirib. ABŞ Prezidenti Donald Trampın 27 fevralda verdiyi açıqlamada, 26 fevralda başlayan nüvə danışıqlarında İranın "xoşniyyətli və açıq" mövqe nümayiş etdirmədiyini bildirərək prosesdən narazılığını ifadə etməsi bazarlarda risk qavrayışını gücləndirib. Həmin gün artan geosiyasi gərginliklərlə neft qiymətləri yüksəliş meylinə girib. "Brent" markalı neftin bir barelinin qiyməti 2,8 faiz artaraq 73 dollar səviyyəsində bağlanıb ki, bu da 2025-ci ilin iyunundan bəri ən yüksək göstəricidir. "West Texas Intermediate" (WTI) xam neftinin bareli isə 2,6 faiz artaraq 67,17 dollardan ticarət olunub.