Tarixi Hicaz Dəmir Yolu Yenidən Canlanır: Türkiyə, Suriya və İordaniya Arasında Strateji Razılaşma
Türkiyə, Suriya və İordaniya arasında nəqliyyat sahəsində yeni bir dövrün qapısını açan "Müasir Hicaz Dəmir Yolu" layihəsi regionun həm iqtisadi, həm də strateji xəritəsini kökündən dəyişməyə hazırlaşır. Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ammanda keçirdiyi görüşlərdə bu tarixi mirası müasir texnologiyalarla yenidən canlandıracaqlarını bəyan edərək, layihənin sadəcə bir nəqliyyat xətti deyil, Qırmızı dənizi Aralıq dənizi və Avropaya bağlayan nəhəng bir loqistika dəhlizi olacağını vurğulayıb.
Türkiyə və Suriya Hicaz Dəmir Yolunun yenidən fəaliyyətini müzakirə edib
Türkiyə və Suriya Osmanlı İmperiyasının ən mühüm strateji layihələrindən biri hesab olunan Hicaz Dəmir Yolu xəttinin yenidən bərpası istiqamətində ilkin addımlar atmağa başlayıb. Türkiyənin Suriyadakı səfiri Nuh Yılmazın Suriya nəqliyyat naziri Yarub Bədirlə keçirdiyi görüşdə Hicaz Dəmir Yolunun ihyası əsas müzakirə mövzularından biri olub. Səfir Yılmaz görüşdən sonra paylaşdığı açıqlamada, “Hicaz Dəmir Yolunun yenidən canlandırılması da müzakirə etdiyimiz məsələlərdən idi”, – deyə bildirib.