Tramp İranla müharibədə həlak olan ABŞ hərbçilərinin qarşılanma mərasimində iştirak edəcək
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə həlak olan dörd hərbçinin qarşılanma mərasimində iştirak edəcək. Mərasim Delaver ştatındakı Dover Hərbi Hava Bazasında keçiriləcək. Həlak olan hərbçilərin nəşləri ABŞ bayrağına bükülmüş tabutlarda vətənə gətiriləcək. Məlumata görə, müharibə ABŞ-yə 37,5 milyard dollara başa gəlib. Döyüşlərdə 18 amerikalı hərbçi həlak olub, 450-dən çoxu yaralanıb. Hərbçilərdən üçü İordaniyada İran raket zərbəsi nəticəsində, biri isə İraqın Ərbil şəhərində baş vermiş partlayış zamanı həyatını itirib. Ağ ev mərasimi dövlət ehtiramı ilə keçiriləcək tədbir kimi təqdim edib. Müharibənin gedişi ABŞ daxilində siyasi müzakirələri və narazılığı artırmaqda davam edir.
Pentaqon niyə yaralanan hərbçilər barədə məlumat verməyib?
ABŞ ordusunun İordaniyada İran hücumları nəticəsində yaralanan onlarla hərbçi barədə məlumatı gizli saxladığı iddia edilir. “The New York Times” anonim ABŞ rəsmilərinə istinadən bir neçə helikopterin də zərər gördüyünü yazıb. Hücumların ABŞ qüvvələrinə qarşı üç ayrı zərbə şəklində həyata keçirildiyi bildirilir. ABŞ Müdafiə Nazirliyi həmin itkilərlə bağlı açıqlama verməyib. Daha sonra İordaniyada baş verən hücumda iki ABŞ hərbçisi həlak olub, biri isə itkin düşüb. Qarşıdurmanın başlanmasından sonra ABŞ ordusunun itkilərinin artdığı qeyd olunur. Vaşinqton məlumatların təhlükəsizlik səbəbləri ilə məhdud şəkildə yayıldığını bildirir.