Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib
Donald Tramp ABŞ-nin silah və sursat ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib. O, yayılan xəbərlərin “100 faiz yanlış” olduğunu bildirib. Son həftələrdə ABŞ-nin “Tomaqavk”, “Patriot” və “THAAD” sistemləri üçün silah ehtiyatlarının azalması barədə məlumatlar yayılıb. Tramp isə ABŞ ordusunun orta və yüksək səviyyəli döyüş sursatlarının böyük ehtiyatlara malik olduğunu iddia edir. ABŞ Prezidenti silah istehsalının sürətləndirildiyini də açıqlayıb. İranla müharibə bəzi müttəfiqlərə silah tədarükünün gecikməsinə səbəb olub. İsveçrə və Yaponiyaya nəzərdə tutulan bəzi tədarüklərin bir neçə ay təxirə salındığı bildirilir. Tramp müttəfiqlərə silah satışının yenidən başlanacağını açıqlayıb.
ABŞ Asiyada Çinə qarşı zəifləyir?
İranla müharibənin uzanması ABŞ-ın silah-sursat ehtiyatlarına ciddi təzyiq yaradıb və Vaşinqtonun Asiyadakı müttəfiqləri arasında narahatlığı artırıb. “Vaşinqton Post”un məlumatına görə, Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən Sakit okeanda yerləşdirilməsi planlaşdırılan 30-dan çox ABŞ hərbi gəmisinin istiqaməti dəyişdirilərək Yaxın Şərqə göndərilib. Bu vəziyyət ABŞ-ın Çin və Şimali Koreyanı çəkindirmə imkanları ilə bağlı narahatlıqları gücləndirib.
ABŞ silah ehtiyatlarını bərpa etmək üçün istehsalı sürətləndirir
ABŞ-ın İranla müharibə fonunda raket və sursat ehtiyatlarının sürətlə tükənməsi Vaşinqtonu hərbi istehsalı genişləndirməyə və daha ucuz silah sistemlərinə yönəlməyə məcbur edir. ABŞ Müdafiə Nazirliyi ölkənin birbaşa təhdidləri dəf etmək üçün kifayət qədər silaha sahib olduğunu bildirsə də, rəsmilər əsas problemlərdən birinin xammal çatışmazlığı olduğunu açıqlayıb.
ABŞ ucuz alternativlər fonunda Patriot raketlərini yenidən dizayn edir
ABŞ müdafiə sənayesi İran və Ukrayna müharibələrinin yaratdığı sursat çatışmazlığı fonunda daha ucuz və sürətli istehsal edilə bilən raketlər hazırlamağa başlayıb. Bu dəyişikliklərə əsas səbəblərdən biri “Patriot” hava hücumundan müdafiə sisteminin raketlərinə artan tələbat və ehtiyatların azalmasıdır. Bəzi müasir “Patriot” raketlərinin qiyməti 4 milyon dollardan çoxdur.