Cozef Aundan İsrailə sərt ittiham - Razılaşmanı dəfələrlə pozursunuz
Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna, xüsusilə Nəbatiyyə və ətraf ərazilərə davam edən hücumlarını pisləyib. O, İsrailin bu hücumlarla ABŞ və İsrail arasında əldə olunan razılaşmanı dəfələrlə pozduğunu bildirib. Aun hücumları “danışıqlar prosesinə açıq mesaj” adlandırıb. Onun sözlərinə görə, İsrailin hərbi fəaliyyəti ABŞ-ın razılaşmanın icrasını təmin etmək səylərinə də təsir göstərir. Livan Prezidenti İsraili mülki əhalinin müdafiəsini nəzərdə tutan beynəlxalq hüquq normalarını pozmaqda ittiham edib. O, Nəbatiyyə və ətraf ərazilərdə hücumların davam etməsinin gərginliyi artırdığını vurğulayıb. Aunun açıqlaması tərəflər arasında razılaşmanın icrası ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səslənib. Livan hakimiyyəti İsrailin hücumları dayandırmasını və ölkənin cənubunda sabitliyin təmin olunmasını tələb edir.
İsrailin Livanın cənubuna zərbələri nəticəsində 7 nəfər ölüb
İsrail ordusunun Livanın cənubundakı Ənsar qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Livanın Baş naziri Nəvvaf Salam hücumları “son dərəcə təhlükəli eskalasiya” adlandırıb. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrailin zərbəsi nəticəsində yaşayış evi tamamilə dağılıb. Xilasetmə və mülki müdafiə qrupları dağıntılar altında qalan şəxslərin çıxarılması və yaralıların xəstəxanalara çatdırılması istiqamətində iş aparıb.
Livan parlamentinin sədri ABŞ-ın hərbi nümayəndəsi ilə görüşüb
Livan parlamentinin sədri Nəbih Berri ABŞ-ın Livan üzrə Hərbi Əlaqələndirmə Qrupunun rəhbəri general Cozef Klerfildlə görüşüb. Tərəflər İsrailin Livanın cənubuna qarşı həyata keçirdiyi hücumları və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Berri İsrailin 2024-cü ilin noyabrından etibarən Livana qarşı sistemli hücumlar həyata keçirdiyini bildirib. O, kəndlərin, əkin sahələrinin və meşələrin dağıdıldığını, tarixi və mədəni irs obyektlərinə də ziyan dəydiyini deyib. Livan parlamentinin sədri İsrailin hərbi əməliyyatları dayandırmasını və beynəlxalq sərhədə qədər geri çəkilməsini tələb edib. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması İsrailin Livanın cənubundan mərhələli şəkildə çıxmasını nəzərdə tutur. Razılaşmaya əsasən, Livan ordusunun bölgədə yerləşdirilməsi də planlaşdırılıb. Buna baxmayaraq, Livan İsrailin cənub bölgəsində hərbi fəaliyyətini davam etdirdiyini bildirir.
Hizbullah Livan hakimiyyətini İsrailə qarşı tədbir görməməkdə ittiham edir
Hizbullahın baş katibi Nəim Qasım Livan hakimiyyətini İsrailin işğalı ilə mübarizə aparmaq əvəzinə “müqaviməti” hədəfə almaqda ittiham edib. O, Livan hakimiyyətinin İsrailin razılaşmalara əməl etməməsinə qarşı tədbir görmədiyini bildirib. Qasım cənubdakı Mənsuri qəsəbəsinin azad edilməli olduğunu və yerli sakinlərin öz evlərinə qayıda bilmədiyini vurğulayıb. O, Livan hakimiyyətini “təslim olmaqda” ittiham edərək ölkənin suverenliyinin pozulmasını qəbul etməyəcəklərini deyib. Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail qüvvələrinin Livanın cənubunda mövcudluğunu davam etdirdiyi bildirilir. İsrail qüvvələrinin bölgədə yaşayış evlərinə və obyektlərə zərbələr endirdiyi qeyd olunur. İsrailin müdafiə naziri İsrael Kats Hizbullah silahsızlaşdırılmayana qədər Livanın cənubundan geri çəkilməyəcəklərini açıqlayıb. Bu vəziyyət Livanın cənubunda atəşkəs razılaşmasının gələcəyi ilə bağlı yeni suallar yaradıb.
Livan Nəbatiyyənin bərpasını əsas prioritetlərdən biri elan edib
Livanın Baş naziri Nəvaf Salam Nəbatiyyə şəhərinin yenidən qurulması ilə bağlı yerli rəsmilərlə görüş keçirib. Şəhər son həftələr İsrailin hücumlarından ciddi zərər görüb. Görüşdə Nəbatiyyənin bərpası və sakinlərin öz yaşayış məntəqələrinə qayıtması məsələləri əsas müzakirə mövzusu olub. Nəvaf Salam şəhərin yenidən dirçəldilməsini Livanın cənubunun bərpası üçün əsas prioritetlərdən biri adlandırıb. Baş nazir infrastruktur və ictimai xidmətlərlə bağlı problemlərin həllinə xüsusi diqqət yetirildiyini bildirib. Nəbatiyyə həm inzibati ərazi vahidinin, həm də rayonun mərkəzi hesab olunur. Şəhər Cəbəl Amil bölgəsinin əsas yaşayış məntəqələrindən biridir. Livan hökuməti Nəbatiyyənin bərpasını cənub bölgəsində normal həyatın yenidən qurulması baxımından mühüm istiqamət kimi qiymətləndirir.
Hizbullah məsələsində “Ankara formulu” - Ağır silahların İrana verilməsi təklif olunur
Livan mətbuatında Türkiyə və Livan prezidentlərinin görüşündə Hizbullahın ağır silahlarının İrana təhvil verilməsi ilə bağlı yeni formulun müzakirə edildiyi iddia olunub. Yerli KİV-in məlumatına görə, təklifə əsasən silahların Ankara və Tehran nəzarəti altında İrana verilməsi, bunun İsrail qüvvələrinin Livanın cənubundan tam çıxarılması ilə eyni vaxtda həyata keçirilməsi və ABŞ ilə digər tərəflərin yeni hücum olmayacağına zəmanət verməsi nəzərdə tutulur.
İsrail qüvvələri Livanın cənubunda irəliləyib
İsrail qüvvələri Livanın cənubundakı Meys əl-Cəbəl kəndinin şimal ətrafına doğru irəliləyib. Hadisə Vadi əl-Cəmal ərazisində qeydə alınıb. İsrail qüvvələrinin irəliləməsi artilleriya atəşi ilə müşayiət olunub. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail artilleriyası ərazidəki yaşayış evlərindən birini atəşə tutub. İsrail hərbçilərinin pulemyotlardan istifadə edərək ərazi istiqamətində atəş açdığı da bildirilir. Hərbi qüvvələrin kəndin şimal ətrafına qədər irəlilədiyi qeyd olunur. Hadisənin bölgədə vəziyyəti daha da gərginləşdirdiyi bildirilir. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat açıqlanmayıb.
Livan Prezidenti İsrailin hücumlarını razılaşma üçün birbaşa təhdid adlandırıb
Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna endirdiyi zərbələri sərt şəkildə pisləyib. O, Bofor qalası yaxınlığındakı partlayışları mövcud razılaşmaların pozulması kimi qiymətləndirib. Prezident hücumların Romada keçiriləcək mühüm görüş ərəfəsində baş verməsinin mənfi mesaj verdiyini bildirib. Cozef Aun beynəlxalq ictimaiyyəti məsuliyyət daşımağa və pozuntuların qarşısını almağa çağırıb. Onun fikrincə, bu hadisələr diplomatik səyləri zəiflədir və Livanın cənubunda sabitliyi təhdid edir. Prezident hücumların dayandırılmasının vacibliyini vurğulayıb. İsrail tərəfi hələlik bu açıqlamaya münasibət bildirməyib.
İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu
Livan ordusu İsrail hərbi qüvvələrinin ölkənin cənubunda davam edən əməliyyatlarını pisləyərək bildirib ki, bu fəaliyyətlər ordunun bölgədə tam yerləşdirilməsi prosesinə mane olur. Livan Silahlı Qüvvələrinin yaydığı açıqlamada İsrailin ötən ay əldə olunmuş razılaşmalar çərçivəsində üzərinə götürdüyü öhdəlikləri və beynəlxalq hüquq normalarını pozduğu iddia edilib.
Livanda “pilot zonalar” planı dövlətə beynəlxalq etimadın sınağı kimi qiymətləndirilir
Livanın cənubunda yaradılması nəzərdə tutulan “pilot zonalar” layihəsi ölkədə dövlət hakimiyyətinin gücləndirilməsi istiqamətində ilk praktik mərhələ kimi qiymətləndirilir. ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlarla paralel həyata keçirilən bu mexanizmin uğuru onun gələcəkdə digər bölgələrə də şamil edilib-edilməyəcəyini müəyyənləşdirəcək.
Livanın cənubunda yaşayış məntəqələrinin dağıdıldığı bildirilir
Livanın cənubunda İsrail ordusunun yaşayış məntəqələrini dağıtmağa davam etdiyi bildirilir. Bölgədən verilən məlumata görə, bir neçə saat ərzində ardıcıl partlayış səsləri eşidilib. Həddatə yaşayış məntəqəsində evlərin yandırıldığı iddia olunur. Yayılan məlumatlarda peyk görüntülərinin Livanın cənubunda genişmiqyaslı dağıntıları göstərdiyi qeyd edilir. Bildirilir ki, bəzi yaşayış evləri atəşkəs dövründə də dağıdılıb. Həmçinin 2024-cü ilin noyabrındakı atəşkəsdən sonra da bölgədə gündəlik söküntülərin davam etdiyi iddia olunur. İsrail tərəfi bu məlumatlarla bağlı hələlik rəsmi münasibət açıqlamayıb. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
İsrail ordusu Livanda "Hizbullah" üzvlərinə zərbə endirdiyini açıqlayıb
İsrail ordusu Livanın cənubunda "Hizbullah" üzvlərinə zərbə endirdiyini açıqlayıb. Hərbi qurum hədəfə alınan şəxslərin tank əleyhinə raketlər daşıdığını iddia edir. Hadisə nəzarətində saxlanıldığı bildirilən ərazidə baş verib. Hücumun nəticələri barədə dəqiq məlumat açıqlanmayıb. Müstəqil mənbələr məlumatı hələlik təsdiqləməyib. İsrail son günlər Livanın cənubunda hava hücumlarını artırıb. Hücumlar nəticəsində ölən və yaralananların olduğu bildirilir. Bölgədə gərginlik davam edir.