Qəzza zolağında aclıqdan ölümlər artır
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi aclıqdan ölənlərlə bağlı son məlumatları özündə əks etdirən yazılı açıqlama yayıb. Açıqlamada bildirilib ki, son bir gündə üçü uşaq olmaqla 9 fələstinli aclıq və qida çatışmazlığı səbəbindən dünyasını dəyişib. 2023-cü ilin oktyabr ayının 7-dən bəri Qəzzada aclıqdan ölənlərin sayı 348-ə çatıb, onların 127-si uşaqlardır. Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzzada aclıq elan etdikdən sonra 12-si uşaq olmaqla 70 nəfər aclıq və qida çatışmazlığından həyatını itirib. IPC-nin son hesabatında qeyd olunur ki, 15 avqust 2025-ci il tarixinə Qəzza şəhərində aclıq “fəlakətli səviyyə” kimi təsnif edilən 5-ci səviyyədədir. Hesabatda vurğulanır ki, 22 aylıq amansız münaqişə nəticəsində Qəzza zolağında yarım milyondan çox insan aclıq, yoxsulluq və ölümə səbəb olan dəhşətli şəraitlə üzləşib.
Ankarada El Salvadorla strateji əməkdaşlıq müzakirə olunacaq
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada El Salvadorun xarici işlər naziri Aleksandra Hill ilə görüşəcək. Görüşdə son illərdə sürət qazanan Türkiyə–El Salvador ikitərəfli münasibətləri müzakirə olunacaq.