Yəmənin cənub-qərbində husilərlə hökumət qüvvələri arasında yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
ArabAZ xəbər verir ki,Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, Yəmənin qərb sahillərində şiddətin artması nəticəsində avqustun sonundan etibarən 18 500-dən çox insan didərgin düşüb. Təşkilat insanların hələ də köç etdiyini və didərginlərin sayının saatbasaat artdığını bildirib.
Məlumata görə, husilər ötən həftə Qırmızı dənizə çıxış üçün mühüm əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərə qarşı yeni hücuma başlayıb. Bölgədə baş verən toqquşmalar nəticəsində cümə axşamından etibarən 300-dən çox insanın öldüyü bildirilir.
Döyüşlər səbəbindən çoxsaylı ailələr yaşayış məntəqələrini tərk edərək müvəqqəti məskunlaşma ərazilərinə üz tutub.
Husilərlə Yəmən hökuməti arasında münaqişə 2015-ci ildən davam edir. BMT bu münaqişəni dünyanın ən böyük humanitar böhranlarından biri kimi qiymətləndirir.