13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Trampın sualının cavabı - ABŞ niyə 47 il İrana qarşı müharibədən yayındı?

“Bilmirəm niyə ABŞ İrana qarşı hərəkət etmək üçün 47 il gözlədi”. Bu sözlər Donald Trump tərəfindən səsləndirildikdən sonra Vaşinqtonun onilliklər boyu niyə birbaşa genişmiqyaslı hərbi qarşıdurmadan yayınması yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.

8 May 2026 09:00
Trampın sualının cavabı - ABŞ niyə 47 il İrana qarşı müharibədən yayındı?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

“Bilmirəm niyə ABŞ İrana qarşı hərəkət etmək üçün 47 il gözlədi”.

Bu sözlər Donald Trump tərəfindən səsləndirildikdən sonra Vaşinqtonun onilliklər boyu niyə birbaşa genişmiqyaslı hərbi qarşıdurmadan yayınması yenidən beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.

ABŞ-də illərlə formalaşan əsas strateji yanaşma İrana qarşı müharibənin nəticələrinin nəzarətdən çıxacağı qorxusu üzərində qurulmuşdu. Məhz bu səbəbdən müxtəlif administrasiyalar hərbi variantı daim masada saxlasalar da, onu tammiqyaslı şəkildə reallaşdırmaqdan çəkinirdilər.

Keçmiş ABŞ dövlət katibi John Kerry bildirmişdi ki, Benyamin Netanyahu uzun illər boyunca ABŞ prezidentlərini İrana zərbə endirməyə çağırıb. Bu çağırışlar Corc Buş dövründən başlayaraq Barak Obama və daha sonra Co Bayden administrasiyalarına qədər davam edib. Lakin Tramp istisna olmaqla, əvvəlki prezidentlər genişmiqyaslı hərbi hücuma razılıq verməyiblər.

Pentaqonun əsas qorxusu nə idi?

ABŞ müdafiə dairələrində uzun illər əsas qorxu İranla müharibənin sürətli və idarəolunan əməliyyat olmayacağı ilə bağlı idi.

Tramp administrasiyasında çalışan keçmiş Pentaqon rəhbəri Ceyms Mattis hesab edirdi ki, İranla birbaşa qarşıdurma “arı yuvasına toxunmaq” kimi nəticələnə bilər. Onun fikrincə, müharibə başladığı halda eskalasiya pillələri artıq Vaşinqtonun nəzarətindən çıxa bilərdi.

Oxşar mövqeni həmçinin keçmiş müdafiə nazirləri Robert Gates və Leon Panetta də müdafiə edirdi. Onlar xəbərdarlıq edirdilər ki, İrana qarşı mümkün hücum Yaxın Şərqi geniş regional müharibəyə sürükləyə, enerji bazarlarını sarsıda və qlobal iqtisadiyyata ağır zərbə vura bilər. Eyni zamanda Vaşinqtonda belə hesab olunurdu ki, hərbi müdaxilə İranın nüvə proqramını tam dayandırmaq əvəzinə onu daha gizli və daha sürətli inkişaf mərhələsinə keçirə bilər.

Məhz buna görə Vaşinqtonda uzun müddət “təzyiq et, amma tam müharibəyə girmə” strategiyası üstünlük təşkil edib.

ABŞ milli təhlükəsizlik dairələrində aparılan araşdırmalar göstərirdi ki, hava zərbələri İranın nüvə proqramını tam məhv etməyə kifayət etməyə bilər.

Analitiklərin qiymətləndirməsinə görə İranın nüvə obyektləri müxtəlif bölgələrə yayılıb, bəzi obyektlər yerin dərin qatlarında yerləşir və ehtimal olunan gizli mərkəzlərin mövcudluğu istisna edilmir. Bundan əlavə, Tehranın elmi və texnoloji potensialının yüksək olması proqramın yenidən bərpasını mümkün edə bilərdi.

Bu səbəbdən ABŞ-də formalaşan qənaət belə idi ki, mümkün hücum proqramı yalnız bir neçə il geriyə sala bilər, lakin tam şəkildə dayandıra bilməz.

Ekspertlər hesab edirdilər ki, əgər Vaşinqton həqiqətən İranın nüvə proqramını tam aradan qaldırmaq istəyirsə, bu halda məsələ yalnız hava hücumları ilə bitməyəcək və daha genişmiqyaslı hərbi əməliyyatlar gündəmə gələcək.

ABŞ üçün əsas risklərdən biri də İranın cavab imkanları idi.

Vaşinqton hesab edirdi ki, Tehran müharibə başlayacağı halda həm ballistik raket imkanlarından istifadə edə, həm də regiondakı ABŞ hərbi bazalarını və müttəfiq infrastrukturlarını hədəfə ala bilər. Bununla yanaşı, İranın regiondakı silahlı qruplarla əlaqələrinin münaqişəni daha geniş coğrafiyaya yaymaq potensialına malik olduğu düşünülürdü. ABŞ strateqləri həmçinin ehtimal edirdilər ki, Hörmüz boğazında enerji daşımalarının təhlükə altına düşməsi qlobal neft bazarında ciddi böhran yarada və dünya iqtisadiyyatına ağır təsir göstərə bilər.

Vaşinqtonda əsas qorxulardan biri də müharibənin nəzarətsiz eskalasiyaya çevrilməsi idi. Çünki hər İran cavabı yeni ABŞ zərbəsinə, hər yeni zərbə isə növbəti eskalasiyaya səbəb ola bilərdi.

ABŞ daxilində bəzi strateji hesabatlarda maraqlı nəticə ortaya qoyulurdu: İrana hücum əks effekt verə bilərdi.

Analitiklər hesab edirdilər ki, hərbi hücum İran cəmiyyətini hökumət ətrafında birləşdirə, Tehranı nüvə silahını təhlükəsizlik zəmanəti kimi görməyə sövq edə və beynəlxalq nəzarət mexanizmlərini zəiflədə bilər.

Bundan əlavə, İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı azaltması və ya nüvə sazişlərindən çıxması ehtimalı Vaşinqton üçün əlavə risk hesab olunurdu.

Tramp administrasiyasında isə fərqli yanaşma formalaşmışdı.

Keçmiş dövlət katibi Mayk Pompeo hesab edirdi ki, ABŞ hərbi, iqtisadi və diplomatik üstünlüyü sayəsində eskalasiyanı idarə edə bilər.

Bu yanaşma nəticəsində ABŞ İran nüvə sazişindən çıxdı, İran iqtisadiyyatına maksimum təzyiq siyasəti tətbiq edildi və 2020-ci ildə Qasım Süleymani öldürüldü.

Lakin sonrakı hadisələr göstərdi ki, İran məsələsində risklər hələ də tam aradan qalxmayıb.

ABŞ administrasiyalarının onilliklər boyu İranla tammiqyaslı müharibədən yayınmasının əsas səbəbi məhz bu mürəkkəb hesablamalar idi.

Vaşinqton anlayırdı ki, müharibənin başlanması asan olsa da, nəticələrini idarə etmək son dərəcə çətin ola bilər. İranın coğrafiyası, əhalisi, regional təsiri və enerji bazarındakı rolu ABŞ üçün hərbi variantı son dərəcə riskli ssenariyə çevirirdi.

Bu səbəbdən İrana qarşı müharibə uzun illər ABŞ siyasətində nəzəri seçim kimi qalsa da, praktiki mərhələyə keçməsi daim təxirə salınırdı.

Məqalədə: #Tramp İran siyasəti #İran nüvə proqramı #ABŞ-ın Yaxın Şərq siyasəti #ABŞ və İran münasibətləri #İran müharibəsi #Pentaqon strategiyası #Donald Trump #Mike Pompeo #James Mattis #İran və ABŞ qarşıdurması #Vaşinqton strategiyası

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

12 Sentyabr 11:23

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.