13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks

Təxminən doxsan ildən çoxdur ki, dünyasını dəyişməsinə baxmayaraq, nə "Mühacirət ədəbiyyatı", nə də "Ərəb İntibahının qabaqcılları" sırasında Cübran Xəlil Cübran qədər tənqidçilər və araşdırmaçılar arasında daimi mübahisə mövzusu olan ikinci bir şəxs tapmaq çətindir. Çox vaxt kəskin formalar alan bu polemikalar yalnız "Fırtınalar" müəllifinin ədəbi və intellektual liderliyi ilə məhdudlaşmayıb; onun həyatının hər bir xırdalığına, davranışlarına, şəxsi bioqrafiyasına, xüsusən də duyğusal aləminə və qadınlarla münasibətlərinə qədər uzanıb.

25 Avqust 2026 20:05
Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks

Təxminən doxsan ildən çoxdur ki, dünyasını dəyişməsinə baxmayaraq, nə "Mühacirət ədəbiyyatı", nə də "Ərəb İntibahının qabaqcılları" sırasında Cübran Xəlil Cübran qədər tənqidçilər və araşdırmaçılar arasında daimi mübahisə mövzusu olan ikinci bir şəxs tapmaq çətindir. Çox vaxt kəskin formalar alan bu polemikalar yalnız "Fırtınalar" müəllifinin ədəbi və intellektual liderliyi ilə məhdudlaşmayıb; onun həyatının hər bir xırdalığına, davranışlarına, şəxsi bioqrafiyasına, xüsusən də duyğusal aləminə və qadınlarla münasibətlərinə qədər uzanıb.

Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir? Bunu da oxuyun Yazıçı, rəssam,filosof və dahi - Cübran Xəlil Cübran kimdir?

Müəllifin yaradıcılıq məhsulu ilə gündəlik davranışı arasındakı uyğunluq məsələsi hər zaman mübahisəli və fərqli baxışlara açıq olsa da, real həyatdan nələrsə mütləq şəkildə ədəbiyyata və incəsənətə sızır, onların ifadə güzgülərində əks olunur.

"Qırıq qanadlar" əsərində oxucuların qəlbini parçalayan və melodramatik şəkildə göz yaşı axıdan emosional dildən istifadə edərək Səlma Kəraməyə olan uğursuz məhəbbət hekayəsini danışan gənc və romantik xəyalpərəst Cübran obrazı qarşımıza çıxır.

"Üsyankar ruhlar"da anası Rahilin evinə sığındığı və "ruhunun dalğalarını öz ruhunun ətrafında hiss etdiyi" Məryəm obrazı Məcdəlli Məryəmin dəyişdirilmiş variantına çevrilir. "Çəmənliklərin gəlinləri" əsərində isə yetim qız Marta əl-Baniyyə onu tovlayıb evlilik vədi verən varlı bir gəncin qurbanı olur. Hamilə qaldıqdan sonra övladını və günahkar hamiləliyinin bəhrəsini dolandırmaq üçün fahişəlik etmək məcburiyyətində qalır, sonda isə alçaldılmış və təcrid olunmuş şəkildə vəfat edir. Bu və digər hekayələrdə Cübran dəyərlər sisteminin çürük əsaslarını ifşa edir, varlıqların ruhani mahiyyətini üzə çıxarır ki, bu paklığa bədənin günahları belə xələl gətirə bilmir.

Z nəsli üçün Cübran: Şeytan əsərinin analizi Bunu da oxuyun Z nəsli üçün Cübran: Şeytan əsərinin analizi

"Peyğəmbər" kitabında isə Cübranın şəxsiyyətinin və insani mövqelərinin ən yetkin forması ilə qarşılaşırıq. O, qəhrəmanı Əl-Mustafanın dili ilə məhəbbət haqqında soruşulduqda, insanların sevginin səsinə və çağırışlarına tabe olmalı olduğunu, bu yolun sıldırımlı və tikanlı olsa belə izlənməli olduğunu bildirir. Nikaha qarşı mənfi mövqe nümayiş etdirməsə də, münasibətin bir buxova çevrilməsini rədd edir, tərəflər arasında qalmalı olan məsafə ideyasını vurğulayır, habelə digərində tam ərimə və yox olma fikrini inkar edir.

"Birlikdə oxuyun, rəqs edin və sevinin, lakin hər biriniz tək qalmağı bacarsın".

Həzz barədə soruşulduqda isə onu axtarmağı rədd etmir və arzulayanları qınamır, bir şərtlə ki, insanlar onun nəğməsində qəlblərini itirməsinlər, ruha etinasızlıq göstərib ona xələl gətirməsinlər.

Cübran Xəlil Cübran və Peyğəmbər: Ruhun azadlıq manifesti Bunu da oxuyun Cübran Xəlil Cübran və Peyğəmbər: Ruhun azadlıq manifesti

Lakin Cübranın qadın, məhəbbət, nikah, bədən və ruh haqqında irəli sürdüyü aydın nəzəri mövqelər onun həyatındakı çoxsaylı qadınlarla faktiki münasibətlərinin təbiətindən doğan qarışıqlığı ört-basdır edə bilməyib. Mixail Nuaymə Cübran haqqındakı kitabında dostunu təkcə göylərdən yerə endirməklə kifayətlənməyib; həm də onun daim iddia etdiyi ruhanilik və cismani zahidlik sifətlərini üzərindən soyundurub, şəxsiyyətinin şəhvani tərəfini, xüsusən də Meri Haskelin tanış etdiyi Mişlinlə münasibətini qabardaraq dostunun Haskelin ağlı ilə Mişlinin bədəni arasında bölündüyü qənaətinə gəlib.

Nuayməni dostuna qarşı qısqanclıqda və ona zərər verməkdə günahlandıran Tofiq Sayiq isə "Cübran üzərinə yeni işıqlar" adlı kitabında Cübranın qadınlarla çoxsaylı əlaqələrinin olduğunu, o cümlədən Mişlinə qarşı şəhvani cazibə bəslədiyini inkar etmir.
Lakin yazmağa və yaradıcılığa həsr olunmuş bir sənətkar kimi onun vaxtında bu hisslərə sərhəd qoymağı bacardığını bildirir. Sayiq qeyd edir ki, Haskel ilə Cübran arasındakı münasibət nə sırf ruhani, nə də sırf cismani idi.Hər iki tərəf üçün psixoloji və fiziki ağrılara səbəb olmasına baxmayaraq, yalnız öpüşlərlə kifayətlənən bu bağ iki meyl arasında tərəddüd edib qalırdı.

Cübranın duyğusal bioqrafiyasını izləyən biri onda nə tükənmə dərəcəsinə çatan həddindən artıq cinsi meyl, nə də tərki-dünyalığa toxunan nifrət müşahidə edər. Əksinə, o, anormallıq və sapmadan daha çox, normal insana yaxınlaşdıran bir mötədillik nümayiş etdirir. Evlilikdən uzaq durması isə bütünlüklə özünü yazmağa və sənətinə həsr etmək istəyindən irəli gəlirdi.
Təsadüfi deyil ki, Haskel 1922-ci ildə Cübranın ona belə dediyini nəql edir: "Nə qədər cüzi olursa-olsun, başqa bir zəkanın varlığı mənim üçün hər şeyi məhv edir. Mən ən yaxşı bacardığım işləri tənha olanda edirəm; insan heç kimə yaxın olmayanda hamıya yaxın olur".

Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə Bunu da oxuyun Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə

Həqiqət budur ki, Cübran öz yüksək həyati enerjisini sırf cinsi sahədə və şəhvani istəklərdə tükətməmək üçün son dərəcə ehtiyatlı davranıb. Onun böyük hissəsini bədii və yaradıcı əsərlərini güc və partlayış səbəbləri ilə yükləmək üçün qorumaq istəyib. Bunu ən yaxşı təsdiqləyən məqam onun Haskelə fiziki münasibətlərinin yalnız bəzi öpüşlər və təmkinli qucaqlaşmalarla məhdudlaşmasını əsaslandırarkən dediyi sözlərdir: "Fiziki zəifliyimə baxmayaraq, məndə cinsi baxımdan bol istilik var və inanıram ki, məndə şübhəsiz canlı bir güc də mövcuddur; çünki cinsi enerjimin böyük bir hissəsinin çevrilib yaradıcılığıma cəmləndiyinə inanıram".

Yuxarıda deyilənlərin işığında Cübranın Mey Ziyadə ilə münasibətini okeanların o tayından daşınan onlarla məktubun çiynində, sırf linqvistik və duyğusal çərçivədə saxlamasının əsl səbəbini anlaya bilərik. Aydındır ki, Cübran Mey vasitəsilə daxilindəki yaradıcılıq alovunun sönməsinin qarşısını alacaq əlavə bir yanacaq axtarırdı. Bu isə Meyi yalnız öz xəyalında qurduğu xəyali və spektral bir məkana yüksəltməklə mümkün ola bilərdi.
"Qum və köpük" kitabında hərfi mənada: "Hər bir kişi iki qadını sevir: biri xəyalının yaratdığı, digəri isə hələ doğulmamış qadındır" deyən Cübran daxilən dərk edirdi ki, xəyali qadınla olan platonik münasibətinin yaratdığı bu yaradıcı alov ət və qandan olan real qadınla qarşılaşacağı təqdirdə sürətlə sönməyə məhkum idi.

Onun heç bir şəhvani məna daşımayan çılpaq rəsmlərində kişilik çatışmazlığı və ya bədən meyllərindən bezmə əlaməti görənlər isə qəsdən və ya fərqinə varmadan sənətlə həyatı bir-birinə qarışdırırlar. Çünki bu rəsmlər bəzi tədqiqatçıların iddia etdiyi kimi onun cinsi zəiflikdən və ya "qadınlıq" dozasının yüksəkliyindən əziyyət çəkdiyini deyil, müəllifin ruhani ucalığa və torpaqdan olan bədənin ehtiyaclarından arınmağa olan canatmasını əks etdirirdi.

Livanlı tədqiqatçı Xristo Nəcm "Cübranın həyatında qadın" kitabında Cübranın anası Kamilə Rəhmə ilə qurduğu həddindən artıq şəfqət və qayğı bağının onu həyatındakı çoxsaylı qadınların simasında anasının obrazını axtarmağa sövq etdiyini göstərərkən bəlkə də həqiqətdən uzaq deyildi. Bu amil onun bağlandığı qadınların əksəriyyətinin ondan yaşca böyük olmasını izah edir. Həla əd-Dahir ondan iki yaş, Meri Haskel on yaş, Sultana Sabit beş yaş, Cozefin Pibodi altı yaş böyük idi, hətta ən sevimli məşuqəsi Mişlin belə ondan bir neçə ay böyük idi.

Lakin Nəcmin Cübranın "qadınlığı", cinsəllikdən diksinməsi və hətta onu cinsi zəiflikdə ittiham etməsi ilə bağlı çıxardığı qəti nəticələr əsla yerində deyil. Nəcmin ifrat duyğusal dili və hüznlü qırılmaları olan "Göz yaşı və təbəssüm" və "Qırıq qanadlar" kitablarına istinad edərək onlarda "kişilik cəsarətindən tamamilə məhrum qadın tipi" görməsi yetərli deyil.Çünki belə olan halda o, onlarla romantik yazıçı, rəssam və şairi də qadınlıq dairəsinə salmalı olardı. Həmçinin Nəcmin ağlına niyə Cübranın "Üsyankar ruhlar", "Fırtınalar" və digər əsərlərindəki aydın kişi qəzəbini və qüdrətini göstərən fərqli mətnlərə istinad etmək gəlməyib?

Doğrudur, Cübran Meri Haskelə: "Sənətkarın ruhundakı qadın onun güc mənbəyidir" demiş, özünü hamilə qadına bənzədərək hərfi mənada: "Mən bir neçə dəfə ana olduğumu hiss edirəm" sözlərini əlavə etmişdi. Lakin o, şübhəsiz ki, bu sözləri fizioloji mənada deyil; yazıçıya zəriflik, səbir, varlıqlara və əşyalara qarşı həssas dinləmə qabiliyyəti bəxş edən və yazmağın özünü bir növ qadınlıq halına çevirən simvolik mənada işlətmişdi.

Məqalədə: #ABŞ sərt mühacirət siyasəti #Cübran Xəlil Cübran kimdir? #Cübran Xəlil Cübran #Z nəslinə özəl: Cübran Xəlil Cübran fəlsəfəsi bir neçə dəqiqədə #Peyğəmbər əsərinin analizi: Cübran Xəlil Cübran hikməti #Cübran Xəlil Cübran və Peyğəmbər: Ruhun azadlıq manifesti #BookHub təqdim edir: Cübran Xəlil Cübran və Şeytanın dərsləri #Z nəsli üçün Cübran: Şeytan əsərinin inqilabi analizi #Mühacirət ədəbiyyatı #Ərəb İntibahının qabaqcılları

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
09:00
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
08:42
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
08:28
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
08:00
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
07:55
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.