Biz bu mövzuda yalnız XX əsrdə faizsiz bankçılıq haqqında təşəkkül tapan ilk nəzəri düşüncələri nəzərdən keçirəcəyik. Ümumiyyətlə orta əsrlərdən başlayaraq müasir dövrə qədər müsəlman ölkələrində demək olar ki, pul-kredit münasibətləri şəriətin hökmünə əsasən uzun müddət dəyişilməz qalmışdır. Lakin dünya kapitalist iqtisadiyyatının meydana gəlməsi, sivil bazar sisteminin formalaşması, beynəlxalq bazarın təşəkkülü İslam pul-kredit sisteminin hərəkətə gəlməsinə səbəb oldu. Yəni müsəlman Şərqində neft-dollar mənbələrinin artması pul-kredit münasibətlərinin dinamik xarakter daşımasına təsir göstərdi.
Eyni zamanda bir sıra müsəlman ölkələrində, xüsusən Misirdə, Pakistanda, Türkiyədə kapitalist iqtisadiyyatına olan meylin güclənməsi borc kapitalına olan ehtiyacın artmasına gətirib çıxartdı.
Lakin faizin haram olmasına görə qadağaların hökm sürməsi istər-istəməz ona yeni yanaşma yollarının axtarılmasına səbəb oldu. Nəticədə bir qisim müsəlman ilahiyyatçı alimləri faizin haram olmasına yeni baxışla yanaşmağa cəhd göstərməklə, onu modernləşdirmək istəyirdilər.
Misir müftisi Məhəmməd Əbdo ilk dəfə olaraq pulun banklarda yığılması və ondan mənfəət kimi pay alması haqqında fətva vermişdir. Lakin bu fikir müsəlman ölkələrində birmənalı qəbul edilmədi. Digərləri isə şəriətin müəyyən etdiyi qadağalar əsasında bank sisteminin yaradılmasına cəhd göstərirdilər.
İkinci istiqamət artıq öz bəhrəsini İslam İnkişaf Bankı (İİB) timsalında verdi. Faizsiz bankçılıq anlayışı ilk dəfə ortaya atılanda mütəxəssislər və iş adamları buna “utopya” kimi baxırdılar. Bu haqqda fikirlər ilk dəfə 1942-ci ildə meydana çıxmışdır.
XX əsrdə İslam ölklərində sənayeləşmənin sürətlənməsi və 70-ci illərdə neftin qiymətində kəskin artım faizsiz bank modelinin yaradılmasını zəruri edirdi. 1940-cı illərdə Malaziyada və 1950-ci ildə Pakistanda faizsiz bank qurmaq niyyəti uğursuzluqla nəticələndi.
Müasir faizsiz bankçılıq haqqında fikirlər Pakistanda daha çox mühüm yer tutur. Pakistanlı alimi Məhəmməd Üzeir 1955-ci ildə faizsiz müasir bankçılıq mövzusunda xüsusi olaraq ilk nəzəri araşdırmanı ortaya qoyan iqtisadçıdır.
Bu araşdırmadan sonra ərəb dünyasının İslam və İqtisadiyyat sahələrində məşhur alimlərdən olan və 1959-cu ildə Misirin kənd təsərrüfatı ilə bağlı olan bölgələrində faizsiz banklar təsisi fikrini praktiki olaraq ilk dəfə ortaya atan Dr. Əhməd Muhəmməd ən-Nəccardır. Nəzəri çalışmalarından sonra praktiki fəaliyyətə keçən prof. Əhməd Nəccarın, 1963-66 ci illərdə Misirin bir bölgəsində sınadığı faizsiz bank modeli ilk alternativ sınaq oldu.
1960-cı illərin əvvəlində Məlik Abdüləziz Universitetində konfrans keçirildi. Bu konfransda bu mövzular müzakirə olundu.
- İnkişafda olan ölkələrin iqtisadi və ictimai problemləri
- İslam dünyasındakı yerimiz və vəziyyətimiz
- Bu dünya insanına aid mədəniyyət sintezi
- Misirdə tətbiq edilən şəkildə faizsiz banklar
- Bu modelin texniki, iqtisadi və ictimai istiqamətlərdən dəyərləndirilməsi
1940-cı ildən 1974-cü ilə qədər, klassik faizli banklara qarşı qurulması lazım olan İslam bankları mövzusunda yazılan kitablar və hesabatların ümumi sayı təxmini 20 ədəd olub. (Bu kitabların tam siyahısı üçün baxın Dr. Cəmaluddin Atiyyə, “İslam bankları”, Qatar, 1086, s.168-170)
Müasir bankçılığın faiz əsası yerinə mənfəət şərikiliyi əsasına uyğun olaraq yenidən İslam prinsiplərinə görə qurulmasının vacibliyi haqqında ilk fikirləri Qureyşinin “Faiz nəzəriyyəsi və İslam” əsərində, Naim Siddiqinin “İslama görə bankçılıq” əsərində və Mahmud Əhmədin “İslam İqtisadı: müqayisəli bir tədqiq” əsərlərində rast gəlinir. 1950-ci ildə Abul-Ala əl-Mövdudinin “Faiz” adlı əsərində bu barədə geniş məlumat verilmişdir. Bundan başqa 50-ci illərdə Dr.Məhəmməd Üzeyir “Faizsiz bankçılığa dair izah” əsəriylə, Əhməd İrşad isə “Faizsiz bankçılıq” əsəriylə bu haqqda məlumat vermişlər.
60-cı illərin sonlarında Abdullah əl-Arabinin “Müasir bankçılıq əməliyyatları və İslamın bu mövzudakı fikirləri” əsərində, Məhəmmdə Necatullah Siddiqinin “Faizsiz bankçılıq” əsərində, Əhməd Ən Naccarın “İslam ölkələrinin iqtisadi və sosial inkişaf strategiyası olaraq banklar” adlı əsərlərində faizsiz bankçılıq haqqında daha geniş məlumat verilmişdir.
1970-ci ildə İsa Abduh “Faizsiz banklar” adlı əsərini yazmış və M.A.Mannan “İslam iqtisadiyyatı: nəzəriyyə və praktika” adlı əsərində faizsiz bankçılığa ayrı bir fəsil ayırmışdır. Daha sonra 70-ci illərin əvvəllərində Qərib əl-Camal “İslam və pozitiv hüquqda banklar və bankçılıq əməliyyatları” adlı əsərini, Mustafa Abdullah əl-Həmşəri “Bankçılıq əməliyyatları və İslam” adlı əsərini və Sami Hamud “Tatvir əl-Amal əl-Masrifiyyeh bima Yettefiqu vəş-Şeriatil-İslamiyyə” adlı əsərini yazmışdır.
Bu erkən dövür yazarlarının nəzəriyyələrini bu nöqtələrdə xülasə edə bilərik.
- Dar gəlirlilərə zərər verdiyi üçün ticarət banklarının kredit vermələrinə icazə verilməməlidir, bu iş pul istehsalı əlində olan dövlətə həvalə edilməlidir.
- Bankın bütün fəaliyyəti faiz təməlinə deyil, kar və zərərdə şəriklik prinsipinə əsaslanmalıdır. Bu şəriklik şirkət şəkilində ola biləcəyi kimi, bir tərəfin sərmayə digər tərəfin isə iş və əmək qoymasına əsaslanan mudarəbə şəklində də ola bilər. Əksər alim faizsiz bankların fəaliyyətini daha çox mudaraba, yəni, mənfəət-zərər şərikliliyi əsasına görə fəaliyyətlərini təsvir ediblər. Yəni, daha çox ticarət əsasına görə götürüblər.
- Prof. Dr. Hamidullah, istehlak və digər xərcləmələr məqsədiylə alınan borc pulların faizsiz olaraq alınıb-verilə bilməsi üçün, Heydərabadda uğurla tətbiq edilən yardım dərnəklərinin genişləndirilməsi üçün çağrışlar etmişdir.
- Qureyşinin modelinə görə, bank nə depozitorlara (banka pul qoyanlara) faiz ödəyər, nədə ki kreditorlardan (bankdan pul götürənlərə) faiz alar, dövlət digər sosial-iqtisadi xidmətlər kimi, bu məqsədlə fəaliyyət göstərən bankların da xərclərini qarşılayar. Mevdudi də ər-Riba adlı əsərində eyni modeli tövsiyə edir. Qureyşi və Mevdudiyə görə banklar, eyni zamanda gəlirli layihə və investisiyaların sərmayələrinə də ortaq ola bilərlər.
- Ahmed Ərşadın araşdırması kənd təsərrüfatı, sənaye, əmlak kimi bəlli sahələrlə məşğul olan bankların qurulmasını təklif etdir, eyni zamanda mərkəz bankının fəaliyyətləri ilə bunun dövlətlərarası ticarətlə əlaqəsini də ehtiva etməkdədir.
- Muhamməd Abdullah əl-Arabinin kitabında və 1972-ci ilində Ciddədə toplanan İslam Ölkələri Xarici İşlər Nazirləri Konfransında təqdim edilən hesabatda (bu hesabatı hazırlayanlar arasında Prof. Dr. Nəccar da var idi) ticarət və inkişafa yönəlmiş dövlətlərarası bankların qurulması və bu bankların daxili və xarici ticarət ilə investisiya və inkişaf mövzularında tənzimləyici rol oynamaları üzərində durulmuşdur.
- Prof. Dr. Nəccar qurulacaq bölgə banklarında qənaət və investisiya ilə yanaşı, zəkat fondundan da faydalanmaqla sosial xidmətlərin yerinə yetirilməsini, beləcə bölgənin inkişafına qatqı təmin edilməsini istəyirdi.
- Muhamməd Aziz ölkə xarici əməliyyatların tamamilə dövlət banklarına həvalə edilməsini, ölkə daxilində, qurumların fəaliyyətinin maliyyələşdirilməsində qısa vədəli (1-3 aylıq) maliyyə gəlirinin, qurumun illik qazancının ortalamasına görə hesab ediıməsi fikrini müdafiyə edirdi.
- Muhamməd Nəcatullah Siddiqi İslam qanunları ilə idarə olunun dövlətdə mərkəz bankının rolunu və kommersiya bankları ilə əlaqəsini, banklar üçün lazım olan pul vəsaitinin təmin edilməsi, ictimai sektorun maliyyələşdirilməsi üçün dövlət sertifikatlarının istifadə edilməsi, bir təşviq faktoru olaraq bu sertifikatları satın alanlara bəzi istisna və azad olma imkanının verilməsi… baxımından ələ almışdır.
- Qureyşi və Mevdudi kimi (yuxarıda qeyd etdiyimiz hesabatı hazırlayan Misiri iqtisadçılar da təşviq tədbiri olaraq cari hesabları olanların bank xərclərindən azad olunmalarını, zəkat fondundan bunlara faizsiz borc pul veriməsini, cari hesabında bəlli bir miqdar pul saxlayanlara və kar-zərər şərikliyi sənədi alanlara, maliyyələşmə asanlığı (faizsiz) təmin edilməsini önə sürmüşdülər.
- Ali Abdurrasul, digər yazarlardan ayrılaraq tək başına kommersiya sənədlərində güzəşti caiz görür.
- Mevdudiyə görə banklar zəkatı toplamaq və paylamaq işi ilə məşğul olmamalıdır.
- Muhamməd Bakır əs-Sadır, Küveyt Maliyyə Qurumunun hazırlıq işlərini edən komissiyanın istəyi üzərinə hazırladığı hesabatda, klassik banklar arasında fəaliyyət göstərəcək və fəaliyyətini faizsiz olaraq davam etdiricək olan bir bank modelini ələ almış və bu mövzularda digər yazarlardan ayrılmışdır. a)Pulunu banka qoyanlar zərərə qatılmamalıdır.. b) Faizsiz banklar xərclərini qarşılamaq üzrə bəzi mallarını (bir qisim sərmayəsini) klassik banklara yatırlmalı və bunlardan faiz almalıdır. c) Bank əməliyyatlarının böyük qismi , müdarəbə deyil cu`alər (qeyri-müəyyən bir iş və ya xidmətə qarşılıq olaraq öncədən təyin edilmiş məbləğ əsasına görə iş və xidmət) prinsipinə dayanmalıdır.
- Küveyt Maliyyə Qurumunun hazırlıq işlərini edən komissiya isə, mudarəbə prinsipinə əsaslanan investisiyaların diversifikasiya edilməsinə, şəriklərin və kar-zərər hesabına pul yatıranların zərərlərini qarşılamaq məqsədiylə ehtiyat və təhsisat ayrılmasına önəm vermişdir.
- Bəzi yazarlar geri qayıtmayan borclar və bu mahiyyətdəki itkiləri qarşılamaq məqsədiylə, qarşılıqlı yardımlaşma əsasına görə fəaliyyət göstərən bir sğorta sisteminin qurulmasını, buraya sərmayə istifadə edənlər ilə zəkat fondunun da dəstək olmasını təklif etməkdədirlər.
Samir Ağayevin “Faizsiz İslam Bankları” və Hayretdin Karamanın “Ekonomi, Banka ve Sogorta” kitablarından istifadə edilmişdir.