Bakı. AzerVoice:
İsrailə silah satışı dayandırılsın və hərbi əməkdaşlığa son qoyulsun.
AzerVoice-un məlumatına görə, bu sözləri Birləşmiş Millətlər Təşkilatının məruzəçisi Saul deyib.
"İsrailə silah satışı dayandırılmalı və hərbi əməkdaşlıq qadağan edilməlidir. İsrailə qarşı sanksiyalar tətbiq edilməlidir. Dünya ölkələri İsraili təkcə hərbi sanksiyalarla deyil, həm də diplomatik və iqtisadi sanksiyalarla beynəlxalq hüququ pozmaqdan çəkinməyə məcbur edə bilərlər. İsrailin Rəfahı işğal etməsi ilə bağlı problem humanitar yardımın Qəzzaya bütünlüklə daxil olması üçün əsas nöqtə olmasıdır",- deyə o bildirib.
Saul qeyd edib ki, hərbi əməliyyatların hər hansı bir artımı beynəlxalq ictimaiyyətin Qəzzaya yardım çatdırmaq imkanını təhlükə altına qoyur. Qəzzada insanların çoxunun kifayət qədər qida istehlak etmədiyini bilirik. İsrailin Qəzzaya yardım axınını əngəlləməsi bir çox insan üçün ciddi aclıq təhlükəsi yaradır. Düşünürəm ki, İsrailin Qəzzada hərbi əməliyyatlar keçirməsi onun beynəlxalq humanitar hüquqa hörmət etmək iqtidarında olmadığını göstərir.
"Qəzzalılar Misir sərhədini keçmək məcburiyyətində qalarsalar, heç vaxt evlərinə qayıtmamaq riski ilə üzləşəcəklər. Bu həm də Fələstin dövlətinin gələcəkdə effektiv fəaliyyət göstərmə qabiliyyətinə zərər verə bilər. Bu məqamda hesab edirəm ki, heç bir ölkə, o cümlədən ABŞ İsrailə silah verməməlidir. ABŞ İsrailin bu müharibəni aparmasını tənqid etsə də, beynəlxalq humanitar hüququn pozulmasında istifadə olunması üçün İsrailə qeyd-şərtsiz silah verir. Onlar İsrailə qarşı sanksiyalar tətbiq edə bilərlər. İsraili çəkinməyə məcbur edə bilərlər. Ölkələrin İsrailə qarşı istifadə etmədikləri çoxlu elementlər var. Məncə, bu, həqiqətən də bir çox Qərb dövlətlərinin ikiüzlülüyüdür",- deyə məruzəçi vurğulayıb.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 576 nəfərə çatıb.