5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır (TAM BƏYANAT)

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir.

4 May 2026 22:40
Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır (TAM BƏYANAT)

BAKI,VOA

Bizim ölkələrimiz strateji tərədaşlardır.

VOA xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında söyləyib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli xanım Baş nazir.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, xanım Baş nazir, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz Azərbaycan-İtaliya dostluq əlaqələrinin inkişafına növbəti töhfə olacaqdır.

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.

Bildiyiniz kimi, bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Keçən il bizim ticarət dövriyyəmiz təxminən 12 milyard dollar təşkil etmişdir. Təbii ki, əlaqələrimizin əsas istiqamətlərindən biri energetika sahəsində tərəfdaşlıqdır. Burada da biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik. Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır. Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac olunmuşdur. Bu gün söhbətlər və danışıqlar əsnasında biz bu həcmi artırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam etdirilməlidir.

Bizim yeni əməkdaşlıq sahəmiz olan hərbi-texniki əməkdaşlıq ümidvericidir. Bu gün bu barədə də danışıldı. Birgə layihələrin həyata keçirilməsi, birgə istehsalın təşkil edilməsi, İtaliya texnologiyalarının Azərbaycan maliyyə vəsaitinin birləşməsi ilə əlaqədar konkret fikirlərimiz var. Bu barədə də geniş danışılıb.

İtaliya bazarı bizim üçün çox maraqlıdır. İtaliya iqtisadiyyatı xanım Baş nazirin rəhbərliyi ilə uğurla inkişaf edir. Azərbaycan Dövlət Neft Fondu son bir neçə il ərzində İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə qoyub. Bu sərmayələrin yeni layihələrə cəlb edilməsi məsələləri də müzakirə olunmuşdur.

Əlbəttə ki, İtaliya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinin çox böyük tarixi var. Hazırda İtaliyanın 130-a yaxın şirkəti Azərbaycanda fəaliyyət göstərir. İstəyirəm ki, onların sayı daha da çox olsun. O cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və həyata keçirir. Xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir. Təbii ki, bütün bu biznes, kommersiya, ticarət əlaqələri, şirkətlərin birgə fəaliyyəti və digər məsələlərlə yanaşı, biz bəlkə də ən vacib sahəni də unutmamışıq, o da təhsil sahəsidir. Keçən il Bakıda böyük təntənə ilə İtaliya-Azərbaycan Universiteti açılmışdır. Azərbaycanda təhsilin inkişafına bu universitetin çox böyük təsiri və töhfəsi olacaq. Bizə verilən məlumata görə, artıq 500-dən çox tələbə orada təhsil alır və gələcəkdə onlar həm peşəkar mütəxəssislər, həm də ki, Azərbaycanın İtaliyada və İtaliyanın Azərbaycanda təbii elçiləri olacaqlar. Beləliklə, bizim dostluğumuz bundan sonra inamla davam etdiriləcəkdir.

Hörmətli xanım Baş nazir və nümayəndə heyətinin üzvləri, sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.

Məqalədə: #Prezident İlham Əliyev #rəsmi səfər #Beynəlxalq əməkdaşlıq #Diplomatik görüş #strateji tərəfdaşlıq #Dostluq körpüsü #ikitərəfli əməkdaşlıq #Azərbaycan İtaliya münasibətləri #Ciorcia Meloni

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.