Bakı, AzerVoice
Azərbaycanın dini icmaları adından Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətinizin uğurlu başlaması münasibətilə səmimi təbriklərimizi çatdırmaq bizim üçün böyük imtiyaz və şərəfdir. Bu ali vəzifənizdə Sizə ən xoş arzularımızı, həmçinin bu ali vəzifəni Sizə etibar edən Amerika xalqına davamlı firavanlıq və rifah diləklərimizi bildiririk.
Müxtəlif dinlərə mənsub insanların tarixən sülh və harmoniya şəraitində birgə yaşayan Azərbaycanın dini liderləri olaraq, biz də bu fürsətdən istifadə edərək, Sizin Birləşmiş Ştatlarda ənənəvi dəyərlərin və dini etiqad azadlığının qorunması məsələlərinə sarsılmaz sadiqliyinizə görə öz dərin minnətdarlığımızı bildiririk. Sizin din, ailə və əxlaq prinsiplərinə qəti sadiqliyiniz bütün dünyada milyonlarla insana ümid işığı tutur, yenidən mənəvi dəyərlərin və əxlaqi bütövlüyün təşviq edilməsinə xidmət edir.
AzerVoice xəbər verir ki, bu fikirlər Azərbaycandakı dini konfessiyaların ABŞ Prezidenti Donald Trampa ünvanladıqları məktubda yer alır.