Qətər və Şimali Makedoniya əmək bazarlarının inkişaf etdirilməsi və iş şəraitinin yaxşılaşdırılması məqsədilə əmək sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalayıb.
ArabAZ xəbər verir ki, saziş Qətərin əmək naziri Əli bin Səmiх Əl-Mərri və Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi tərəfindən Skopyedə imzalanıb.
Sənəd iki ölkə arasında əmək münasibətləri üzrə təcrübə mübadiləsinin genişləndirilməsini, əmək bazarlarının inkişaf etdirilməsini və hər iki ölkədə iş mühitinin yaxşılaşdırılmasını nəzərdə tutur.
Saziş çərçivəsində əmək qanunvericiliyinin inkişaf etdirilməsi və əmək bazarının tənzimlənməsinin gücləndirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır. Tərəflər özəl sektorda məhsuldarlığın artırılması və daha əlverişli iş şəraitinin yaradılmasına da diqqət yetirəcəklər.
Əmək münasibətləri, əmək müfəttişliyi, əməyin mühafizəsi və təhlükəsizliyi sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. Bu istiqamətdə tərəflər təcrübə, araşdırma və səfər mübadiləsi aparacaqlar.
Əmək təhlükəsizliyi çərçivəsində işçilər üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsinə yönəlmiş qabaqlayıcı tədbirlərin də müzakirə olunacağı bildirilib.
Qətər və Şimali Makedoniya əmək qanunvericiliyinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fikir və təcrübə mübadiləsi də aparacaqlar. Tərəflərin yazılı razılığı əsasında əməkdaşlığın digər müvafiq sahələrə də genişləndirilməsi mümkündür.
Sazişin icrasını təmin etmək məqsədilə birgə komitənin yaradılması nəzərdə tutulur. Komitə hər iki tərəfdən bərabər sayda nümayəndədən ibarət olacaq.
Birgə komitə əməkdaşlıq istiqamətlərinin əlaqələndirilməsi və həyata keçirilməsi, həmçinin gələcək əməkdaşlıq proqramlarının hazırlanması və qiymətləndirilməsi ilə məşğul olacaq.
Komitəyə, həmçinin sazişin müddəalarının şərh edilməsi və onun icrası zamanı yarana biləcək çətinliklərin həllinə kömək göstərilməsi vəzifəsi həvalə olunacaq.
Sənədə əsasən, tərəflər razılaşdırılmış fəaliyyət və təşəbbüslərin həyata keçirilməsi üçün xüsusi əməkdaşlıq proqramları da hazırlayacaqlar. Bu proqramların iki ölkə arasında əmək sahəsində təcrübə mübadiləsini və ikitərəfli əməkdaşlığı daha da gücləndirəcəyi gözlənilir.