Səudiyyə Ərəbistanının təhlükəsizlik orqanları bir həftə ərzində ümumilikdə 14 165 qanunsuz miqrantı saxlayıb. ArabAZ xəbər verir ki, bu haqda Krsallığın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, həbslər təhlükəsizlik qüvvələrinin müvafiq dövlət qurumları ilə birgə 27 avqust – 2 sentyabr tarixləri arasında keçirdiyi kompleks təftiş reydləri zamanı həyata keçirilib.
Saxlanılanlardan 7 121 nəfəri Yaşayış Qanununu, 3 636 nəfəri Sərhəd Təhlükəsizliyi Qanununu, 3 408 nəfəri isə Əmək Qanununu pozan şəxslərdir. Ümumilikdə 12 363 qanunsuz sakin ölkədən deportasiya olunub; eyni zamanda səyahət sənədlərinin alınması üçün 18 937 qanun pozucusu aidiyyəti diplomatik nümayəndəliklərə, 3 240 nəfər isə gediş biletlərinin bronlaşdırılmasını tamamlamaq üçün müvafiq qurumlara yönləndirilib.
Krallığa sərhəddən qanunsuz daxil olmağa cəhd edərkən saxlanılanların ümumi sayı 1 315 nəfər təşkil edib. Onların 41 faizi Yəmən, 58 faizi Efiopiya, bir faizi isə digər ölkələrin vətəndaşlarıdır. Krallıq ərazisini qanunsuz tərk etməyə çalışan 42 nəfər də yaxalanıb.
Qanun pozucularına nəqliyyat təmin edən, sığınacaq verən və onları işlə təmin edən 21 nəfər də həbs edilib. Hazırda 27 845-i kişi, 1 928-i qadın olmaqla ümumilikdə 29 773 əcnəbiyə qarşı hüquqi tədbirlərin görülməsi üçün zəruri prosedurlar icra olunur.
Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, şəxslərin Krallığa qanunsuz daxil olmasına şərait yaradan, onları ölkə daxilində daşıyan, onlara sığınacaq verən və ya hər hansı digər kömək və xidmət göstərən istənilən şəxsi 15 ilədək həbs və 1 milyon Səudiyyə riyalınadək cərimə gözləyir. Həmçinin daşınmada istifadə edilən nəqliyyat vasitələri və sığınacaq kimi istifadə olunan evlər müsadirə olunacaq.
Nazirlik vətəndaşları və sakinləri qanun pozuntuları ilə bağlı Məkkə, Ər-Riyad və Şərq vilayətlərində 911, Krallığın digər bölgələrində isə 999 və 996 nömrələrinə zəng edərək məlumat verməyə çağırıb.