Husilərin Səudiyyə Ərəbistanının müxtəlif şəhərlərinə hücumları nəticəsində 73 mülki şəxs yaralanıb. Yaralananlar arasında qadın və uşaqların da olduğu bildirilib.
ArabAZ xəbər verir ki,Səudiyyə Ərəbistanının Koalisiya qüvvələrinin sözçüsü, general-mayor Türki əl-Maliki bildirib ki, son hücumlar Əbha, Xamis Müşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektləri hədəf alıb.
Əl-Maliki Husilərin Səudiyyə Ərəbistanının ərazisinə və infrastrukturuna qarşı hücum cəhdlərini “təhlükəli” adlandırıb. Onun sözlərinə görə, bu hücumlar qrupun “düşmənçilik və məsuliyyətsizlik” nümayiş etdirən yanaşmasını göstərir.
Səudiyyə rəsmisi Husiləri ölkənin milli infrastrukturunu və mülki obyektlərini qəsdən hədəfə almaqda ittiham edib və hücumları krallığın suverenliyinin pozulması, vətəndaş və sakinlərin təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirib.
Əl-Maliki bildirib ki, koalisiya qüvvələri Husilərin hücumlarının qarşısını almaq və təhdidlərlə mübarizə aparmaq üçün zəruri əməliyyat tədbirləri görəcək. O, həmçinin hücumların mənbələrinə qarşı tədbirlər görüləcəyini və təhlükənin zərərsizləşdiriləcəyini qeyd edib.