7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Odlar Yurdunun əbədi baharı: NOVRUZ

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Novruz bir çox ölkədə coşqu ilə qeyd olunsa da, bu qədim bayramın təntənəli şəkildə keçirildiyi yerlərdən biri də Azərbaycandır. 21 mart Novruz Bayramı münasibətilə ölkədə bir həftəlik rəsmi tətil elan edilir. Martın 31-nə qədər, paytaxt Bakı da daxil olmaqla, şəhərin park və xiyabanlarında konsertlər və Novruz şənlikləri keçirilir. Türk vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə vizasız səyahət edə bildiyi "Odlar Yurdu" Azərbaycanı görmək üçün Bahar Bayramı ən ideal dövrdür.

2 Mart 2026 12:24
Odlar Yurdunun əbədi baharı: NOVRUZ

Ləman Abdulla, Hürriyet Seyahat Dergisi

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Novruz bir çox ölkədə coşqu ilə qeyd olunsa da, bu qədim bayramın təntənəli şəkildə keçirildiyi yerlərdən biri də Azərbaycandır. 21 mart Novruz Bayramı münasibətilə ölkədə bir həftəlik rəsmi tətil elan edilir. Martın 31-nə qədər, paytaxt Bakı da daxil olmaqla, şəhərin park və xiyabanlarında konsertlər və Novruz şənlikləri keçirilir. Türk vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə vizasız səyahət edə bildiyi "Odlar Yurdu" Azərbaycanı görmək üçün Bahar Bayramı ən ideal dövrdür.

Şuşa Qalası: Bahar möhtəşəm mərasimlərlə qarşılanır

Baharın gəlişini müjdələyən Novruz Azərbaycanda sadəcə bir bayram deyil; o, həm də yaddaşın, kimliyin və yenidən doğuşun simvoludur. Qarabağdan Naxçıvana, Bakıdan Şəkiyə qədər uzanan bu qədim ənənə hər bölgədə fərqli bir rənglə yaşadılır. Azərbaycan üçün Novruz yalnız təqvim dəyişikliyi demək deyil. Sovet dövrünün ən sərt illərində qeyd olunması qadağan edildiyi vaxtlarda belə, Azərbaycan xalqı bu ənənəni evlərinin mətbəxində gizlicə paxlava bişirərək və qapı arxasında yumurta döyüşdürərək yaşatmağı bacarıb. Bu gün Bakının İçərişəhər küçələrindən ucalan zurna səsi həmin iradənin qələbəsini təmsil edir.

Yaradılışın mərhələləri: Dörd müqəddəs çərşənbə

Xalq təqviminə görə, Novruz təbiətin dörd əsas ünsürünü təmsil edən dörd xüsusi çərşənbədən sonra gəlir. Bu dövr kainatın yaradılış mərhələlərini simvolizə edir:

  • Su Çərşənbəsi: Suların yeniləndiyi və çayların canlandığı gündür. Səhər tezdən su kənarına gedilir, təzə su ilə paklanılır.
  • Od Çərşənbəsi: Günəşin və atəşin gücünü simvolizə edir. Həyətlərdə qalanan kiçik tonqallar qışın ağırlığını yandırıb kül edir.
  • Yel Çərşənbəsi: İsinən küləklərin torpağı oyatdığı gündür. İnanılır ki, külək ağacların qulağına "Bahar gəlir" deyə pıçıldayır.
  • Torpaq Çərşənbəsi (İlaxır Çərşənbə): Novruzdan əvvəlki sonuncu çərşənbədir. Torpaq artıq oyanıb və əkinə hazırdır. Ən böyük şənliklər məhz bu axşam keçirilir.

Bu günlərdə evlər təmizlənir, küsülülər barışır. İnanclara görə, Novruzu təmiz qarşılayan evlərə il boyu bərəkət gəlir.

Bayram süfrəsinin rəmzləri

Bayram süfrələrinin baş tacı səmənidir. Bir qaba qoyularaq isladılan buğdaların cücərməsi bolluq və yeni həyatı simvolizə edir. Novruz süfrələri paxlava, şəkərbura, şorqoğal, quru meyvələr və boyanmış yumurtalarla bəzədilir.

Bölgələrdə qədim adətlər

Paytaxt Bakıda Novruz həm evlərdə, həm də küçələrdə böyük təmtəraqla qeyd olunur. Uşaqların qapılara papaq atıb qaçdığı qədim ənənə hələ də qorunur; ev sahibləri həmin papaqları şirniyyatlarla doldururlar. Gənclər isə qulaq falına çıxaraq niyyət tutur və qapı pusurlar; eşidilən ilk söz xoşdursa, niyyətin qəbul olacağına inanılır.

Naxçıvanda Novruz ənənələri daha qədim türk inanclarına söykənir. İnsanlar səhər tezdən axar su kənarına gedir, dilək tuturlar. Bayram süfrələrində plov və balıq yeməkləri önə çıxır.

Şəkidə isə Novruz deyəndə ağıla ilk gələn Şəki halvasıdır. Burada Novruz tam mənası ilə bir paylaşma bayramıdır; böyük süfrələr qurulur, yaxın qohum-qonşular bir-birini ziyarət edir.

Qarabağda Novruz atəşi

Novruzun coşqu ilə qarşılandığı ünvanlarından biri Qarabağdır. İllər sonra bu torpaqlarda yenidən tonqalların qalanması bayrama bambaşqa bir duyğu qatır. Uzun illər "Tonqalı gələn il Qarabağda qalayaq" deyən xalqın duası, bu gün Şuşa səmalarında yüksələn alovlarla gerçəyə çevrilir.

Səyahətçilər üçün tövsiyələr (Gitməli-Görməli)

Azərbaycanın əsrarəngiz təbiəti ilə tanış olmaq üçün bu yerləri ziyarət edə bilərsiniz:

  • Şahdağ və Tufandağ: Novruzda hələ də qar görmək və xizək sürmək istəyənlər üçün ideal ünvanlardır.
  • Qobustan: Min illik qaya rəsmləri ilə tarixə işıq tutan açıq hava muzeyi.
  • İçərişəhər: UNESCO-nun siyahısında yer alan "Köhnə Şəhər", dar küçələri və Qız Qalası ilə sehrli bir məkandır.
  • Şəki Xan Sarayı: Azərbaycan memarlığının ən zərif və gözəl nümunələrindən biri.

Dillərdə və könüllərdə iz qoyan bu bayram, Odlar Yurdunu tanımaq üçün ən doğru zamandır. Novruzunuz mübarək!

Məqalədə: #Novruz bayramı #Ləman Abdullah #Novruz

Mövzu üzrə digər xəbərlər

Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır - Putin
Digər Dövlətlər

Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır - Putin

21 Mart 12:23
İran nüvə silahı əldə etməyə çalışmır - Pezeşkian
İran

İran nüvə silahı əldə etməyə çalışmır - Pezeşkian

21 Mart 10:40
Dəməşq meydanlarında tarixi Novruz şənlikləri keçiriləcək
Yaxın Şərq

Dəməşq meydanlarında tarixi Novruz şənlikləri keçiriləcək

17 Mart 05:47
Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsi qeydə alınıb - FHN
Hadisə

Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsi qeydə alınıb - FHN

10 Mart 11:30

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.