İranda bir ABŞ dolları 2 milyon riala çatdı - Bu pula indi nə almaq mümkündür?
İran rialı ABŞ dolları qarşısında yeni tarixi minimuma enib. Sərbəst bazarda bir ABŞ dolları artıq 2 milyon rialdan baha satılır. Rialın ucuzlaşması ABŞ-nin İrana qarşı yeni iqtisadi məhdudiyyətlərindən sonra sürətlənib. Müharibədən əvvəl 2 milyon riala təxminən 4 kiloqram pomidor almaq mümkün idi. Eyni məbləğlə yarım kiloqram toyuq əti və bir litrə yaxın duru yağ da almaq olurdu. Hazırda həmin pulun alıcılıq qabiliyyəti təxminən yarıya enib. Pomidor 71 faiz, toyuq əti 74 faiz bahalaşıb. Duru yağın qiymətində isə 177 faizlik artım qeydə alınıb.
Rialın ucuzlaşması müvəqqətidir - İran
İran Mərkəzi Bankının sədri Əbdülnasir Hemməti rialın ucuzlaşmasının müvəqqəti olduğunu bildirib. İranın milli valyutası son iki həftədə dəyərinin təxminən 10 faizini itirib. Rial müharibənin başlanğıcında da ciddi ucuzlaşma ilə üzləşmişdi. Hemməti valyuta bazarındakı dəyişikliklərin davamlı olmadığını düşünür. O, iqtisadi çətinliklərin bir hissəsini ABŞ-nin siyasi təbliğatı ilə əlaqələndirib. Açıqlama Vaşinqtonun İrana qarşı yeni iqtisadi təzyiq tədbirləri hazırladığı vaxta təsadüf edir. Hemməti vəziyyətin yaxşılaşacağına əmin olduğunu bildirib. Bununla belə, rialın məzənnəsi üzərində xarici iqtisadi təzyiqlər davam edir.