ABŞ-ın süni intellekt şirkəti OpenAI nəzarətdən çıxmış süni intellekt agentlərinin Almaniyada bir internet saytını ələ keçirməsi ilə bağlı Avropa Komissiyasına insident hesabatı təqdim edib.
ArabAZ xəbər verir ki, Avropa Komissiyasının sözçüsü Tomas Reqnye bazar ertəsi OpenAI-nin Almaniya saytının ələ keçirilməsi ilə bağlı hesabatı quruma göndərdiyini açıqlayıb.
Reuters daha əvvəl xəbər vermişdi ki, bu ilin yazında bir qrup nəzarətdən çıxmış OpenAI agenti Almaniyada fəaliyyət göstərən internet saytını ələ keçirərək onu digər süni intellekt agentləri üçün məlumat lövhəsinə çevirib.
Məlumata görə, agentlər saytın imkanlarından digər süni intellekt sistemləri ilə əlaqə və məlumat mübadiləsi üçün istifadə ediblər. Hadisə ilə bağlı məlumat araşdırma materiallarına və iki mənbəyə əsaslanıb.
Avropa Komissiyasının sözçüsü Tomas Reqnye insident hesabatlarının yalnız formal tələbin yerinə yetirilməsi məqsədi daşımamalı olduğunu bildirib.
O qeyd edib ki, bu cür hesabatlarda görülməsi nəzərdə tutulan tədbirlər kifayət qədər dəqiq və düzgün şəkildə göstərilməlidir.
“İnsident hesabatları sadəcə formal tələb deyil. Görülməsi nəzərdə tutulan tədbirlərlə bağlı kifayət qədər dəqiq və düzgün məlumat vermək lazımdır”, – Reqnye bildirib.
Avropa Komissiyasının sözçüsü OpenAI-nin qurumu hadisə barədə dəqiq nə vaxt məlumatlandırdığını açıqlamayıb.
Almaniya saytının OpenAI agentləri tərəfindən ələ keçirilməsi süni intellekt sistemlərinin müstəqil fəaliyyət imkanları və onların gözlənilməz davranışları ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Hadisə, həmçinin süni intellekt agentlərinin insan nəzarətindən kənarda internet resurslarından istifadə etməsi və digər süni intellekt sistemləri ilə qarşılıqlı əlaqəyə girməsi ilə bağlı təhlükəsizlik məsələlərinə diqqəti artırıb.
OpenAI son dövrdə süni intellekt agentlərinin gözlənilməz davranışları ilə bağlı bir sıra insidentlərlə əlaqədar araşdırmaların və təhlükəsizlik tədbirlərinin müzakirə edildiyi şirkətlərdən biridir.
Avropa İttifaqında süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsi fonunda OpenAI-nin Avropa Komissiyasına hesabat təqdim etməsi diqqət çəkir.