Yəmən sahillərində silahlı şəxslər gəmini ələ keçiriblər
Yəmən sahillərində altı silahlı şəxsin bir gəmini ələ keçirdiyi bildirilir. Hadisə Ədən körfəzində, Yəmənin Əl-Mükəlla şəhərinin şərqində baş verib. Silahlı şəxslər gəmiyə daxil olaraq onun idarəsini nəzarətə götürüblər. Daha sonra gəminin Somaliyə doğru istiqamətləndirildiyi açıqlanıb. Bundan əvvəl qərbə doğru hərəkət edən neftdaşıyan gəmiyə icazəsiz başqa bir gəminin yaxınlaşdığı bildirilmişdi. Silahlı şəxslərin kimliyi barədə hələlik məlumat yoxdur. Gəminin heyətinin vəziyyəti ilə bağlı da təfərrüat açıqlanmayıb. Hadisə Ədən körfəzində dəniz təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.
Husilər Bab əl-Məndəb boğazını ələ keçirməyə hazırlaşırlar - Yəmən
Yəmənin informasiya naziri Müəmmər əl-İryani husilərin Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirməyə hazırlaşdıqlarını iddia edib. Onun sözlərinə görə, husilər Yəmənin qərb sahillərində hərbi mövcudluqlarını genişləndirirlər. Nazir husilərin Qırmızı dənizdəki strateji Yəmən adalarına da nəzarəti ələ keçirməyə çalışdıqlarını bildirib. Yəmən hökuməti limanlara, gəmilərə və dəniz qüvvələrinə qarşı hücumları bu planın göstəricilərindən biri hesab edir. Husilər hazırda Bab əl-Məndəb boğazının birbaşa sahilindəki ərazilərə nəzarət etmirlər. Bununla belə, boğazdan şimalda yerləşən Hüdeydə limanı onların nəzarətindədir. Bab əl-Məndəb beynəlxalq ticarət və enerji daşımaları üçün dünyanın mühüm dəniz keçidlərindən biridir. Boğaza nəzarət uğrunda mümkün mübarizənin Qırmızı dənizdə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirə biləcəyi bildirilir.
Yəməndə 2022-ci ildən bəri genişmiqyaslı müharibə təhlükəsi ən yüksək həddə çatıb - BMT
BMT Yəməndə 2022-ci ildə əldə edilmiş atəşkəsdən sonra genişmiqyaslı müharibənin yenidən başlaması təhlükəsinin ən yüksək həddə çatdığı barədə xəbərdarlıq edib. BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq ölkənin müxtəlif cəbhələrində hərbi fəallığın artdığını bildirib. Husilərin Məarib, Hədramaut, Əl-Məxa və digər bölgələrdəki hücumları hərbçilər və mülki şəxslər arasında itkilərə səbəb olub. Husilərlə Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında qarşıdurmanın şiddətlənməsi yeni müharibə qorxusunu artırıb. Qrundberq Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumların da yenidən artdığına diqqət çəkib. BMT bu hücumların Yəməni daha geniş bölgə qarşıdurmasına sürükləyə biləcəyindən narahatdır. Hörmüz boğazındakı böhran isə bölgədə ticarət və enerji daşımalarına əlavə təzyiq yaradır. BMT-nin məlumatına görə, Yəmən əhalisinin yarıdan çoxu kifayət qədər ərzaq əldə edə bilmir.
Türkiyə Səudiyyənin yeni ittifaqına ehtiyatla yanaşır?
Qırmızı dəniz və Babul-Məndəb boğazında son illər artan təhlükəsizlik riskləri təkcə Yaxın Şərq ölkələrinin deyil, qlobal iqtisadiyyatın da əsas problemlərindən birinə çevrilib. Husilərin ticarət gəmilərinə hücumları, enerji marşrutlarının təhlükə altına düşməsi və dəniz daşımalarının bahalaşması fonunda Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yeni çoxtərəfli dəniz müdafiə ittifaqının yaradılması istiqamətində proses sürətlənib.
Altı Səudiyyə neft tankeri Ədən körfəzində marşrutunu dəyişib
Altı Səudiyyə Ərəbistanı tankeri Ədən körfəzində marşrutunu dəyişərək Cənubi Afrika istiqamətinə yönəlib. Reuters-in istinad etdiyi gəmi izləmə məlumatlarına görə, tankerlər Bəbülməndəb boğazından keçməkdən imtina ediblər. Bu qərar husilərin Səudiyyə gəmilərinə qarşı təhdidləri fonunda qəbul olunub. Son həftələrdə Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı risklər artıb. Hadisələrin neft qiymətlərinin yüksəlməsinə də təsir göstərdiyi bildirilir. Husilər isə hücumları Səudiyyə Ərəbistanının tətbiq etdiyi mühasirəyə cavab kimi qiymətləndirirlər.
Husilərin hücumları İranın regional strategiyasının tərkib hissəsidir - Yəmən
Yəmənin ABŞ-dakı səfiri Cəmilə Əli Raca husilərin son hücumlarının İranın regional strategiyasının tərkib hissəsi olduğunu bəyan edib. O bildirib ki, husilər sülh təşəbbüslərinə mane olur, ölkə iqtisadiyyatına zərər vurur və beynəlxalq gəmiçiliyi təhlükəyə atırlar. Səfirin sözlərinə görə, husilər Yəmənin deyil, Tehranın maraqlarına xidmət edirlər. Raca 2022-ci ildən bəri neft ixracı obyektlərinə hücumlar nəticəsində hökumətin təxminən 6 milyard ABŞ dolları gəlir itirdiyini açıqlayıb. Husilər isə Qırmızı dəniz və Ədən körfəzindəki hücumlarını Qəzzadakı fələstinlilərlə həmrəylik məqsədi ilə izah edirlər. Bu açıqlamalar Yəmənin dövlət xəbər agentliyi Saba tərəfindən yayımlanıb.
Avropa İttifaqı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən uzaq durmağı tövsiyə edib
Avropa İttifaqının “Aspides” dəniz missiyası ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmilərə Qırmızı dənizdən keçməməyi tövsiyə edib. Xəbərdarlıqda bu gəmilərin husilərin hücumuna məruz qalmaq təhlükəsinin daha yüksək olduğu bildirilib. Tövsiyənin Ədən körfəzindən keçən ticarət gəmilərinə də aid olduğu qeyd edilib. Husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasına başladıqlarını açıqlayıblar. Qruplaşma bu addımı Yəmənə qarşı tətbiq olunduğu iddia edilən mühasirəyə cavab kimi təqdim edib. Xəbərdarlıqlardan sonra bir neçə neft daşıyan gəmi istiqamətini dəyişib. Səudiyyə Ərəbistanı husilərin qərarını pisləyərək gəmilərini qoruyacağını bəyan edib. Bölgədəki gərginliyin dünya ticarətinə və enerji daşımalarına mənfi təsir göstərə biləcəyi bildirilir.
Yəmənin Ədən sahillərində tankerə yaxınlaşan qayıqlara xəbərdarlıq atəşi açılıb
Yəmənin Ədən sahilləri yaxınlığında bir tankerə altı kiçik qayığın yaxınlaşdığı bildirilib. Hadisə zamanı xəbərdarlıq atəşi açılıb. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu insident barədə məlumat yayıb. Hadisə sahildən təxminən 50 dəniz mili uzaqlıqda baş verib. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparırlar. Gəmilərə bölgədə ehtiyatlı hərəkət etmək və şübhəli fəaliyyətləri bildirmək tövsiyə olunub. Ədən körfəzi və Qırmızı dəniz ətrafında təhlükəsizlik vəziyyəti beynəlxalq gəmiçilik üçün əsas narahatlıq olaraq qalır.
Yəməndə sülh, yoxsa fırtına qabağı sakitlik? Husilərin yeni planı
Yəməndəki husi qruplaşmasının lideri Əbdülməlik əl-Husi son çıxışında İrana qarşı davam edən müharibə ilə bağlı qruplaşmanın adəti üzrə siyasi ritorikasını qoruyub saxlayıb. O, qruplaşmanın Tehranın yanında olduğunu və bütün ssenarilərə hazır olduğunu təsdiqləsə də, eyni zamanda qarşıdurmaya birbaşa hərbi müdaxilə elan etməkdən yayınıb.
Salman Kanalı: Hörmüzdən kənar geoiqtisadi inqilab
Fars körfəzi regionu neft ticarətinin dünya üzrə ən həssas nöqtələrindən biri kimi tanınır. Hazırda qlobal neft daşımalarının təxminən 30 faizi Hörmüz boğazından keçir. Boğazın hərbi risklərə, siyasi təhdidlərə və blokada təhlükəsinə açıq olması Körfəz ölkələrini alternativ marşrut axtarışına sövq edir. Bu kontekstdə Səudiyyə Ərəbistanında irəli sürülən genişmiqyaslı “Salman Kanalı” layihəsi regionun geoiqtisadi xəritəsini dəyişə biləcək təşəbbüslərdən biri kimi qiymətləndirilir.
Yəməndə “Müsəlman Qardaşları” Təşvişdə: Taiz Xalq Etirazlarının Mərkəzinə Çevrilir
Taizdə yaşayış şəraitinin pisləşməsi Yəməndə geniş xalq etirazlarına səbəb olub. Etirazların "İslah" Partiyasının əsas dayaqlarından biri olan Taizə keçməsi partiya daxilində təşviş yaradıb.