BƏƏ-də yaşayan İran vətəndaşlarının hüquqları dövlət tərəfindən qorunacaq
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi ölkədə yaşayan İran vətəndaşlarının cəmiyyətin "hörmətli və dəyərli" bir hissəsi olduğunu bildirərək, dövlətin onların təhlükəsizliyini və hüquqlarını qorumağa sadiq olduğunu bəyan edib. Təxminən yarım milyon İran vətəndaşının yaşadığı, xüsusilə Dubayda cəmləşdiyi Birləşmiş Ərəb Əmirlikləri qanunun aliliyinə əsaslanan təhlükəsiz və sabit mühiti qoruyub saxlayacağını bildirib. Nazirliyin bəyanatında qeyd olunur ki, bu addım ölkənin dözümlülük və birgəyaşayış kimi sarsılmaz dəyərlərini əks etdirir. Dövlət bütün sakinlərin hüquqlarının qorunmasına təminat verdiyini bir daha xatırladıb.