Omanla danışıqlar rəvan gedir, lakin maneələr var - İsmayıl Bəqai
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Omanla Hörmüz boğazı ilə bağlı danışıqların rəvan getdiyini bildirib. Onun sözlərinə görə, bəzi qüvvələr razılaşmaya mane olmağa çalışır. Bəqayi Omanla anlaşmanın əldə olunmasının mümkün olduğunu və bunun danışıqlarda mühüm mərhələ olacağını qeyd edib. İran rəsmisi mane olan tərəflərin adını açıqlamayıb. O, ABŞ-nin Hörmüz boğazındakı fəaliyyətlərini tənqid edib və bunun su yolunun təhlükəsizliyinə mənfi təsir etdiyini bildirib. Tehran ABŞ-nin dəniz mühasirəsini təcavüz aktı kimi qiymətləndirir. İran və Oman arasında danışıqlar Hörmüz boğazında gəmiçiliyin gələcəyi ilə bağlı davam edir.
Avropa İttifaqı hansı yeni sanksiyalar tətbiq edib?
Avropa İttifaqı Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda İranın hərbi qurumlarından birinə və iki İran vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib. Rəsmi açıqlamaya əsasən, qərar dəniz nəqliyyatının sərbəst hərəkətinə təhlükə yaradan fəaliyyətlərlə bağlı irəli sürülən iddialara əsaslanır. Sanksiyalar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin Hörmüzqan əyaləti üzrə komandanlığını, eləcə də iki iranlı rəsmiyi əhatə edir. Avropa İttifaqı bu addımı yeni sanksiya mexanizmi çərçivəsində atdığını və bunun ilk belə qərar olduğunu vurğulayıb. Dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi Hörmüz boğazında baş verən hadisələr qlobal enerji bazarları tərəfindən yaxından izlənilir və bölgədəki hər hansı gərginlik beynəlxalq iqtisadiyyata təsir göstərə biləcək amillərdən biri hesab olunur.
Vaşinqton niyə Hörmüz boğazını tam nəzarətə götürə bilmir?
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən “Azadlıq layihəsi” təşəbbüsü Vaşinqtonun Hörmüz boğazında yeni reallıq formalaşdırmaq imkanlarının məhdud olduğunu ortaya qoyub. Təşəbbüsün məqsədi İranın boğaz üzərində faktiki nəzarətini zəiflətmək və gəmiçilik azadlığını bərpa etmək idi.