Hörmüz boğazı ABŞ-İran qarşıdurmasının əsas mövzusu olaraq qalır
ABŞ-İran qarşıdurmasında Hörmüz boğazı əsas mübahisə mövzusu olaraq qalır. İyunun 17-də imzalanan Anlaşma Memorandumunun müddəti bazar günü başa çatır. Sənəd boğazdan kommersiya gəmilərinin təhlükəsiz keçidini nəzərdə tutur. Pakistanın vasitəçilik səyləri çərçivəsində Möhsin Nəqvi Tehrana səfər edib. İran boğazın açılması üçün ABŞ-ın hərbi əməliyyatları dayandırmasını və İran vəsaitlərini azad etməsini tələb edir. Vaşinqtonun mövqeyində isə həm sərt təhdidlər, həm də sülh razılaşması ilə bağlı mesajlar yer alır.
Pakistan daxili işlər naziri İranın yeni təhlükəsizlik rəhbəri ilə görüşüb
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi Möhsin Rzai ilə görüşüb. Görüş Məşhəd şəhərində keçirilib. Tərəflər regional prosesləri və Pakistan-İran münasibətlərini müzakirə ediblər. Rzai Pakistanın regional rolunun artdığını bildirib və müsəlman ölkələri arasında birliyə çağırıb. Nəqvi isə iki ölkə xalqları arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
İsveçrə və region paytaxtlarında intensiv gizli diplomatik təmaslar davam edir
ABŞ və İran arasında diplomatik proses pərdəarxası təmaslarla davam edir. İsveçrədə müxtəlif ölkələrin diplomatları arasında məxfi görüşlərin keçirildiyi bildirilir. Cared Kuşnerin İsveçrədə olduğu qeyd olunur. Qətərin Baş naziri və İsveçrənin xarici işlər naziri arasında da görüş baş tutub. Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin daxil olduğu qrup gələcək addımları müzakirə edir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvi isə Tehranda Abbas Əraqçi ilə görüşür. Rəsmi danışıqlar təxirə salınsa da, diplomatik fəaliyyət dayanmayıb. Tərəflər mümkün razılaşma üçün səylərini davam etdirirlər.
Pakistanın müdaxiləsi ABŞ-İran danışıqları üçün vacib hesab olunur
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Tehranda mühüm görüşlər keçirir. Onun İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcəyi gözlənilir. Müşahidəçilər Nəqvinin səfərini ABŞ-İran danışıqları baxımından əhəmiyyətli hesab edirlər. Bildirilir ki, o, daha əvvəl də oxşar vəziyyətlərdə Tehrana səfər edib. Həmin dövrlərdə diplomatik prosesdə müəyyən irəliləyişlər qeydə alınıb. Möhsin Nəqvi Pakistan rəhbərliyi tərəfindən tam səlahiyyətləndirilib. Ekspertlər onun iştirakını danışıqların mürəkkəb mərhələyə daxil olmasının göstəricisi sayırlar. Hazırda diqqət Tehranda keçirilən görüşlərin nəticələrinə yönəlib.
Pakistan ordusunun rəhbəri Asim Munir Tehrana səfərə yollanıb
Pakistan ordusunun rəhbəri, feldmarşal Asim Munirin yüksək səviyyəli nümayəndə heyəti ilə Tehrana səfəri regionda diqqətlə izlənilir. Səfər Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin İran rəsmiləri ilə keçirdiyi intensiv danışıqlardan sonra baş tutub. Analitiklər hesab edirlər ki, bu addım ya diplomatik prosesin yeni mərhələyə keçdiyini, ya da mümkün razılaşmanın təhlükəsizlik aspektlərinin müzakirə olunduğunu göstərə bilər.
Pakistan İran danışıqlarında vasitəçi rolunu gücləndirir
ABŞ və İran arasında aparılan təmaslarda müəyyən irəliləyiş siqnalları fonunda Pakistanın diplomatik fəallığı diqqət çəkir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin Tehrandakı görüşləri, feldmarşal Asim Munirin mümkün İran səfəri və Baş nazir Şahbaz Şərifin Çinə planlaşdırılan səfəri İslamabadın regionda vasitəçi rolunu gücləndirdiyini göstərir. Tehrandakı siyasi dairələr hesab edir ki, feldmarşalın səfəri baş tutarsa, bu, danışıqlarda ciddi irəliləyişin ən güclü siqnallarından biri ola bilər.
İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri ilə görüşüb
İran Prezidenti Məsud Pezeşkian Pakistanaın daxili işlər naziri Möhsin Nəqvi ilə görüş keçirib. Pezeşkian bildirib ki, İran Pakistanın regionda sabitliyi və əməkdaşlığı təşviq edən səylərini dəstəkləyir. Möhsin Nəqvi isə dialoq və qarşılıqlı anlaşma yolunun davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüş zamanı tərəflər ABŞ–İran danışıqlarının hazırkı vəziyyətini müzakirə ediblər.