ABŞ İranın qızıl, texnologiya, aviasiya və gəmiçilik sahələrini hədəfə alıb
ABŞ İrana qarşı yeni genişmiqyaslı sanksiyalar paketini elan edib. Tədbirləri maliyyə naziri Skott Bessent mətbuat konfransında açıqlayıb. Vaşinqton İranın dünya üzrə maliyyə əlaqələrini məhdudlaşdırmağı qarşısına məqsəd qoyub. Yeni tədbirlər rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik sahələrini əhatə edir. ABŞ Maliyyə Nazirliyi 60-a yaxın qurum, şəxs və gəmini sanksiya siyahısına daxil edib. Bessent İranla iqtisadi əməkdaşlığı davam etdirən xarici tərəflərə də xəbərdarlıq edib. O, İranla istənilən iqtisadi əlaqənin ABŞ-nin sərt tədbirləri ilə nəticələnə biləcəyini bildirib. Yeni paket Tehranın beynəlxalq iqtisadi və maliyyə əlaqələrinin daha geniş şəkildə məhdudlaşdırılmasına yönəlib.
Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib
Nigeriya kriptovalyuta əməliyyatlarına yeni vergilər tətbiq edib. Yeni qaydalar kriptovalyutalar, stabilkoinlər, NFT-lər və digər rəqəmsal aktivləri əhatə edir. Sənaye nümayəndələri hesab edirlər ki, bu dəyişikliklər istifadəçilərin tənzimlənən platformalardan uzaqlaşmasına və bazarın inkişafına mənfi təsir göstərə bilər. Hökumət isə qərarın məqsədinin dövlət gəlirlərini artırmaq və rəqəmsal iqtisadiyyatı vergi sisteminə inteqrasiya etmək olduğunu bildirir.
Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib
Strategy şirkəti yeni qərarla iri həcmdə bitkoin satışı həyata keçirmək səlahiyyəti əldə edib. Şirkət bu ilin əvvəlindən etibarən artıq 218 milyon ABŞ dolları dəyərində bitkoin satıb. Satışlardan əldə olunan vəsait dividend ödənişlərinə və pul ehtiyatlarının artırılmasına yönəldilib. Analitiklər yeni planı müsbət qiymətləndirdikdən sonra şirkətin səhmlərində qısamüddətli artım müşahidə olunub. Bununla yanaşı, bu addım rəqəmsal aktivlərə əsaslanan digər şirkətlərin maliyyə dayanıqlığı ilə bağlı sualları artırıb. Belə şirkətlərin fəaliyyəti rəqəmsal valyutaların qiymət dəyişikliklərindən birbaşa asılıdır. Qiymətlərin enməsi onların aktivlərinə və maliyyə imkanlarına mənfi təsir göstərə bilər. Mütəxəssislər bu sahədə risklərin hələ də yüksək olduğunu bildirirlər.
Trampın maliyyə hesabatı açıqlandı - Şəxsi gəliri nə qədərdir?
ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə kriptovalyuta sahəsindəki fəaliyyətindən təxminən 1,4 milyard ABŞ dolları gəlir əldə etdiyi məlum olub. Bu məlumat ABŞ Hökumət Etikası İdarəsinin açıqladığı maliyyə bəyannaməsində yer alıb. Sənədlərə əsasən, Trampın təqdim etdiyi maliyyə hesabatında onun və ailəsinə məxsus şirkətlərin rəqəmsal aktivlər bazarından əldə etdiyi gəlirlər əks olunub.