4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

1900-cü ildə Çində baş verən “Boksçular üsyanı” ölkənin xarici müdaxiləyə qarşı ən böyük xalq çıxışlarından biri olmaqla yanaşı, imperiyanın süqutunu sürətləndirən və müasir Çin dövlətinin formalaşmasına təsir göstərən mühüm tarixi hadisələrdən biri kimi qiymətləndirilir.

31 Avqust 2026 06:00
Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

BAKI,VOA Orxan Qədirzadə

1900-cü ildə Çində baş verən “Boksçular üsyanı” ölkənin xarici müdaxiləyə qarşı ən böyük xalq çıxışlarından biri olmaqla yanaşı, imperiyanın süqutunu sürətləndirən və müasir Çin dövlətinin formalaşmasına təsir göstərən mühüm tarixi hadisələrdən biri kimi qiymətləndirilir.

“Boksçular” hərəkatı XIX əsrin sonlarında Çinin xarici dövlətlərin siyasi, iqtisadi və dini təsirinin güclənməsi ilə üzləşdiyi dövrdə meydana çıxıb. Hərəkatın iştirakçıları əcnəbilərin və xristian missionerlərin ölkədən çıxarılmasını tələb edir, Çin hakimiyyətinin xarici güclər qarşısında geri çəkilməsinə etiraz edirdilər.

Xarici müdaxilə və “alçaldılma əsri”

XIX əsrdə Avropada sənaye inqilabının yaratdığı hərbi və iqtisadi üstünlük Qərb dövlətlərinin Çinə təzyiqini artırdı. Britaniya Çində böyük bazar əldə etmək məqsədilə Hindistanda istehsal olunan tiryəki ölkəyə qaçaq yolla gətirməyə başladı.

Çin hökumətinin tiryək ticarətinin qarşısını almaq cəhdi 1839–1842-ci illərdə Birinci Tiryək müharibəsinə gətirib çıxardı. Çin məğlub oldu və Nankin müqaviləsi ilə bir sıra güzəştlərə getməli, o cümlədən Honq-Konqu Britaniyaya verməli oldu.

Bundan sonra Çin digər Qərb dövlətlərinin də təsir dairəsinə çevrildi. 1856–1860-cı illərdə baş verən İkinci Tiryək müharibəsindən sonra xarici dövlətlərin ticarət və diplomatik imtiyazları daha da genişləndirildi.

ABŞ isə 1844-cü ildə Vanqsia müqaviləsi ilə Çində oxşar üstünlüklər əldə etdi. Daha sonra Vaşinqton “Açıq qapı” siyasətini irəli sürərək Çin bazarının bütün böyük dövlətlər üçün açıq saxlanmasını müdafiə etdi.

XIX əsrin sonlarında Yaponiya da Çinə qarşı müharibədə qalib gəldi. Rusiya, Almaniya və digər dövlətlər isə Çin ərazisində limanlar, dəmir yolları və iqtisadi güzəştlər əldə etdilər.

Beləliklə, ölkənin böyük hissəsində xarici dövlətlərin iqtisadi, hərbi və siyasi təsiri gücləndi. Bu proses Çin cəmiyyətində milli narazılığın dərinləşməsinə səbəb oldu.

“Boksçular” kim idi?

“Boksçular” adı Qərb mənbələrində istifadə olunurdu. Hərəkatın üzvləri özlərini “Yihequan” – “Ədalət və harmoniya yumruqları” adlandırırdılar.

Hərəkat Şandun əyalətinin kəndlərində formalaşmış, döyüş sənətlərini dini və xalq inancları ilə birləşdirmişdi. Onun iştirakçıları ölkənin üzləşdiyi məğlubiyyətləri, aclığı və sosial problemləri xarici təsirlə əlaqələndirirdilər.

Hərəkatın əsas şüarlarından biri “Tsin sülaləsini dəstəkləyin, əcnəbiləri məhv edin” idi.

İlk mərhələdə hücumlar əsasən Çin xristianlarına, missionerlərə və kilsələrə yönəldi. Sonradan dəmir yolları, teleqraf xətləri və digər xarici obyektlər də hədəfə çevrildi.

İmperatriça Tsişi “Boksçular”a dəstək verdi

Əvvəlcə Tsin imperator sarayı hərəkatı təhlükə kimi görürdü. Lakin 1900-cü ildə imperatriça-dul Tsişi “Boksçular”ın xarici dövlətlərə qarşı istifadə oluna biləcəyini düşünərək onlara dəstək verməyə başladı.

Bu qərar Çindəki daxili böhranı beynəlxalq qarşıdurmaya çevirdi.

Pekində diplomatik nümayəndəliklərin yerləşdiyi məhəllə mühasirəyə alındı. Burada Qərb ölkələrinin diplomatları və vətəndaşları, həmçinin minlərlə Çinli xristian sığınacaq tapdı.

Mühasirə təxminən 55 gün davam etdi.

8 dövlət Çinə qarşı hərbi əməliyyata başladı

Diplomatik məhəllədəki mühasirənin aradan qaldırılması üçün Britaniya, Fransa, Almaniya, Rusiya, Yaponiya, ABŞ, İtaliya və Avstriya-Macarıstanın daxil olduğu 8 dövlətlik koalisiya hərəkətə keçdi.

Əvvəlcə britaniyalı vitse-admiral Edvard Seymurun rəhbərliyi ilə 2 mindən çox hərbçidən ibarət qüvvə Pekinə çatmağa çalışdı. Lakin Çin qoşunları və “Boksçular”ın müqaviməti nəticəsində əməliyyat uğursuz oldu.

Daha sonra koalisiya qüvvələri Taku qalalarını ələ keçirdi. Bu hadisədən sonra Tsişi hökuməti xarici dövlətlərə müharibə elan etdi və xalq üsyanı tammiqyaslı beynəlxalq müharibəyə çevrildi.

Tianzin döyüşü və Pekinin işğalı

Koalisiya qüvvələrinin əsas hədəflərindən biri Pekinə gedən yolun üzərində yerləşən Tianzin şəhəri idi.

1900-cü ilin iyulunda təxminən 5 650 nəfərlik koalisiya qüvvəsi sayca daha böyük Çin ordusu və “Boksçular”ın dəstələri ilə döyüşə girdi. Ağır qarşıdurmadan sonra Tianzin koalisiya qüvvələrinin nəzarətinə keçdi.

Avqustun 4-də təxminən 20 min hərbçidən ibarət qüvvə Tianzindən Pekinə doğru hərəkət etdi.

14 avqust 1900-cü ildə koalisiya qüvvələri Pekinə daxil olaraq diplomatik məhəllənin mühasirəsini yarıb.

İmperatriça Tsişi və saray üzvləri paytaxtı tərk edərək ölkənin daxili bölgələrinə çəkildilər.

Çin ağır təzminat ödəməli oldu

Müharibədən sonra Çin üçün son dərəcə ağır şərtlər müəyyənləşdirildi.

1901-ci ilin sentyabrında imzalanan “Boksçular protokolu” ilə Pekin xarici dövlətlərə 450 milyon tael gümüş məbləğində təzminat ödəməyə razı oldu. Ödənişin 39 il ərzində həyata keçirilməsi nəzərdə tutulurdu.

Bundan başqa, Çin Takudakı istehkamları dağıtmalı, xarici qoşunların müəyyən ərazilərdə yerləşdirilməsinə icazə verməli və silah idxalını məhdudlaşdırmalı idi.

Xarici dövlətlər həmçinin Çin hökumətindən “Boksçular”a dəstək verən bəzi yüksək vəzifəli şəxslərin cəzalandırılmasını tələb etdilər.

ABŞ sonradan ona düşən təzminatın bir hissəsini Çinə qaytararaq həmin vəsaitin Çinli tələbələrin ABŞ universitetlərində təhsilinə yönəldilməsini şərt qoydu.

“Boksçular” üsyanı Tsin sülaləsinin sonunu sürətləndirdi

Məğlubiyyətdən sonra Tsişi hökuməti ordunun, təhsil sisteminin və dövlət idarəçiliyinin modernləşdirilməsi istiqamətində islahatlara başladı.

Lakin bu addımlar artıq imperiyanın nüfuzunu bərpa etmək üçün kifayət etmədi.

Xarici dövlətlərə ödənilən təzminatlar ölkənin maliyyə yükünü artırdı, xarici müdaxilə davam etdi və imperator sarayına inam zəiflədi.

1911-ci ildə baş verən inqilab nəticəsində Tsin sülaləsi devrildi və Çində respublika elan edildi.

Beləliklə, “Boksçular” üsyanı birbaşa müasir Çin dövlətini yaratmasa da, imperiyanın zəifləməsini və süqutunu sürətləndirən əsas hadisələrdən birinə çevrildi.

Çinin müasir siyasətində tarixi iz

“Boksçular” üsyanının məğlubiyyəti Çin cəmiyyətində sonradan “alçaldılma əsri” adlandırılan dövrün ən mühüm hadisələrindən biri kimi yadda qaldı.

Bu tarixi yaddaş müasir Çinin suverenlik, hərbi güc və xarici müdaxiləyə münasibətinə də təsir göstərib.

Çinin hərbi modernləşməsi, müdafiə sənayesinə böyük investisiyalar yatırması və Tayvan, Cənubi Çin dənizi kimi məsələlərdə sərt mövqe nümayiş etdirməsi ölkənin zəif dövlətin xarici güclər tərəfindən diktə ilə üzləşə biləcəyi barədə tarixi təsəvvürlərlə əlaqələndirilir.

Bu baxımdan, 1900-cü il “Boksçular” üsyanı Çin üçün yalnız uğursuz xalq qiyamı deyil, həm də dövlətin zəifliyinin xarici müdaxiləyə necə yol aça biləcəyini göstərən tarixi dönüş nöqtəsi hesab olunur.

Məqalədə: #Boksçular üsyanı #Çində Boksçular üsyanı #1900-cü il Çin üsyanı #Çin tarixi #Tsin sülaləsi #Çin və Qərb dövlətləri #Tiryək müharibələri #Pekin mühasirəsi #8 dövlət koalisiyası #Tianzin döyüşü #Çinin işğalı #Boksçular protokolu #Çin inqilabı 1911 #Alçaldılma əsri #Çinin hərbi modernləşməsi

Mövzu üzrə digər xəbərlər

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

16:17
Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

31 Avqust 06:00
“Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları
Hərb tarixi: Döyüş xronikası

“Zati-aliləri” zindanda: Yedikule qalasından Tehranın gizli mənzilinə qədər diplomatik toxunulmazlığın sınaqları

30 Avqust 06:00
Məqsəd vasitəni doğrudanmı doğruldur?
Hərb tarixi: Döyüş xronikası

Məqsəd vasitəni doğrudanmı doğruldur?

29 Avqust 06:00

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.