Səudiyyə Ərəbistanının İmam Turki bin Abdullah Kral Təbiət Qoruğunun İnkişafı İdarəsi qoruq ərazisində həddindən artıq otarılmanın təbii otlaq sahələrinə zərər vurduğunu bildirərək davamlı otarılma qaydalarına daha ciddi əməl etməyə çağırıb.
ArabAZ xəbər verir ki,idarənin məlumatına görə, nəzarətsiz otarılma bitkilərin yetişərək toxum verməsinə imkan vermədən məhv olmasına səbəb olur. Bu isə torpaq eroziyasını sürətləndirir, suyun torpaqda saxlanmasını azaldır və otlaq sahələrinin deqradasiyasına gətirib çıxarır. Proses davam edərsə, səhralaşma və qum örtüyünün genişlənməsi sürətlənə, vəhşi heyvanlar üçün qida və sığınacaq imkanları azala, eləcə də qoruqdakı tarixi abidələr təhlükə ilə üzləşə bilər.
İdarə otlaq sahələrinin qorunmasını ümumi məsuliyyət kimi qiymətləndirərək çobanları və digər maraqlı tərəfləri bitki örtüyünün bərpası üçün kifayət qədər vaxt verməyə çağırıb.
Qoruqda otarılmanın tənzimlənməsi üzrə qaydaların beşinci yenilənmiş versiyası bu ilin martında tətbiq olunub. İlk qaydalar 2022-ci ilin yanvarında qüvvəyə minib. Mövcud qaydalara əsasən, otarılmaya yalnız rəsmi icazə ilə, müəyyən edilmiş ərazilərdə və vaxt çərçivəsində, hər otlaq sahəsinin daşıma qabiliyyətinə uyğun müəyyən edilən heyvan kvotaları daxilində icazə verilir.
Qaydalar həmçinin qoruq daxilində kənd və yaşayış məntəqələrinin ətrafında otarılma sahələrinin genişləndirilməsini və yerli icmaların müraciətlərinə əsasən qoruğun kənarında qoruyucu otarılma zolaqlarının yaradılmasını nəzərdə tutur. Ağacların kəsilməsi, meşə təsərrüfatı fəaliyyəti və yolsuzluq avtomobillərindən istifadə də qadağandır.
İdarə qaydaların patrul və monitorinq sistemləri vasitəsilə icrasına nəzarət edir, pozuntulara yol verən şəxslər barəsində hüquqi tədbirlər görülür.
İdarənin məlumatına görə, qoruqda 2026-cı ildə toz fırtınalarının tezliyi əvvəlki göstəricilərlə müqayisədə 76,2 faiz azalıb. Bu nəticə artan bitki örtüyü, torpaq eroziyasının azalması və ərazilərin bərpası istiqamətində görülən tədbirlərlə əlaqələndirilir.
2018-ci ildə kral fərmanı ilə yaradılan İmam Turki bin Abdullah Kral Təbiət Qoruğunun ərazisi təxminən 91 500 kvadrat kilometrdir. Qoruq Səudiyyə Ərəbistanının şimal-şərqində yerləşir və Əl-Couf, Əl-Qasim, Hail, Şimali Sərhəd və Şərq regionlarının bir hissəsini əhatə edir. İdarə heyətinə şahzadə Türki bin Məhəmməd bin Fahd bin Əbdüləziz rəhbərlik edir.