BAKI,AzerVoice
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi Sülh Şurasının icraedici strukturuna daxil edilsə də, ölkələrdən daimi üzvlük üçün 1 milyard dollar tələb edilməsi ideyasından məsafə saxlayıb.
Məsələ ilə bağlı yayılan məlumata görə, Bleyer Şuranın yaradılması üçün hazırlanan nizamnamə layihəsində yer alan bu rüsum təklifini dəstəkləmir. Bu da Trampın təşəbbüsünün ABŞ-ın bəzi müttəfiqləri və tərəfdaşları arasında narazılıq doğurduğunu göstərir. Məlumatı Bloomberg agentliyi yayıb.
Toni Bleyerin sözçüsü bazar günü bildirib ki, sabiq baş nazir Şura üzvlərinin müəyyənləşdirilməsi prosesində iştirak etmir və bu səbəbdən rüsum məsələsinə açıq dəstək verməsi gözlənilmir. Sözçü əlavə edib ki, 1 milyard dollarlıq ödənişlə bağlı suallar Tramp administrasiyasına ünvanlanmalıdır.
Məlumatlı mənbələr bildirir ki, bəzi ölkələr Trampın irəli sürdüyü şərtlərə görə Şuraya qoşulmaqdan imtina edə bilər. Digər dövlətlər isə Sülh Şurasına qoşulmağa prinsip etibarilə müsbət yanaşsalar da, daimi üzvlük üçün maliyyə ödənişi etməyə razı deyillər.