Avropa İttifaqının humanitar yardım qurumu Qəzza zolağında qış mövsümünə hazırlıq tədbirlərinin ciddi şəkildə gecikdiyini açıqlayıb. Quruma görə, bölgədə ailələrin böyük əksəriyyəti əsas sığınacaq vasitələrindən və zəruri məişət ləvazimatlarından məhrumdur.
ArabAZ xəbər verir ki, Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım departamenti Qəzzada vəziyyətin “zamanla yarış” mərhələsinə çatdığını bildirib və yağışların başlaması ilə sıx məskunlaşmış ərazilərdə tullantı və kanalizasiya problemlərinin daha da ağırlaşa biləcəyi barədə xəbərdarlıq edib.
Qurum sığınacaq, təmiz su, tullantıların idarə olunması və humanitar yardımların tam çatdırılması üçün imkanların genişləndirilməsinə çağırıb.
Norveç Qaçqınlar Şurası və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin avqust ayında yayımladığı hesabata görə, Qəzzada təxminən 1,98 milyon fələstinli lazımi sığınacaq imkanlarından məhrumdur.
Hesabata əsasən, əhalinin təxminən üçdə ikisi uzunmüddətli yaşayış üçün nəzərdə tutulmayan çadırlarda və müvəqqəti tikililərdə qalır.
BMT-nin məlumatına görə, Qəzzada 2,1 milyon insan sığınacaq, əsas məişət əşyaları və ya hücumlardan qorunmaq üçün müdafiə tədbirlərinə ehtiyac duyur.
Təşkilat bu ehtiyacların qarşılanması üçün 562 milyon dollar maliyyə tələb olunduğunu bildirib.
Məlumata görə, evlərin təmiri və yenidən qurulması üçün lazım olan materialların Qəzzaya kifayət qədər həcmdə daxil olmasına hələ də məhdudiyyətlər mövcuddur.
Əvvəlki qış mövsümlərində Qəzzada güclü yağışlar on minlərlə çadırın dağılmasına səbəb olub, soyuq hava şəraiti isə insan tələfatına gətirib çıxarıb.