Çin Baş naziri Li Çyan və Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Pekində keçirilən görüşdə Yaxın Şərqdə gərginliyin azaldılması istiqamətində səyləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
ArabAZ “Sinxua” agentliyinin məlumatına görə xəbər verir ki,, Li Çyan Çinin Körfəz ölkələri və beynəlxalq ictimaiyyətlə birlikdə regionda sülh və sabitliyin təşviqinə hazır olduğunu bildirib. O, Qətəri Çinin Yaxın Şərqdə mühüm strateji tərəfdaşı adlandırıb.
Çin Baş naziri ABŞ-İsrail-İran müharibəsinin yaratdığı gərginliyin azaldılmasına yönəlmiş səyləri və Qətərin regionda vasitəçilik fəaliyyətini dəstəklədiklərini vurğulayıb.
Li Çyan iki ölkənin inkişaf strategiyalarının daha sıx uzlaşdırılmasına, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlığın genişləndirilməsinə çağırıb. O, ənənəvi və bərpa olunan enerji, infrastruktur, süni intellekt və maliyyə sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib.
Öz növbəsində Məhəmməd bin Əbdürrəhman Al Tani Çinin Yaxın Şərqdə sülh və sabitliyin təşviqi istiqamətində səylərini yüksək qiymətləndirib.
Çin daha əvvəl Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunmasına çağırıb, ABŞ və İran arasında atəşkəsə əməl edilməsinin və regiondakı gərginliyin hərtərəfli həllinin vacibliyini vurğulayıb.
Təqdim olunan məlumatlara görə, Yaxın Şərqdə müharibənin başlamasından altı ay sonra Hörmüz boğazında gəmiçilik hələ də ciddi şəkildə pozulub. Əsas tələbat mallarını daşıyan gəmilərin hərəkətinin təxminən 85 faiz azaldığı, 6 minədək dənizçinin isə Körfəzdə qaldığı bildirilir.