Bakı,AzerVoice
İsraildə məcburi hərbi xidmətə etiraz edən ultra-pravoslav yəhudilər magistral yolu bağlayıblar.
AzerVoice xəbər verir ki, magistral yolu bağlayan və məcburi hərbi xidmətə etiraz edən insanlara polis müdaxilə edib.
İsrail ordusu çərşənbə axşamı ultra-pravoslav yəhudilərə çağırış vərəqələri göndərməyə başlayacağını açıqlayıb.
Qeyd edək ki, iyunun 25-də İsrail Ali Məhkəməsi yekdilliklə dindar yəhudi kişilərin məcburi hərbi xidmətdən azad edilməsi üçün heç bir hüquqi əsas olmadığına və hərbi xidmətə uyğun olanların xidmətə götürülməsinə qərar vermişdi.
Qərarda deyilirdi ki, hərbi xidmətə getməyənlər dövlət tərəfindən maliyyələşdirilən sosial yardım və təhsil yardımlarından yararlana bilməyəcəklər.
Qərarın məcburi hərbi xidmət üçün yararlı olan təxminən 67 min Haredi kişiyə ümumi və ya mərhələli şəkildə tətbiq ediləcəyi hələ müəyyən edilməyib.
Onu da əlavə edək ki, Haredi kişilərinin hərbi xidmət keçməyə məcbur edilməsi qərarının bir çox siyasi və sosial nəticələri olacağı gözlənilir. Bu tarixi əhəmiyyət daşıyan qərar İsraildə yeni vətəndaş iğtişaşlarına səbəb ola və mədəni münaqişəni qızışdırma potensialı daşıya bilər. Belə ki, hərbi xidmətdən imtina edənlər bundan sonra dövlət dəstəyi almayacaqlar.
Qeyd edək ki, dindar yəhudiləri hərbi xidmətdən azad edən qanunun vaxtı 2024-cü ilin martında başa çatmışdı.
Əksəriyyəti dini səbəblərə görə hərbi xidmətdən imtina edən Haredilər doqquz milyonluq ölkədə əhalinin təxminən 12 faizini təşkil edir.
Ölkədəki Haredi yəhudilərinin əksəriyyəti Qərbi Qüdsdəki Məaşerim məhəlləsində və paytaxt Təl-Əvivin yaxınlığındakı Bney Brak şəhərində yaşayırlar.
Qeyd edək ki, İsraildə 2022-ci il noyabrın 1-də keçirilən seçkilərdə qalib gələn Likud lideri Netanyahunun koalisiya ittifaqına ifrat sağçı partiyalarla yanaşı ultra-pravoslav Şas və Birləşmiş Tövrat Yəhudilik partiyalar da daxildir.