BAKI, VOA, Orxan Qədirzadə
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) son hesabatına görə, 2011-2024-cü illər ərzində aktiv xidmətdə olan hərbçilər arasında intihar göstəriciləri tədricən artsa da, 2024-cü ildə bu rəqəmlərdə müəyyən azalma müşahidə olunub.
VOA xəbər verir ki, hesabatda qeyd olunur ki, 2024-cü ildə ABŞ ordusunda 471 intihar halı qeydə alınıb ki, bu da 2023-cü illə müqayisədə 11% azdır.
Pentaqonun məlumatına görə, 2024-cü ildə həyatına son qoyanların əksəriyyəti 30 yaşdan aşağı olan kişi hərbi qulluqçulardır. Statistikaya əsasən aktiv xidmətdə 302 hal, ehtiyat qüvvələrdə 64 hal, Milli Qvardiyada isə 105 hal qeydə alınıb.
İntiharın əsas səbəbləri kimi psixoloji pozuntular ön plana çıxır. Aktiv xidmətdə olub intihar edənlərin təxminən yarısına alkoqol asılılığı, depressiya və ya təşviş pozuntusu diaqnozu qoyulub. Bundan əlavə, intihar edənlərin 45%-i şəxsi münasibətlərində problemlər, üçdə biri isə iş mühitində çətinliklərlə üzləşib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostinin rəhbərliyi dövründə intiharların qarşısının alınması ordunun prioritet istiqamətlərindən birinə çevrilib. Bu çərçivədə hərbçilərə psixoloji dəstək proqramları genişləndirilib və odlu silahlardan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri gücləndirilib.
Hesabatda həmçinin 2021-ci ildə qəbul edilmiş "Brendon qanunu" (Brandon Act) xüsusi vurğulanır. Bu qanun hərbi qulluqçulara hər hansı səbəbdən və istənilən vaxt tam məxfi şəkildə psixoloji yardım üçün müraciət etmək hüququ verir.