Səudiyyə Ərəbistanında avqustun 29-da başa çatan həftə ərzində istehlak xərcləri əvvəlki həftə ilə müqayisədə 11,5 faiz artaraq 15,8 milyard riala (4,21 milyard dollar) çatıb.
ArabAZ xəbər verir ki,artım əsasən ərzaq və içki məhsullarına xərclərin kəskin yüksəlməsi, eləcə də məktəb mövsümü ilə əlaqədar alış-verişin davam etməsi ilə bağlı olub. Səudiyyə Mərkəzi Bankının (SAMA) açıqladığı məlumatlara görə, POS terminalları vasitəsilə həyata keçirilən əməliyyatların sayı 7,6 faiz artaraq 255,38 milyona çatıb.
İstehlak xərclərindəki artım avqustun 22-də başa çatan əvvəlki həftədə qeydə alınan zəif göstəricidən sonra baş verib. Artım əsasən ev təsərrüfatlarının xərclərinin yüksəlməsi ilə yanaşı, istirahət, telekommunikasiya və dəftərxana məhsulları sahəsindəki artımlarla müşayiət olunub.İqtisadçı Talat Hafiz bildirib ki, son göstəricilər Səudiyyə Ərəbistanında inflyasiyanın nisbətən aşağı səviyyədə qalması fonunda müsbət qiymətləndirilə bilər. GASTAT-ın məlumatına görə, ölkədə illik inflyasiya iyul ayında təxminən 1,8 faiz təşkil edib.
Hafizin sözlərinə görə, POS əməliyyatlarının sayının 7,6 faiz, ümumi dəyərinin isə 11,5 faiz artması orta əməliyyat məbləğinin təxminən 3,6 faiz yüksəldiyini göstərir. Buna görə də istehlak xərclərinin bütün artımını inflyasiya ilə əlaqələndirmək ehtiyatla yanaşılmalı məsələdir.O qeyd edib ki, bəzi kateqoriyalarda, xüsusilə ərzaq və tez-tez alınan məhsullarda qiymət artımı müəyyən təsir göstərmiş ola bilər. Bununla yanaşı, göstəricilər istehlakçıların hər bir alış zamanı daha çox vəsait xərclədiyini, bunun isə daha böyük alış səbətləri, daha yüksək istehlak və ya daha bahalı məhsul və xidmətlərə keçidlə bağlı ola biləcəyini göstərir.
Hafiz əlavə edib ki, nisbətən aşağı inflyasiya şəraitində göstəricilər daha çox istehlak fəallığının artması və hər əməliyyata düşən xərclərin yüksəlməsinin birgə təsirinə işarə edir.Sektorlar üzrə göstəricilərə əsasən, ərzaq və içki məhsullarına xərclər həftəlik müqayisədə 22,8 faiz artaraq 2,59 milyard riala çatıb. Restoran və kafelərdə POS əməliyyatlarının həcmi 6,7 faiz artaraq 1,78 milyard riyala yüksəlib.
Geyim, paltar və aksesuarlara xərclər 11,8 faiz artaraq 1,41 milyard riala çatıb. Nəqliyyat xərcləri 9,2 faiz artaraq 1,13 milyard riala, yanacaqdoldurma məntəqələrində əməliyyatların həcmi isə 11,7 faiz artaraq 1,07 milyard riala yüksəlib.Səhiyyə sektorunda əməliyyatların həcmi 12 faiz artaraq 894,24 milyon riala, peşəkar və biznes xidmətlərində isə 9 faiz artaraq 872,81 milyon riala çatıb.
Təhsil xərcləri tədris ilinin başlaması ilə əvvəlki həftə iki dəfədən çox artdıqdan sonra daha 5 faiz yüksələrək 1,1 milyard riala çatıb.Kitab və dəftərxana məhsulları ən yüksək artım qeydə alınan sahələrdən biri olub. Bu kateqoriyada əməliyyatların dəyəri həftəlik müqayisədə 28,7 faiz artaraq 199,74 milyon riala çatıb. Əməliyyatların sayı isə 79,2 faiz yüksəlib.
Telekommunikasiya xidmətlərinə xərclər 26,7 faiz artaraq 208,28 milyon riala, istirahət və mədəniyyət sahəsində xərclər isə 20,4 faiz artaraq 432,83 milyon riala çatıb.Bunun əksinə olaraq, mehmanxana xidmətlərinə xərclər 7,4 faiz azalaraq 282,81 milyon riala, zərgərlik məmulatları üzrə əməliyyatlar isə 8,6 faiz azalaraq 275,62 milyon riala düşüb. Bu iki kateqoriya həftənin ən zəif göstəricilərini nümayiş etdirib.
Coğrafi bölgüyə görə, POS xərclərinin ən böyük hissəsi Ər-Riyadın payına düşüb. Paytaxtda əməliyyatların həcmi 7,2 faiz artaraq 5,5 milyard riala, əməliyyatların sayı isə 7,2 faiz artaraq 83,54 milyona çatıb.Ciddədə əməliyyatların həcmi 17,6 faiz artaraq 2,11 milyard riala, əməliyyatların sayı isə 7,5 faiz artaraq 28,19 milyona yüksəlib.
Dammamda POS əməliyyatlarının həcmi 7,2 faiz artaraq 764,04 milyon riala çatıb. Məkkədə bu göstərici 17,2 faiz artaraq 626,14 milyon riala, Mədinədə isə 19 faiz artaraq 618,07 milyon riala yüksəlib.