ABŞ hərbi yük təyyarəsi Moskvaya endi, missiyası açıqlanmadı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A Globemaster III” tipli yük təyyarəsi avqustun 25-də Rusiyanın paytaxtı Moskvadakı Vnukovo hava limanına enib. “Flightradar24” məlumatına görə, 07-7181 qeydiyyat nömrəli təyyarə səhər saat 08:50-də Latviyanın Riqa hava limanından havaya qalxıb və təxminən 10:04-də Vnukovo yaxınlığında siqnalı itib. Təyyarənin Riqaya isə avqustun 24-də ABŞ-ın Merilend ştatındakı Endryus birgə bazasından gəldiyi bildirilib.
Qəzza ilə bağlı razılaşdırılmış plana sadiqik, İsrail isə hələ razılıq verməyib - HƏMAS
HƏMAS ABŞ-nin vasitəçiliyi ilə hazırlanan Qəzza sülh planına sadiq olduğunu açıqlayıb. Hərəkatın sözçüsü Hazim Qasım İsrailin yol xəritəsinə hələ aydın razılıq vermədiyini bildirib. Onun sözlərinə görə, razılaşmanın icrası üçün müəyyən müddətlər və mərhələlər dəqiqləşdirilməlidir. Plan HƏMAS-ın silahlarını təhvil verməsini də nəzərdə tutur. ABŞ nümayəndəsi Cared Kuşner məsələ ilə bağlı Benyamin Netanyahu ilə görüşüb. İsrail isə HƏMAS tərksilah edilmədən Qəzzadan geri çəkilmək niyyətində olmadığını bildirir. Təl-Əviv həmçinin tərksilah prosesi başa çatmadan Qəzzanın yenidən qurulmasına razılıq verməyəcəyini bəyan edir. Tərəflərin mövqeləri arasındakı fərqlər sülh planının həyata keçirilməsini çətinləşdirən əsas məsələlərdən biri olaraq qalır.
HƏMAS-ın tərksilahı 30 gün ərzində başlaya bilər - Kuşner
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner HƏMAS-ın tərksilahı və Qəzza üzrə sülh planının icrasında irəliləyişin bir ay ərzində başlaya biləcəyini bildirib. Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra HƏMAS-ın bəzi silahlarının təhvil verilməsi və tunellərin sıradan çıxarılması istiqamətində addımların 30 gün ərzində başlaya biləcəyini deyib.
İsrail prezidenti Qəzza planı ilə bağlı səyləri dəstəkləyib
İsrail prezidenti İsxak Hersoq Sülh Şurasının Qəzza ilə bağlı səylərini yüksək qiymətləndirib. Şuranın nümayəndə heyətinə ABŞ-ın xüsusi nümayəndəsi Cared Kuşner rəhbərlik edir. Hersoq Qəzza prosesinin Trampın 20 maddəlik planına uyğun olaraq növbəti mərhələlərə keçirilməsi səylərinə görə minnətdarlığını bildirib. İsrail prezidenti planın əsas elementlərindən birinin İsrailin təhlükəsizlik maraqları olduğunu deyib. O, nümayəndə heyətinin bu istiqamətdəki fəaliyyətini dəstəklədiyinibildirib. Hersoq İsrail və Qəzza xalqları üçün daha təhlükəsiz gələcəyin təmin edilməsinin vacibliyini vurğulayıb. O, bütün bölgənin daha təhlükəsiz gələcəyə ehtiyacı olduğunu qeyd edib. İsrail prezidentinin açıqlaması Qəzza ilə bağlı diplomatik səylərin davam etdiyi bir vaxtda səslənib.
Kuşner və Netanyahu Qəzza ilə bağlı gələcək yol xəritəsi üzrə razılığa gəlib
Cared Kuşner və Benyamin Netanyahu Qəzza münaqişəsi ilə bağlı görüş keçiriblər. Görüşün uzun və ətraflı olduğu bildirilib. “Sülh Şurası”nın rəsmisi görüşün çox məhsuldar keçdiyini açıqlayıb. Tərəflərin Qəzza ilə bağlı bundan sonrakı yol xəritəsi üzrə razılığa gəldiyi bildirilib.Kuşner görüşdən əvvəl Misirdə HƏMAS rəhbərliyi ilə də danışıqlar aparıb.Müzakirələrdə HƏMAS-ın silahsızlaşdırılması və İsrail qüvvələrinin Qəzzadan çıxarılması məsələləri əsas yer tutur. Netanyahu İsrail qüvvələrinin çıxarılmasından əvvəl HƏMAS-ın tamamilə silahsızlaşdırılmasını tələb edir. Razılaşmanın konkret detalları hələ açıqlanmayıb.
Netanyahunun ABŞ planından imtinasından sonra Kuşner İsrailə getdi
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi və kürəkəni Cared Kuşner bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə ABŞ-ın Qəzzada münaqişənin dayandırılması ilə bağlı təşəbbüsü, bölgənin gələcəyi və İsrail ordusunun ərazidən çıxarılması məsələlərinin müzakirə edildiyi bildirilir.
HƏMAS və Misir kəşfiyyat rəhbəri Qəzza planını müzakirə edib
HƏMAS hərəkatının nümayəndə heyəti Qəzza zolağı üçün müharibədən sonrakı planın icrasını irəlilətmək yollarını müzakirə etmək məqsədilə bazar günü Misirin kəşfiyyat rəhbəri Həsən Rəşad ilə görüşüb. HƏMAS lideri Xəlil əl-Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın planının tamamlanmasına sadiqliyini bir daha təsdiqləyib.
Trampın 20 bəndlik planı masada: Kuşner Yaxın Şərqə səfərə hazırlaşır
Daha əvvəl bu səfərin planlaşdırıldığını bildirən "Axios" saytı Kuşnerin gələn həftə Qahirədə Misir, Qətər və Türkiyədən olan vasitəçilərlə görüşmək niyyətində olduğunu da qeyd edib. Adının açıqlanmasını istəməyən mənbə "Reuters" agentliyinə bildirib: "Biz HƏMAS-ın tərksilah edilməsi məqsədində israillilərlə həmrəyik, lakin onlar qanuni narahatlıqlarını ifadə ediblər və biz bu məsələlərin həlli istiqamətində çalışırıq". Mənbə əlavə edib ki, Kuşnerin İsrailə səfərinin əsas hədəfi Trampın 2025-ci ilin sonlarında Qəzza üçün irəli sürdüyü "20 bəndlik plan"ın icrasında irəliləyiş əldə etmək üçün yol tapmaqdır.
Trampın açıqlamasında qeyd etdiyi danışıqlarla bağlı qeyri-müəyyənlik qalır
ABŞ Prezidenti Donald Trampın “danışıqlar” ifadəsi ilə bağlı açıqlaması ABŞ-İran diplomatik prosesinin detalları barədə suallar yaradıb. Tramp tərəflərin danışıqları davam etdirmək barədə razılaşdığını bildirib, lakin konkret hansı danışıqlardan söhbət getdiyini açıqlamayıb. Məlumata görə, bu proses Qətərin vasitəçiliyi ilə İranda aparılan təmaslarla bağlı ola bilər. Qətər vasitəçilərinin ABŞ rəsmiləri ilə, o cümlədən xüsusi nümayəndələrlə əlaqədə olduğu bildirilir. ABŞ administrasiyasının diplomatik səyləri artırdığı və danışıqlar kanalını qorumağa çalışdığı qeyd olunur. Bununla yanaşı, Tramp atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb. Mövcud vəziyyət ABŞ və İran arasında həm hərbi gərginliyin, həm də diplomatik cəhdlərin paralel davam etdiyini göstərir.
Qətər Əmiri ABŞ nümayəndələri ilə İran danışıqlarını müzakirə edib
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner ilə Dohada görüş keçirib. Görüşdə ABŞ ilə İran arasında davam edən danışıqların gedişi müzakirə olunub. Tərəflər diplomatik prosesdə əldə olunan irəliləyiş barədə fikir mübadiləsi aparıblar. Livandakı vəziyyət də görüşün əsas mövzularından biri olub. Görüş iştirakçıları ölkədə atəşkəsin möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Qətər bölgədə vasitəçilik səylərini davam etdirir. Danışıqların nəticələri ilə bağlı əlavə məlumat açıqlanmayıb.
ABŞ nümayəndələri Dohadadır, lakin İran rəsmiləri ilə görüş planlaşdırılmayıb - Qətər
Qətər Xarici İşlər Nazirliyi ABŞ nümayəndələrinin Dohada olduğunu təsdiqləyib. Bildirilib ki, Cared Kuşner və Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa görüş keçirməyəcəklər. Onların yalnız vasitəçilərlə danışıqlar aparacağı qeyd olunub. Görüşlərdə ABŞ-İran danışıqlarının gedişi müzakirə ediləcək. Qətər tərəfi İrana məxsus 6 milyard dollar dondurulmuş vəsaitin hələ də köçürülmədiyini də açıqlayıb. ABŞ və İran nümayəndə heyətlərinin səfərlərinin bir-biri ilə əlaqəli olmadığı bildirilib. Diplomatik təmaslar vasitəçilər üzərindən davam etdirilir.
Ağ Ev Qətərdə ABŞ-İran görüşünü təsdiqlədi
ABŞ ilə İran arasında mümkün danışıqlarla bağlı yeni açıqlamalar diqqət çəkib. Ağ Ev Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin çərşənbə axşamı Qətərdə İran rəsmiləri ilə görüşəcəyini açıqlayıb. Bildirilib ki, Dohada həm yüksək səviyyəli görüşlər, həm də texniki danışıqlar keçiriləcək. Görüşlərin anlaşma memorandumu ilə bağlı müzakirələrə həsr olunacağı qeyd edilib. Bununla yanaşı, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ rəsmiləri ilə planlaşdırılmış görüşün olmadığını bəyan edib. Tərəflərin fərqli açıqlamaları diplomatik proses ətrafında qeyri-müəyyənliyi artırıb. Hazırda beynəlxalq ictimaiyyət Qətərdə mümkün təmasların baş tutub-tutmayacağını diqqətlə izləyir.