Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb
ABŞ-nin ticarət naziri Hovard Latnik “Anthropic” şirkətinin Tramp administrasiyası ilə münasibətlərinin yaxşılaşdığını açıqlayıb. Nazir şirkətin yenidən administrasiyanın etimadını qazandığını bildirib. Tərəflər arasında daha əvvəl süni intellektin hərbi məqsədlərlə istifadəsi ilə bağlı ciddi fikir ayrılığı yaranmışdı. “Anthropic” öz süni intellekt sistemlərinin ölkədaxili müşahidə və insan müdaxiləsi olmadan fəaliyyət göstərən silahlarda istifadəsinə qarşı çıxmışdı. Bundan sonra şirkətin bəzi hərbi müqavilələrdə iştirakı məhdudlaşdırılmışdı. “Anthropic” qərara qarşı məhkəməyə müraciət etmişdi. ABŞ hakimi bir neçə gün əvvəl şirkətin xeyrinə qərar verib. Son açıqlamalar şirkətlə Tramp administrasiyası arasında münasibətlərin yumşaldığını göstərir.
Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb
Sony Music və Warner Music Anthropic şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Şirkətlər Anthropic-in “Claude” süni intellekt modellərini hazırlayarkən müəllif hüquqları ilə qorunan mahnılardan icazəsiz istifadə etdiyini iddia edir. İddiaya görə, yüzlərlə sənətçinin mahnı sözləri və musiqi materialları süni intellekt təlimində istifadə olunub. Sony və Warner Music bu istifadənin müəllif hüquqlarını pozduğunu bildirir. Anthropic isə ittihamları qəbul etmir və süni intellekt təliminin qanuni əsaslara söykəndiyini müdafiə edir. Məhkəmə prosesi texnologiya şirkətləri ilə yaradıcı sənaye arasında artan hüquqi mübahisələrin bir hissəsidir.
Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək
“Anthropic” süni intellekt üçün əlavə hesablama gücü əldə etmək məqsədilə 45 milyard dollarlıq razılaşmaya gedib. Şirkətin hesablama imkanlarını “Nscale”in Qərbi Virciniyadakı məlumat mərkəzindən icarəyə götürəcəyi bildirilir. Razılaşmanın altı il müddətinə nəzərdə tutulduğu və təxminən 460 meqavat gücü əhatə etdiyi qeyd olunur. Bu addım “Antropik”in süni intellekt məhsullarına tələbatın sürətlə artacağı gözləntiləri ilə əlaqələndirilir. Xüsusilə “Klod Kod” proqramlaşdırma vasitəsinə tələbatın yüksələcəyi gözlənilir. Hesablama sistemində yeni nəsil “Vera Rubin” qurğularından istifadə olunacağı bildirilir. “Nscale” Qərbi Virciniyada iri süni intellekt məlumat mərkəzi qurur. Tərəflər yayılan məlumatla bağlı hələlik açıqlama verməyiblər.
Anthropic 30 trilyon dollarlıq bazar hesablamasını nəyə əsaslandırır?
Anthropic ümumi əlçatan bazarının 30 trilyon dollardan çox olduğunu sərmayəçilərə açıqlamağa hazırlaşır. Şirkət hesablamalarında süni intellekt vasitəsilə görülə biləcək işlərin ümumi həcmini nəzərə alır. Göstərici SpeysEks-in 28,5 trilyon dollarlıq hesablamasından yüksəkdir. Böyük bazar imkanları Anthropic şirkətinin yüksək dəyərinin əsaslandırılmasına kömək edə bilər. Bu qiymətləndirmə şirkətin geniş texniki infrastruktura ayırdığı böyük vəsaitlər baxımından da əhəmiyyətlidir. Anthropic eyni zamanda OpenAI və Google ilə rəqabət aparır. Şirkət səhmlərinin ilkin açıq satışına hazırlaşır. Anthropic 2028-ci ildə gəlirinin 190–200 milyard dollara çatacağını gözləyir.
Anthropic 2028-ci ildə 200 milyard dollara yaxın gəlir gözləyir
Anthropic mümkün böyük ilkin kütləvi səhm təklifinə hazırlaşarkən investorlar şirkətin gələcək maliyyə göstəricilərinə xüsusi diqqət yetirirlər. Şirkətin 2028-ci il üçün təxminən 190-200 milyard dollar gəlir proqnozlaşdırdığı bildirilir. Bu rəqəm may ayında açıqlanan 47 milyard dollarlıq illik gəlir tempindən xeyli yüksəkdir. Banklar və investorlar şirkətin gələcək dəyərini gəlir proqnozlarına əsaslanan göstəricilər vasitəsilə hesablayırlar. İki il sonrakı gəlirlərə əsaslanan qiymətləndirmə Anthropic-in sürətli böyüməsini əks etdirir. Bununla yanaşı, şirkətin süni intellekt infrastrukturu üçün böyük vəsait xərcləməsi investorlar üçün əlavə risk yaradır. Süni intellektə qoyulan yüksək sərmayələr son aylarda texnologiya şirkətlərinin səhmlərinə də təzyiq göstərib.
"Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt
Süni intellekt texnologiyalarının analoqsuz bir sürətlə inkişaf etdiyi bir dövrdə "Antropik" (Anthropic) şirkəti yeni "Klod Mitos" (Claude Mythos) modeli ilə qeyri-ənənəvi bir yol seçib. Şirkət böyük modellər üçün vərdiş olunmuş ümumi ictimai təqdimat yerinə, modelin imkanlarının geniş kütlələrə açılacağı təqdirdə "təhlükəli" ola biləcəyini əsas gətirərək onun istifadəsini məhdud tərəfdaşlar dairəsi ilə çərçivələndirmək qərarına gəlib.
Google süni intellekt rəhbərliyində geniş dəyişikliklər edib
Alphabet süni intellekt bölməsində rəhbərlik islahatları həyata keçirib. Demis Hassabis Google DeepMind-ın CEO vəzifəsindən ayrılaraq Alphabet-in baş alimi və DeepMind-ın sədri olub. Dəyişikliklər Google-un Gemini modelinin təqdimatının gecikməsi və OpenAI ilə Anthropic qarşısında rəqabət təzyiqinin artdığı dövrə təsadüf edir. Eyni zamanda, Gemini layihəsinin bir neçə rəhbəri, o cümlədən Jeff Dean şirkətdən ayrılıb.
Anthropic ABŞ hökuməti ilə əlaqələr üçün yeni rəhbər seçib
Anthropic şirkəti Mariano-Florentino Kuelyarı ilk qlobal məsələlər üzrə direktoru təyin edib. O, ABŞ hökuməti və şirkətin fəaliyyət göstərdiyi ölkələrlə əlaqələrin inkişafına rəhbərlik edəcək. Kuelyar daha əvvəl Barak Obama administrasiyasında çalışıb və Anthropic-in Uzunmüddətli Fayda Fondunda təmsil olunub. Şirkət onun dövlət idarəçiliyi və süni intellekt siyasəti sahəsindəki təcrübəsinin qlobal tənzimləmə məsələlərində mühüm rol oynayacağını bildirir. Bu təyinat Tramp administrasiyası ilə süni intellektin tənzimlənməsi ətrafında davam edən müzakirələr fonunda baş verib.
Volta Infra 2,4 milyard dollar dəyərində qiymətləndirilib
Süni intellekt infrastrukturu şirkəti Volta Infra 2,4 milyard dollar dəyərində qiymətləndirilib və Avropada bulud hesablama xidmətləri üzrə 10 milyard dollarlıq tərəfdaşlıq razılaşması əldə etdiyini açıqlayıb. Bloomberg bu müqavilənin Anthropic ilə bağlandığını yazsa da, Reuters bunu təsdiqləyə bilməyib. Şirkət həmçinin Azora ilə birlikdə 5 milyard dollarlıq AI infrastrukturu proqramına başlayıb. Volta Norveçdə Nvidia Vera Rubin çipləri ilə işləyəcək yeni məlumat mərkəzi layihəsini də təqdim edib.
Trampın müşavirləri OpenAI və Google nümayəndələri ilə görüşəcək
Ağ Evdə Meta, Anthropic, Google və OpenAI nümayəndələrinin iştirakı ilə qabaqcıl süni intellekt modellərinin təhlükəsizliyi müzakirə olunacaq. Görüşün əsas mövzusu bu modellərin kiberhücum imkanlarının hökumət tərəfindən könüllü əsasda sınaqdan keçirilməsidir. OpenAI və Anthropic-in son təhlükəsizlik insidentləri ABŞ-da narahatlıqları artırıb. Beş demokrat senator isə bu testlərin qanunla məcburi hala gətirilməsinə çağırış edib. Onlar ABŞ-nin Çinlə texnoloji rəqabətdə balanslı tənzimləmə siyasəti yürütməsinin vacibliyini vurğulayıblar.
Böyük Britaniya OpenAI və Anthropic ilə bağlı araşdırmaları izləyir
Böyük Britaniyanın İnformasiya Komissarlığı İdarəsi OpenAI və Anthropic ilə bağlı son kibertəhlükəsizlik insidentlərini izlədiyini açıqlayıb. Qurum süni intellekt hazırlayan şirkətlərlə mütəmadi nəzarət əməkdaşlığı apardığını bildirib. ABŞ-da könüllü kibertəhlükəsizlik sınaqları yekunlaşdırılıb, Avropa İttifaqında isə tənzimləyicilər şirkətlərlə danışıqları davam etdirirlər. Anthropic ötən həftə Claude modellərinin sınaqlar zamanı üç şirkətin sisteminə daxil olduğunu açıqlamışdı. OpenAI isə daha əvvəl süni intellekt agentlərindən birinin gözlənilməz davranış göstərdiyini bildirmişdi. Böyük Britaniya hökuməti zərurət yaranacağı təqdirdə daha sərt tənzimləmə tətbiq edə biləcəyini istisna etmir.
Anthropic-in süni intellekt modeli hansı sistemlərə daxil olub?
Anthropic təhlükəsizlik sınaqları zamanı Claude süni intellekt modellərinin üç şirkətin sistemlərinə daxil olduğunu açıqlayıb. Bu hadisə OpenAI-nin ötən həftə oxşar təhlükəsizlik insidenti barədə məlumat verməsindən sonra baş verib. OpenAI-nin süni intellekt agentinin Hugging Face şirkətinin infrastrukturuna nüfuz etdiyi bildirilmişdi. Mütəxəssislər bu hadisələrin süni intellektin kibertəhlükəsizlik imkanlarının artdığını göstərdiyini qeyd edirlər. ABŞ-da süni intellekt təhlükəsizliyi ilə bağlı yeni tənzimləmə tədbirlərinin gücləndiriləcəyi gözlənilir. Son insidentlər bu texnologiyaların yaratdığı riskləri yenidən gündəmə gətirib. Təhlükəsizlik sahəsində nəzarətin gücləndirilməsinin vacibliyi vurğulanır.